SAHİBKARLIĞA VƏ BAZAR İQTİSADİYYATININ İNKİŞAFINA YARDIM FONDU

  
Bu gün: 13 Dekabr 2018, Cümə axşamı
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yanında İctimai Şura yaradılıb (FOTO)

Bakı. Trend:

29.11.2018.Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şura yaradılıb.

Trend-in məlumatına görə, İctimai Şurada 15 qeyri-hökumət təşkilatı və sıralarında yüzlərlə sahibkarı birləşdirən assosiasiyalar təmsil olunur.

Məqsəd agentlikdə ictimai iştirakçılığın gücləndirilməsi, kiçik və orta biznesin inkişafı ilə bağlı görülən tədbirlər və KOBİA-nın fəaliyyəti üzərində ictimai nəzarətin təmin olunması, agentlik ilə ictimaiyyət, o cümlədən biznes ictimaiyyəti arasında qarşılıqlı əlaqələrin genişləndirilməsidir.

Bu gün sahibkarların, vətəndaş cəmyyəti institutlarının və media nümayəndələrinin iştirakı ilə agentlik yanında İctimai Şuranın yaradılmasına dair tədbir keçirilib. KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov deyib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış KOBİA, qarşısında qoyulmuş vəzifələrin yerinə yetirilməsi məqsədi ilə bir sıra strateji təşəbbüslər reallaşdırmaqdadır. Bu təşəbbüslərin həyata keçirilməsi zamanı vətəndaş cəmiyyəti institutları ilə sıx əlaqələrin qurulması fəaliyyətimizin başlıca istiqamətlərindəndir. Qeyd olunub ki, fəaliyyətə başlamasından az müddət keçməsinə baxmayaraq, agentlik yanında İctimai Şuranın yaradılması cəmiyyət – sahibkar – dövlət orqanları arasında sağlam münasibətlərin qurulmasına verilən önəmin göstəricisidir. KOBİA fəaliyyətinə ictimai nəzarətin təmin olunması, qurumun fəaliyyəti barədə işgüzar dairələrin məlumatlandırılması, agentliyin fəaliyyət istiqamətləri üzrə ictimai fikrin öyrənilməsində xüsusilə maraqlıdır.