SAHİBKARLIĞA VƏ BAZAR İQTİSADİYYATININ İNKİŞAFINA YARDIM FONDU

  
Bu gün: 15 Noyabr 2019, Cümə
Layihələrimiz
Rasim HƏSƏNOV

Rasim Həsənov Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyat və idarəetmə kafedrasının professorudur.

O, Azərbaycan Dövlət Neft və Kimya İnstitutunu bitirmiş, 1985-ci ildə elmlər namizədi, 2003-cü ildə isə iqtisad elmləri doktoru dərəcələrini almışdır. 2009-cu ildə  Azərbaycan Mühəndislik Akademiyasının müxbir üzvü seçilmiş, 2010-cu ildə Ali Attestasiya Komissiyası tərəfindən professor elmi dərəcəsi verilmişdir. Azərbaycan Respublikasının əməkdar müəllimi adı ilə təltif olunmuşdur (2011).

Rasim Həsənov əmək fəaliyyətinə Azərbaycan SSR Elmlər Akademiyasının Kibernetika İnstitutunda elmi işçi kimi başlamış, daha sonra Dövlət Plan Komitəsinin elmi katib və şöbə müdiri kimi çalışmışdır. 1994-cü ildən 2002-ci ilə qədər İqtisadi İslahatlar Mərkəzinin direktor müavini və direktoru vəzifələrini daşımışdır. 2002-2008-ci illərdə Azərbaycan Respublikası Hesablama Palatasında şöbə müdiri və aparatın rəhbəri vəzifələrində çalışmışdır. 2009-2015-ci illərdə isə Azərbaycan Dövlət İQtisadi Universiteti yanında İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun direktoru olmuşdur.

1985-ci ildən hazırkı vaxtadək müxtəlif universitetlərdə pedaqoji fəaliyyətlə məşğuldur.

Əsas elmi fəaliyyət istiqamətlərini milli iqtisadi siyasətin formalaşdırılması, həmçinin makroiqtisadi tənzimləmə və dövlətin iqtisadi idarəetmə sisteminin təkmilləşdirilməsi, sosial və regional inkişafın sürətləndirilməsi, funksional, sahəvi və regional sosial iqtisadi inkişaf konsepsiya və proqramlarının hazırlanması, dövlət iqtisadi idarəetmə mexanizminin fəaliyyəti, dövlət vəsaitlərindən istifadənin səmərəliliyi və nəticəliliyinin yüksəldilməsi, Azərbaycan iqtisadiyyatının dünya təsərrüfat sisteminə inteqrasiyası və geoiqtisadi əlaqələrin inkişafı, və s kimi aktual tətbiqi iqtisadi problemlər və məsələlər təşkil edir.

Rasim Həsənov indiyədək çoxsaylı yerli və xarici tədqiqat layihələrində iştirak etmişdir. 60-I xaricdə olmaqla 200-dən artıq məqalənin, 3 monoqrafiyanın müəllifi, 5 kollektiv monqrafiyanın isə həmmüəllifidir.

1999-2003-cü illərdə İqtisadi Əməkdaşlıq Təşkilatında (ЕСО) İqtisadi tədqiqatlar üzrə Azərbaycanın Milli koordinatoru, Azərbaycan Respublikası Dövlət Elm və Texnika Komitəsi yanında “İqtisadiyyat” problem Şurasının Sədr müavıni olmuşdur. 1989-cu ildən müxtəlif elmi təşkilatlarda Dissertasiya Şuralarının üzvü, 2010-2014-cü illərdə ADİU yanında D.052.02 doktorluq dissertasiya Şurasının Sədri olmuşdur. 2016-cı ildən Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasının yanında İqtisad elmləri üzrə Ekspert Şurası üzvüdür.