SAHİBKARLIĞA VƏ BAZAR İQTİSADİYYATININ İNKİŞAFINA YARDIM FONDU

  
Bu gün: 15 Avqust 2018, Çərşənbə
Tədbirlər 2015 Tədbirlər 2015
"Sahibkarlar arasında mübahisələrin alternativ həlli üsulları: "Mediasiya haqqında" Qanun layihəsi mövzusunda Dəyirmi Masa"

17.09.2015. Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun (SBİİYF) ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə həyata keçirdiyi "Azərbaycanda kiçik sahibkarlığın inkişafına dəstək" layihəsi çərçivəsində Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu (SBİİYF), İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi ilə birgə, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının konfrans zalında "Sahibkarlar arasında mübahisələrin alternativ həlli üsulları: "Mediasiya haqqında" Qanun layihəsi mövzusunda Dəyirmi Masa keçirib. Dəyirmi Masada hüquqşünaslar, sahibkarlar, müxtəlif şirkətlərin və ictimai birliklərin nümayəndələri və ekspertlər iştirak ediblər.

Dəyirmi Masanı giriş nitqi ilə SBİİYF sədri Sabit Bağırov açdı. Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının baş katibi Günay Cəfərli tədbir iştirakçılarını salamladıqdan sonra, İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Abil Bayramov "Mediasiya haqqında" Qanun layihəsini dəyirmi masa iştirakçılarına təqdim etdi.

Abil Bayramov dünya təcrübəsində mübahisələrin həllində mediasiyanın geniş tətbiq olunduğunu qeyd etdi. O, mediasiyanın tətbiq dairəsi, mediasiya tərəflərinin hüquq və vəzifələri, mediator fəaliyyətinin təşkili qaydası, Mediasiya üzrə Şuranın təşkili, mediasiyanın keçirilmə şərtləri barədə tədbir iştirakçılarını məlumatlandırdı. Təqdimat iştirakçıların marağına və geniş müzakirəsinə səbəb oldu.

Dəyirmi Masanın ikinci hissəsində Azərbaycan Turizm və Menecment Universitetinin Menecment kafedrasının müdiri, fəlsəfə doktoru, İsrail İsgəndərov "Korporativ sosial məsuliyyət" adlı dərs vəsaitini təqdim etdi.

İsrail İsgəndərov qeyd etdi ki, qloballaşan dünyada biznes daha çevik və dəyişkəndir. O bildirdi ki, müasir biznes artıq ictimailəşib və biznes icma ilə yaxşı münasibətlər qurmadan davamlı inkişafa nail ola bilmir. Bu şəraitdə, Korporativ Sosial Məsuliyyət amili önə çıxır.

Sonda dəyirmi masa iştirakçılarının məruzəçilərə ünvanladığı suallar cavablandırıldı.

Gündəlik

Təqdimat: "Mediasiya haqqında qanun" (Məruzəçi: Abil Bayramov)

"Mediasiya haqqında" Qanun layihəsi (Müəllif: Abil Bayramov)

İştirakçılar

Fotoqalereya