SAHİBKARLIĞA VƏ BAZAR İQTİSADİYYATININ İNKİŞAFINA YARDIM FONDU

  
Bu gün: 13 Dekabr 2017, Çərşənbə
Bakı, 18 aprel 2017. Qadın Sahibkarlığının və Qadın Biznes Assosiasiyalarının İnkişafı mövzusunda seminar keçirilib

Bakı, Park İnn oteli, 18 aprel 2017-ci il - Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun təşkilatçılığı ilə, Qadın Sahibkarlığının və Qadın Biznes Assosiasiyalarının İnkişafı mövzusunda seminar keçirilmişdir. Seminarda Bakıdan və regionlardan gəlmiş sahibkar qadınlar, qadın biznes assosiasiyalarının rəhbərləri, nazirliklərin nümayəndələri və ekspertlər iştirak etmişlər.

Seminarı giriş nitqi ilə Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun rəhbəri Sabit Bağırov açdı, Azərbaycan üçün qadın sahibkarlığının inkişafının vacibliyinə dair nitq söylədi.

Sonra, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin, İdarəetmə və İqtisadi Dayanıqlıq Ofisinin direktoru Cənab Randall Olson çıxış etdi. O, qadın sahibkarlığının ölkə iqtisadiyyatındakı mühüm rolunu vurğuladı.

Seminarın 1-ci sessiyasında, sabiq BMT Regional Müşaviri, ERENET-in ekspertlər şəbəkəsinin elmi direktoru məruzəçi Dr. Antal Sabo, Avropa ölkələrinin ailə-qadın biznesinin inkişafına dair dövlət siyasəti təqdimatla çıxış etdi. O, 1995-ci ildə Pekində keçirilən BMT-nin qadınlar üzrə 4-cü konfransında qəbul edilən Pekin Fəaliyyət Platforması və strateji məqsədləri barədə məlumat verdi. Cənab Sabo, çıxışında Qadın sahibkarlığı ilə bağlı nəticələrə toxundu və qeyd etdi ki, qadınlar qlobal işçi qüvvəsinin 40%-ə qədərini təşkil edir. Sonra o, təqdimatında, Avropada Sahibkarlıq Təşəbbüsü və Qadın Sahibkarlıq İndeksi barədə də məlumat verdi. Məruzəçi, qadın sahibkarlığı sahəsində dünya təcrübəsindən danışararaq qadın sahibkarlığı üçün ən yaxşı ölkələrə sadaladı, burada, ilk 3-lükdə ABŞ, Avstraliya və Birləşmiş Krallıq qərarlaşır.

Seminarın 2-ci sessiyasında, Dr. Antal Sabo, qadın biznesinə Avropa Birliyinin dəstək proqramları və direktivləri haqqında məruzə etdi. Məruzəçi, çıxışında Avstriya, Bolqarıstan, Finlandiya, Almaniya kimi Avropa ölkələrinin qadın sahibkarlığı sahəsindəki təcrübəsindən danışdı. Sonra o, Kanvas Biznes Modeli, Qadın Sahibkarlığının Təşviq Edilməsi üçün Avropa Şəbəkəsi, Qadin Sahibkarlığı səfirlərinin Avropa Şəbəkəsi haqqında məlumat verdi. Daha sonra, Dr. Antal Sabo, Azərbaycandan və dünyadan sahibkar qadınların uğur hekayələrindən danışdı. O bildirdi ki, dünyada, həm ailə həyatını həm biznesi eyni zamanda idarə etməyi bacaran sahibkar qadınlar mövcuddur.

Nahar fasiləsindən sonra, məruzəçi Şiaulyay Ticarət, Sənaye və Sənət Palatasından xanım Daiva Yonuşkiene Baltik ölkələrində qadın biznes assosiasiyalarının yaradılması və fəaliyyəti təcrübələri mövzusunda məruzə etdi. Məruzəçinin təqdimatı daha çox interaktiv xarakter daşıyırdı və sahibkar qadınlarla müzakirələr fonunda keçirilirdi. Xanım Daiva, çıxışında Avropa İqtisadi və Sosial Komitəsinin mövqeyi, qadın sahibkarlığı sahəsindəki kvotalardan, qadın sahibkarlığı sahəsindəki dünya təcrübəsindən danışdı. Litva təcrübəsindən danışan xanım Daiva, bildirdi ki, Litvada İdarə Heyətlərində qadınlar 39 %-lə təmsil olunmaqdadır. O bildirdi ki, qadın sahibkarlığı sahəsində uğurlu nəticələr əldə edilməsi üçün hökumət və özəl sektor əməkdaşlığı çox vacibdir və hökumət bu sahədə mövcud bütün institutları istifadə etməlidir.

Təqdimatının ikinci hissəsində, xanım Daiva, qadın şəbəkələrinin inkişafı barədə məruzə etdi və Litva Sahibkar Qadınlar Şəbəkəsinin yaradılması təcrübəsi barədə məlumat verdi və qadın sahibkarlığı sahəsində şəbəkələşmənin əhəmiyyətindən danışdı.

Gündəlik

İştirakçılar

Məruzə: Avropa Komissiyası tərəfindən qadın sahibkarlığının təşviq edilməsi. Məruzəçi: Dr. Antal Sabo, sabiq BMT Regional Müşaviri, ERENET (Entrepreneurship Research and Education Network of Central European Universities) ekspertlər şəbəkəsinin elmi direktoru

Məruzə: Seçilmiş Avropa ölkələrində qadın sahibkarlığının təşviqi. Dr. Antal Sabo, sabiq BMT Regional Müşaviri, ERENET (Entrepreneurship Research and Education Network of Central European Universities) ekspertlər şəbəkəsinin elmi direktoru

Məruzə: Avropadan mükəmməl sahibkar qadın portretləri. Dr. Antal Sabo, sabiq BMT Regional Müşaviri, ERENET (Entrepreneurship Research and Education Network of Central European Universities) ekspertlər şəbəkəsinin elmi direktoru

Məruzə: Qadın sahibkarlığına instutsional dəstək. Xanım Daiva Jonuskiene, Siauliai Ticarət Palatası, Sənaye və Sənət

Fotoqalereya