SAHİBKARLIĞA VƏ BAZAR İQTİSADİYYATININ İNKİŞAFINA YARDIM FONDU

  
Bu gün: 13 Dekabr 2017, Çərşənbə
06.04.2016.İqtisadiyyat Nazirliyinin məsul şəxsləri ilə Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası yanında

06 Aprel 2016-cı il tarixində, Bakıda, Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin məsul şəxsləri ilə Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası yanında "İqtisadi İnkişaf" Ekspert Şurası üzvlərinin görüşü keçirilmişdir.

Görüşdə İqtisadiyyat Nazirliyi Nazir müavinləri və şöbə rəhbərləri, "İqtisadi İnkişaf" Ekspert Şurası isə üzvləri qismində təmsil olunmuşdular.

Görüşdə məqsəd, ölkədə gedən islahatlara dəstək olaraq vətəndaş cəmiyyətinin bu işlərdə aktiv iştirakını təmin etmək, ölkə iqtisadiyyatında mövcud problemləri müzakirə edib, onların həllinə necə töhfə verilə biləcəyi barədə fikir mübadiləsi aparmaq və vətəndaş cəmiyyəti ilə İqtisadiyyat Nazirliyinin gələcək əməkdaşlıq perspektivlərini nəzərdən keçirmək olmuşdur.

Tədbiri giriş nitqi ilə açan İqtisadiyyat Nazirinin müavini Niyazi Səfərov, Nazirliyin vətəndaş cəmiyyəti ilə əməkdaşlıqda maraqlı olduğunu, vətəndaş cəmiyyətinin cəmiyyətimizin çox önəmli bir hissəsi olduğunu vurğuladı. Sonra, o görüşün qarşılıqlı müzakirələr şəraitində keçəcəyini qeyd etdi.

Nazir müavininin qısa nitqindən sonra "İqtisadi İnkişaf" Ekspert Şurasının koordinatoru Sabit Bağırov görüşə razılıq verdiyi üçün İqtisadiyyat Nazirliyinin rəhbərliyinə Şura adından təşəkkürünü bildirdi. Daha sonra S.Bağırov "İqtisadi İnkişaf" Ekspert Şurasının üzvlərini görüş iştirakçılarına təqdim etdi və onların hər birinin vətəndaş cəmiyyəti institutlarının rəhbərləri olduğunu vurğuladı.

Sonra Sabit Bağırov Şura tərəfindən ölkə iqtisadiyyatının inkişafına yönəlik hazırlanmış təkliflər paketini görüş iştirakçılarının nəzərinə çatdırdı. O bildirdi ki, bu təkliflər Azərbaycan iqtisadiyyatındakı bəzi problemlərin aradan qaldırılmasına yönəlib.

Müzakirələr ekspertlərin və Nazirlik nümayəndələrinin çıxışları ilə davam etdirildi. Keçmiş Maliyyə Naziri, Ekonomiks İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Fikrət Yusifov çıxışını ölkə iqtisadiyyatının problemlərinə və onların həlli yollarına həsr etdi. Fikrət Yusifov bildirdi ki, hal-hazırda ölkə iqtisadiyyatında ən böyük problemlər kreditlər və onların qaytarılması ilə bağlıdır. O bildirdi ki, bu məsələ əhalinin böyük bir kəsimini narahat edir. Fikrət Yusifovun sözlərinə görə manatın devalvasiyalarından sonra xarici valyutada kredit götürmüş əhalinin az olmayan qismi bu kreditlərin qaytarılmasında böyük çətinliklərlə üzləşir. Onun sözlərinə görə, artıq məsələ hüquqi müstəviyə keçməkdədir, vətəndaşlar və banklar qarşılıqlı surətdə bir-birini məhkəməyə verirlər.

Sonra, tədbiri Azad İstehlakçıların Birliyinin sədri Eyyub Hüseynov öz çıxışı ilə davam etdirdi. Eyyub Hüseynov, nitqini daha çox istehlakçıların problemləri üzərində qurdu və qeyd etdi ki, ölkədə istehlakçı siyasətinin formalaşdırılmasına ehtiyac duyulur.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov da öz çıxışında iqtisadiyyatda mövcud olan problemlərə toxundu. O bildirdi ki, xüsusən unun idxalı, çörək və dükanlar sahəsində bir sıra problemlər mövcuddur. "Real sektora yönəlik manat kütləsi artırılmalıdır, bu iqtisadi proseslərin sürətlənməsi üçün vacibdir" – deyə Vüqar Zeynalov bildirdi. Vüqar Zeynalov lisenziyaların alınmasının asanlaşdırılmasından sahibkarların çox məmnun olduğunu da görüş iştirakçılarının nəzərinə çatdırdı.

Görüşdə həmçinin sahibkarlıq fəaliyyətinə başlamaq istəyənlər üçün ilkin biznes təhsilinin vacibliyi və bu sahədə beynəlxalq təcrübə də vurğulandı.

Daha sonra İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədri Azər Mehtiyev çıxış etdi. O öz çıxışında ixrac, turizm sahəsində olan problemlərə toxundu. Azər Mehtiyev, ölkə iqtisadiyyatının inkişaf istiqamətləri üçün konkret strateji hədəflərin olmasının vacibliyini qeyd etdi.

Vətəndaş cəmiyyətinin digər təmsilçiləri olan Sevgim Rəhmanov, Ruslan Atakişiyev, Dilarə Vəliyeva, Abil Bayramov da müxtəlif məsələlərə dair çıxışlar etdilər.

İqtisadiyyat Nazirliyinin nümayəndələri son dövrlərdə Nazirlik tərəfindən görülmüş işlərdən danışdılar. Qeyd edildi ki, lisenziyaların verilməsi asanlaşdırılıb və tezləşdirilib, bu sahədə böyük nailiyyətlər əldə edilib. Həmçinin vurğulandı ki, Xaçmazda İqtisadiyyat Nazirliyinin Regional İnkişaf Mərkəzinin nəzdində Biznes İnkubator Mərkəzi yaradılmış, texniki avadanlıqlarla təchiz edilmiş və sahibkarlıqla məşğul olmaq istəyən gənclərin ixtiyarına verilmişdir. Mərkəzdə bizneslə məşğul olmaq istəyən gənclərə təlimlər və ən yaxşı biznes ideyaların qəbulu üçün müsabiqə keçirilmişdir. Belə bir mərkəz yaxında Yevlaxda da açılacaq. Nazirlik həmçinin Almaniya ilə birgə proqram həyata keçirir və proqram çərçivəsində gənclər Almaniyada idarəetmə üzrə kurslar keçmək şansı əldə edirlər.

İqtisadiyyat Nazirliyinin nümayəndəsi həmçinin qeyd etdi ki, Nazirliyin nəzdində İctimai Şuranın yaradılması nəzərdə tutulur və artıq vətəndaş cəmiyyəti institutları tərəfindən Şuraya üzvlük üçün müraciətlər olunmuşdur.

Tacirlər və İstehsalçılar Birliyinin sədri Sevgim Rəhmanov da öz çıxışında bu görüşlərin mütəmadi xarakter daşımasının vacibliyini vurğuladı.

Görüşün sonunda həm İqtisadiyyat Nazirliyinin təmsilçiləri həm də "İqtisadi İnkişaf" Ekspert Şurasının üzvləri tərəfindən belə görüşlərin davamlı olmasının vacibliyi xüsusilə vurğulandı və daha sonrakı görüşlərin formatı və zamanı barədə müzakirələrin aparılacağı qeyd edildi.