SAHİBKARLIĞA VƏ BAZAR İQTİSADİYYATININ İNKİŞAFINA YARDIM FONDU

  
Bu gün: 13 Dekabr 2017, Çərşənbə
14.06.2016."Ölkədə investisiya mühiti: irəliləyişlər və problemlər" mövzusunda dəyirmi masa

2016-cı il iyunun 14-də İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi və  Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu (SBİİYF) ABŞ BİA-nın maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda kiçik sahibkarlığın inkişafına dəstək” layihəsi çərçivəsində“Ölkədə investisiya mühiti: irəliləyişlər və problemlər” mövzusunda dəyirmi masa müzakirələri təşkil edib. Müzakirədə dövlət qurumlarının, sahibkarlar, müstəqil ekspertlər və yerli QHT-lərin təmsilçiləri iştirak edirdi.

Tədbiri giriş sözü ilə açan və tədbir iştirakçılarını salamlayan Sahibkarlığa və Bazar İqtisasiyyatının İnkişafına Yardım Fondunun rəhbəri Sabit Bağırov “Kiçik sahibkarlığın inkişafına dəstək” layihəsi haqqında və bu layihənin icra edildiyi 4 il ərzində həyata keçirilən tədbirlər və araşdırmalar barədə qısa məlumat verdi. Daha sonra o bildirdi ki, son 2 il ərzində ölkənin neft gəlirlərinin azalması ilə əlaqədar olaraq ölkədə qeyri-neft sektorunun inkişafı, bu sahələrə investisiyaların cəlb edilməsi məsələləri xüsusilə aktuallaşıb. Son 1 ildə ölkədə sahibkarlıq və investisiya  mühitinin mülayimləşdirilməsi sahəsində bir sıra addımlar atılmışdır. Atılan addımların ölkənin investisiya cəlbediciliyinin artırılması və investisiya fəallığının yüksəldilməsi baxımından nə dərəcə yetərli araşdırılmalı, xüsusilə kiçik və orta sahibkarlığın inkişafı üçün daha hansı tədbirlərə zərurət olmasını ortaya qoymaq üçün belə müzakirələr çox əhəmiyyətlidir.

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədri Azər Mehtiyev dəyirmi masa mövzusunda təqdimatla çıxış etdi. Oçıxışında bildirdi ki, investisiya mühiti dedikdə hər-hansı bir ölkədə (ərazidə) şirkətlərə və iş adamlarına məhsuldar investisiyaları həyata keçirmək, yeni iş yerləri yaratmaq və öz fəaliyyətlərini genişləndirmək üçün imkanlar yaradan və onları belə fəaliyyətə stimullaşdıran amillərin məcmusu başa düşülür. Bu mühit yerli və xarici investisiyaların cəlbediciliyi baxımından qiymətləndirilir.  İnvestisiya mühiti ölkə iqtisadiyyatının ümumi vəziyyəti ilə bağlı (makromühit) amillər və sahə amilləri üzrə öyrənilə bilər.

A. Mehtiyev vurğuladı ki, ölkənin neft gəlirlərinin azalması ilə bağlı olaraq 2015-ci ilin ortalarından başlayaraq ölkədə sahibkarlıq mühitinin yaxşılaşdırılması və investisiya fəaliyyətinin stimullaşdırılması istiqamətində müəyyən tədbirlər həyata keçirilib. Bu tədbirlər əsasən lisenziya və icazələrin sayının azaldılması (lisenziya tələb olunan fəaliyyət növlərinin sayı 59-dan 37-yə endirilib), lisenziya və icazələrin verilməsinin sadələşdirilməsi (37 lisenziyadan 33-ü İqtisadiyyat nazirliyi tərəfindən "ASAN xidmət" mərkəzləri vasitəsilə verilir, lisenziyalar müddətsiz olub, lisenziyalara görə ödənilən dövlət rüsumunun məbləğləri təxminən 2 dəfə, regionlar üzrə 4 dəfə azaldılıb, lisenziyaların verilməsi müddəti 15 gündən 10 iş gününə endirilib), sahibkarlıq qurumlarında yoxlamaların azaldılması (2015-ci il noyabrın 1-dən etibarən ölkədə sahibkarlıq sahəsində aparılan yoxlamalar  (vergi yoxlamaları və insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar istisna olmaqla)  2 il müddətinə dayandırılıb), ölkənin bütün ərazisində sərmayə qoyuluşlarının stimullaşdırılması üçün “İnvestisiya təşviqi sənədi”nin tətbiqi (həmin sənəd sahibkarlara vergi və gömrük ödənişlərində güzəştlər əldə etməyə əsas verir), habelə qeyri-neft ixracının təçviq olunması (qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə ixrac gömrük bəyannaməsində nəzərdə tutulan dəyərin 3% baza olmaqla (məhsulların növündən asılı olaraq ixrac təşviqinin baza məbləğinə əmsallar tətbiq edilməklə) ixrac təşviqi ödənilir) kimi məsələləri əhatə edir. Bundan əlavə  gömrük rəsmiləşdirilməsi zamanı tələb olunan sənədlərin və prosedurların sayının minimuma endirilməsi, gömrük orqanlarına əvvəlcədən elektron formada qısa idxal bəyannaməsini təqdim etmək yolu ilə malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün "Yaşıl dəhliz" və beynəlxalq təcrübədə mövcud olan digər buraxılış sisteminin yaradılması həyata keçirilir.

Çıxışda qeyd olundu ki, əhalinin bank sisteminə inamının artırılması və bankların əmanət cəlb etməsi imkanlarının artırılması üçün fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri (habelə emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividend, diskont və faiz gəlirləri) 3 il müddətində vergidən azad olunub, habelə Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq 3 il müddətində tam sığortalanması qərara alınıb.

Məruzəçi qeyd etdi ki, Dövlət Statistika Komitəsinin (DSK) məlumatlarına əsasən 2000-2015-ci illər ərzində ölkə iqtisadiyyatında əsas kapitala yönəldilən investisiyanın ümumi məbləği təqribən 140 milyard AZN olub ki, bunun da təqribən 53 milyard manatı hasilat sənayesinə, 22 milyard manatı nəqliyyat infrastrukturuna sərf olunub. Bu dövr ərzində emal sənayesi sahələrinə yönəldilən investisiyanın məbləği cəmi 5.8 milyard manat yaxud ümumi kapital qoyuluşunun 4 faizi qədər olub.  DSK-nın məlumatlarına əsasən bu dövrdə əsas kapitala yönəldilən investisiyanın təqribən 68 milyard manatı (yaxud 48.6 faizi) dövlət büdcəsinə və dövlət mülkiyyətində olan müəssisələrə məxsus olub.

Daha sonra ölkədə investisiya mühitinin makroiqtisadi amillərindən danışan A. Mehtiyev vurğulası ki, “2015-ci ildə neft gəlirləırinin kəskin azalması nəticəsində manatın 2 dəfəyədək dəyərsizləşməsi ölkənin bank sektorunda gərginlik yaradıb, əhalinin milli valyutaya inamı sarsılıb, bank sektorunda dollarlaşma səviyyəsi kəskin artıb, pul-kredit siyasətində qeyri-müəyyənlik artıb, problemli kreditlərin payı 7 faizi ötüb, valyuta məhdudiyyətləri qoyulub, bu ilin ilk 4 ayı ərzində iqtisadiyyata kredit qoyuluşlarının məbləği təqribən 3.0 milyard manat (15 faiz), əhalinin bank əmanətlərinin məbləği isə 1.8 milyard manat (19 faiz) azalıb. Dövlət büdcəsinin xərcləri ciddi azalmaya məruz qalıb. Büdcə xərclərində ən çox azalma investisiya xərclərində müşahidə olunub: 2014-cü illə müqayisədə 2015-ci ildə dövlər büdcəsinin investisiya xərcləri ABŞ dolları ifadəsində 2 dəfə, 2016-cı ilin büdcəsində isə təqribən 3 dəfədən çox azalıb. Nəzərə alınsa ki, son illər ölkə iqtisadiyyatında investisiya fəallığının yüksəlməsi əsasən məhz dövlət büdcəsinin investisiya qoyuluşları ilə əlaqədar idi, onda bu xərclərin belə azalması ölkədə iqtisadi fəallığın səviyyəsinə ciddi təsir göstərəcək”.

Ölkədə fəaliyyət göstərən investisiya institutlarının fəaliyyətini araşdıran məruzəçi qeyd etdi ki, bu institutların işinin təkmilləşdirilməsi və yeni investisiya institutlarının yaradılması (kiçik və orta biznes kreditlərinin sığortası, ixrac sığortası və s.) zəruridir.

Daha sonra A. Mehtiyev Dünya Bankının “Biznesə başlama” indeksi barədə danışdı və qeyd etdi ki, ölkənin biznes və investisiya mühiti ilə bağlı problemləri illərdir ki, həmin indeks ortaya qoyur və hökumət həmin problemlərin həlli istiqamətində ciddi çalışmalıdır.

Sonda məruzəçi ölkədə biznes mühitinin yaxşılaşdırılması üçün 3 istiqamətdə tövsiyələr təklif etdi. A. Mehtiyevin fikrincə, ölkədə təxirə salınmadan aşağıda sadalanan  institutsional islahatların reallaşdırılması zəruridir:

1.        Mülkiyyət hüquqlarının spesifikasiyası və qorunması sisteminin qurulması;

2.        Məhkəmə sisteminin müstəqilliyinin təmin edilməsi (məhkəmələr siyasi hakimiyyətin təsir dairəsindən çıxarılmalıdır);

3.        Qanun qarşısında hər kəsin bərabərliyinin və ləyaqət müstəvisində bərabərliyin təmin edilməsi (hakim elitanın davranışlarının keyfiyyətcə dəyişməsi); 

4.        İdarəetmə institutlarının keyfiyyətcə dəyişməsi (real hakimiyyət bölgüsü) və əksmərkəzləşmə islahatları;

5.        Məmur sahibkarlığının aradan qaldırılması və gəlir bəyannaməsinin tətbiqi

6.        Təşkilatların (xüsusilə siyasi və dövlət qurumlarının) fərdisizləşdirilməsi (şəxssizləşdirilməsi), yəni varislik islahatı; 

7.        Hökumətin «baxış məsafəsi»nin böyüdülməsi – strateji planlaşdırmanın tətbiqi; 

8.        Müflisləşmə və iflas institutunun hərəkətə gətirilməsi və s.  

Məruzəçi qeyd etdi ki, yuxarıdakı islahatlardan əlavə ölkə iqtisadiyyatının inhisarsızlaşdırılması və haqlı rəqabətin inkişafı , habelə iqtisadiyyatın dövlətsizləşdirilməsi və özəlləşdirmənin aparılması, iqtisadiyyatın debürokratikləşdirilməsi (dövlət şirkətlərinin, dövlət təhsil müəssisələrinin və s. bürokratların  yox, menecerlərin idarəsinə verilməsi), təhsil və səhiyyə islahatları, «insan kapitalı»nın inkişafı, dövlət maliyyəsinin idarə edilməsinin təkmilləşdirilməsi (nəticəyə yönəlik büdcə planlaşdırılması, dövlət investisiya layihələri və dövlət satınalmalarında şəffaflıq, hesabatlılıq, səmərəlilik və s.), dövlət-özəl biznes əməkdaşlığının inkişafı, kiçik və orta sahibkarlığın inkişafına strateji yanaşma, real rəqabətə əsaslanan sənaye siyasətinin həyata keçirilməsi kimi struktur dəyişikliklərinə ehtiyac var.

Sonra məruzəçi iştirakçıların suallarını cavablandırdı. Mövzu ətrafında müzakirələrdə çıxış edən TUSİAB nümayəndəsi Səlcuq bəy Düzgün bildirdi ki, prezident islahatlara yönəlik ciddi siyasi iradə nümayiş etdirir, lakin hiss olunur ki, xüsusilə məmurlar arasında olan müəyyən qruplar islahatların əleyhinədir. İndi ölkənin cəsur iş adamlarına və mübariz vətəndaş cəmiyyətinə ehtiyacı var. Məhz cəsur iş adamları və sivil toplum qurumları islahatları irəli aparmaqda əhəmiyyətli rol oynaya bilər. Bugünki müzakirədə səslənən problemlərin həlli də məhz dövlət-biznes-vətəndaş cəmiyyəti əməkdaşlığından keçir. TUSİAB Türkiyəli iş adamlarını Azərbaycana investisiya qoymağa çağırır və bu istiqamətdə işlər aparır.

Professor Rasim Həsənov çıxışında bildirdi ki, investisiya mühiti ilə bağlı ciddi problemlərdən biri də ölkədə formalaşmış rentayönümlü iqtisadi modeldir: ayrı-ayrı rentayönümlü sahələrdə mənfəət normasının yüksək olması vəsaitin daha vacib sahələrə axınının qarşısını alır.

Sonda Sabit Bağırov ölkədə investisiya mühitinin yaxşılaşdırılması üçün ən vacib amilin sahibkarların inamının olduğunu vurğuladı. O, iştirakçılara bu günkü Dəyirmi Masada iştiraklarına görə öz təşəkkürünü bildirdi.

Dəyirmi masanın gündəliyi

İştirakçılar

Fotoqalereya