10 yanvar 2023 - Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun ofisində İctimai Birliklərin MSŞA Koalisiyası yeni ilin ilk və mühüm tədbirini keçirdi.
"Hasilat sənayesində şəffaflıq hesabatlarının beynəlxalq standarta yaxınlaşdırılması yolları" adlı çalıştayda (workshop) iqtisadçı ekspert Sabit Bağırov öz mülahizələrini iştirakçılarla bölüşdü. O, şəffaflıq hesabatlarına dair beynəlxalq standartın tələbləri və Dövlət Statistika Komitəsinin 2021-ci və 2022-ci illər üzrə hazırladığı MHŞT hesabatların bu tələblərə nə dərəcədə cavab verməsi barədə apardığı təhlillərin nəticələrni açıqladı. Məruzəsinin sonunda S.Bağırov hasilat sənayesində şəffaflıq hesabatlarının beynəlxalq standarta yaxınlaşdırılması bəzi yolları haqında da təkliflərini səsləndirdi.
Daha sonra məruzə ətrafında çıxışlar oldu. Tədbirdə iştirak edən tanınmış ekspert və ictimai xadimlərdən, İnqilab Əhmədov, Mirvari Qəhrəmanlı, İlham Şaban, Zöhrab İsmayıl, Samir Əliyev, İlqar Hüseynli, Cəmil Hacıyev, Nərminə Qəribova, Beynəlxalq "Ödədiyini açıqla" təşkilatının Qlobal Şurasının üzvü Fuad Həsənov, Asiya İnkişaf Bankından Nail Vəliyev çıxış edərək öz fikir və mülahizələrini bildirdilər.