15.10.2014. tarixində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının toplantılar zalında "Rəqabət Məcəlləsi: Sahibkarların gözləntiləri" mövzusunda dəyirmi masa keçirilib. Tədbirin təşkilatçıları Kiçik və Orta Müəssisələrin İnkişafına Yardım Mərkəzi (KOMİYM) olmuşdur. Tədbir ABŞ Beynəlxalq İnkışaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda kiçik sahibkarlığın inkişafına dəstək” layihəsi çərçivəsində təşkil edilmişdir.
Dəyirmi Masada yerli və bə beynəlxalq qurumların nümayəndələri, sahibkarlar, və ekspertlər iştirak ediblər. “Ədalətli Rəqabət bazar iqtisadiyyatının təməlidir” mövzusunda məruzə ilə tanınmış hüquqşünas Eldar Qocayev çıxış etmişdir. O Rəqabət Məcəlləsinin hazırda Milli Məclisdə müzakirə edildiyini və bu payız sessiyasında Məcəllənin qəbul edilə biləcəyini vurğulamışdır. Eldar Qocayev Məcəllənin layihəsindəki bəzi maddələrə tədbir iştirakçılarının diqqətini çəkmiş və həmçinin çıxışında dünya ölkələrinin rəqabətlə bağlı qanunvericilik aktlarından misallar vermiş və Məcəllə hazırlanarkən beynəlxalq təcrübədən yararlanmağın vacib olduğunu bildirmişdir. Məruzədən sonra tədbir iştiakçılarının məruzəçiyə ünvanladığı suallar cavablandırılmışdır.
Daha sonra SBİİYF sədri Sabit Bağırov tədbir iştirakçılarını mövzu ətrafında sərbəst müzakirəyə dəvət etmişdir. O bildirmişdir ki, sahibkarlıq mühitinin əlverişli olması hamının marağında olmalıdır və hamını Rəqabət Məcəlləsinin müzakirəsində fəal iştirak etməyə səsləmişdir. Sərbəst müzakirədə ekspertlər və sahibkarlar rəqabət sahəsində bəzi nöqsanları qeyd etmiş və öz təkliflərini vermişlər. Müzakirələrin nəticəsi olaraq Məcəllənin hazırlanmasında bütün maraqlı tərəflərin fikirlərinin nəzərə alınması və sahibkarların, ekspertlərin və digər maraqlı tərəflərin iştirakı ilə geniş müzakirələrin təşkil edilməsi üçün İqtisadiyyat və Sənaye Nazirliyinə, Milli Məclisə və Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsinin vacibliyi qeyd edilmişdir.
Təqdimat: “Ədalətli Rəqabət bazar iqtisadiyyatının təməlidir”. Müəllif: Eldar Qocayev