24.06.2014. Bu fikir Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında bu gün sahibkarlıq qurumlarının rəhbərləri və təmsilçilərinin, habelə müstəqil ekspertlər və QHT təmsilçilərinin iştirakı ilə keçirilən dəyirmi masa müzakirələrində səsləndirilib. “Azərbaycanda əmək müqavilələrinin tətbiqi problemləri və həlli yolları” mövzusunda keçirilən bu tədbir ABŞ BİA-nın maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda kiçik sahibkarlığın inkişafına dəstək” layihəsi çərçivəsində İqtisadi Təşəbbüslərə Yardım (İTY) İctimai Birliyi və Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu (SBİİYF) tərəfindən təşkil olunub.
Tədbiri giriş sözü ilə açan. SBİİYF- nin rəhbəri Sabit Bağırov “Kiçik sahibkarlığın inkişafına dəstək” layihəsinin məqsədi, layihə çərçivəsində həyata keçirilən tədbirlər və araşdırmalar barədə iştirakçıları məlumatlandırdı. O, bildirdi ki, bu layihə çərçivəsində ötən il “Azərbaycanda əmək müqavilələrinin tətbiqini tənzimləyən mexanizmlər: problemlər və təkmilləşdirmə yolları” mövzusunda araşdırma aparılıb və bu sahədə mövcud problemlərin həlli üçün bir sıra tövsiyələr hazırlanıb. Həmin tövsiyələr Azərbaycan Respublikası Prezidentinə və müvafiq dövlət qurumlarına göndərilib. Son zamanlar bu sahədə mövcud problemlərin həlli istiqamətində müəyyən addımların atıldığını qeyd edən S.Bağırov əmək müqavilələrinin elektron qeydiyyatı sisteminin yaradılması istiqamətində işlər getdiyini vurğuladı. Dəyirmi masa müzakirələrinin təşkili məqsədindən danışan S.Bağırov tədbir iştirakçılarından xahiş etdi ki, məruzədən sonra olacaq müzakirələrdə həm özlərinin də bu sahədə üzləşdikləri problemləri aeyd etsinlər, həm də məruzədə qaldırılan problemlərin həlli istiqamətində fikirlərini bölüşsünlər. Bildirildi ki, burada səslənən təkliflər nəzərə alınmaqla araşdırma və tövsiyələr bir daha təkmilləşdiriləcək və yenilənmiş tövsiyələr hökumətə təqdim ediləcək.
Sonra tədqiqatın müəllifi iqtisadçı Rövşən Ağayev “Azərbaycanda əmək müqavilələrinin tətbiqini tənzimləyən mexanizmlər: problemlər və təkmilləşdirmə yolları” mövzusunda təqdimatla çıxış etdi. Çıxışına əmək müqavilələrinin elektron qeydiyyatı sisteminin tətbiqi məsələlərindən başlayan məruzəçi bu sistemin ən böyük töhfəsinin əmək münasibətləri sferasında leqallaşma səviyyəsini yüksəltmək ola biləcəyini vurğuladı. O bildirdi ki, Əmək Məcəlləsinə 27 dekabr 2013-cü il tarixli Qanunla edilmiş dəyişikliklərin tətbiqilə bağlı ölkə prezidentinin 03 fevral 2014-cü il tarixli Fərmanına uyğun olaraq Nazirlər Kabinetinin 06 iyun 2014-cü il tarixli 183 saylı qərarı ilə əmək müqavilələrinin elektron qeydiyyatı qaydaları təsdiq edilib. Bundan sonra ƏƏSMN-nin elektron informasiya sistemində müqavilənin bağlanmasının, dəyişiklik edilməsinin və ya xitam verilməsinin elektron qaydada qeydiyyata alınması təmin olunacaq. Bu məqsədlə işəgötürən tərəfindən mövcud əmək şəraiti şərtləri və məlumatları əsasında əmək müqaviləsi bildirişi elektron informasiya sisteminə daxil ediləcək. Müqavilə bildirişinin daxil edilməsi “Elektron hökumət” portalı vasitəsilə həyata keçiriləcək.
Daha sonra əmək münasibətlərinin rəsmiləşdirilməsi sahəsində mövcud durumdan danışan R.Aəayev qeyd etdi ki, ölkəmizdə əmək münasibətləri rəsmiləşdirilən işçi qüvvəsinin ümumi məşğul əhalidə xüsusi çəkisi hələ də 35%-i ötmür. “Araşdırmalarımız göstərir ki, özəl sektorda çalışanların yalnız 10 faizi muzdlu işçi kimi qeydiyyatdadır”. Aqrar sektorda çalışınların cəmi 2,5%-i, tikinti, ticarət, icimai iaşə və nəqliyyat sektorunda məşğul olanların isə 35-40%-i əmək müqaviləsi ilə çalışır. R.Ağayev müqayisə üçün bildirdi ki, əmək müqaviləsi olmadan çalışanların ümumi məşğulluqda payı Yunanıstan və İtaliyada 17-20%, Avstriya, Niderland, Böyük Britaniya və Almaniyada 1,5-4% intervalında, Estoniyada və Çexiyada 9-10%, Litva, Latviya və Macarıstanda 15-18%, Rumıniya və Bolqarıstanda 20-22%, Misir və Tunisdə 50-55%, Meksika və Braziliyada 55-60%, Kenya və Çadda 70-75%, İndoneziya və Hindistanda 80-83% faiz səviyyəsindədir.
Ölkə qanunvericiliyi əmək müqaviləsindən yayınan müəssisələr və onların vəzifəli şəxsləri üçün xeyli yüksək məbləğdə cərimələr (məsələn, İnzibati Xətalar Məcəlləsinə əsasən, işəgötürənlərin Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsini bağlamadan hər hansı işə (xidmətə) işçi cəlb etməsi aşkralanarsa, bu məsələyə məsul vəzifəli şəxslər 3000 manatdan 5000 manatadək, onların təmsil etdiyi hüquqi şəxslər isə 20 000 manatdan 25 000 manatadək miqdarda çərimə edilməlidir) nəzərdə tutulsa da, hətta son illər müvafiq dövlət qurumlarının yoxlama fəaliyyəti genişlənsə də, problemi tam həll etmək mümkün olmur.
Ekspert qeydiyyatsız məşğulluğun qarşısının alınması və əmək müqavilələrinin təşviqi ilə bağlı Azərbaycan hökumətinin 4 istiqamətdə tədbrləri həyata keçirməsini vacib hesab edir:
Tədbirdə TUSİAB-ın təmsilçisi Samir Əsədov, “Qranit QP” MMC-nin rəhbəri Rübabə Mürşüdova, Azərbaycan Memarlıq və İnşaat Universitetinin dissertantı Arif Nəcimov, İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin nümayəndəsi Fərid Abbaslı, “Probion” MMC-nin nümayəndəsi Şəfayət Qorçuyeva və başqaları müzakirə edilən məsələlərlə bağlı fikirlərini bildirdilər.
Təqdimat: “Azərbaycanda əmək müqavilələrinin tətbiqini tənzimləyən mexanizmlər: problemlər və təkmilləşdirmə yolları”. Müəllif: Rövşən Ağayev