11.02.2014. Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun (SBİİYF) ABŞ Beynəlxalq İnkışaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanda kiçik sahibkarlığın inkişafına dəstək” layihəsi çərçivəsində İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının konfrans zalında “Azərbaycan Respublikasında dövlət-biznes əməkdaşlığı imkanları” mövzusunda Dəyirmi Masa keçirib. Dəyirmi Masada ölkənin aparıcı şirkətlərinin təmsilçiləri, hüquqşünaslar və ekspertlər iştirak ediblər.
Dəyirmi Masa iştirakçılarını salamlayan SBİİYF sədri Sabit Bağırov əvvəlcə layihə barədə qısa məlumat verib, sonra Azərbaycanında dövlət-biznes əməkdaşlığı ilə bağlı qısa tarixi ekskurs edib, indiyədək bu istiqamətdə həyata keçirilən layihələrdən danışıb. Natiq bildirib ki, İTM-in ekspert qrupu dövlət-biznes əməkdaşlığı imkanları ilə bağlı tədqiqat aparmaqla yanaşı, bu istiqamətdə hüquqi bazanın formalaşdırılması üçün qanun və qaydaların layihəsini hazırlayıb. Dövlət strukturlarının özəl sektor təmsilçiləri ilə əməkdaşlığının vacibliyindən danışan Fond sədri bugünkü tədbirdə tədqiqatın nəticələri və hazırlanmış qanunvericlik aktları ətrafında müzakirələr aparılacağını bildirib və sözü İTM-in eksperti Qalib Toğrula verib.
Qalib Toğrul çıxışında dövlət-biznes əməkdaşlığı ilə bağlı dünyada gedən tendensiyalardan və inkişaf etmiş ölkələrin bu sahədəki təcrübələrdən danışdı. Ekspertin fikrincə, dünya təcrübəsinin dərindən öyrənilməsinin gələcəkdə Azərbaycanda dövlət-biznes əməkdaşlığnın tətbiqi zamanı böyük köməyi dəyə bilər.
Qalib Toğrul təqdimat zamanı dövlət-biznes əməkdaşlığnın məqsədlərinə, hər iki tərəf (dövlət və biznes) üçün üstünlüklərinə və çatışmazlıqlarına geniş yer ayırıb. Eyni zamanda, bu tip layihələrin ölkəmizdə geniş tətbiqinə imkan yaradacaq Dövlət-Biznes Əməkdaşlığının İnkişafı Mərkəzinin yaradılması perspektivlərinə toxunub.
Daha sonra natiq layihə çərçivəsində hazırlanmış qanunvericilik aktları layihələrini təqdim edib. “Dövlət-biznes əməkdaşlığı haqqında” Azərbaycan Respublikası Qanunu layihəsi, “Azərbaycan Respublikasında dövlət-biznes əməkdaşlığı layihələri üzrə tender sənədlərinin hazırlanması və tenderin keçirilməsi qaydaları” layihəsi, “Azərbaycan Respublikasında dövlət-biznes əməkdaşlığı layihələrində biznes partnyorun seçilməsi üzrə tender komissiyaları haqda qaydalar” layihəsi haqqında ətraflı məlumat verib.
Daha sonra gündəliyə uyğun olaraq ekspert Dəyirmi Masa iştirakçılarının suallarını cavablandırıb. Müzakirələr mərhələsində isə özəl sektor təmsilçiləri dövlət-biznes əməkdaşlığnın əhəmiyyətindən və bu sahədə görülməli olan vacib işlərdən danışıblar.