02 oktyabr 2013-cü il. Azərbaycanda məşğul insanların yalnız 1/3-nin əmək müqaviləsi var - dəyirmi masa

02.10.2013. Bu gün ABŞ BİA-nın maliyyə dəstəyi ilə həyata keçirilən "Azərbaycanda kiçik sahibkarlığın inkişafına dəstək" layihəsi çərçivəsində İqtisadi Təşəbbüslərə Yardım (İTY) İctimai Birliyi tərəfindən "Azərbaycanda əmək müqavilələrinin tətbiqi problemləri və həlli yolları" mövzusunda dəyirmi masa müzakirələri təşkil edib.

Müzakirədə dövlət qurumlarının, və beynəlxalq təşkilatların təmsilçiləri, deputatlar, sahibkarlar, müstəqil ekspertlər və yerli QHT-lərin təmsilçiləri iştirak edirdi.

Tədbiri giriş sözü ilə açan İTY İctimai Birliyinin rəhbəri Azər Mehtiyev bildirdi ki, ölkəmizdə sahibkarlıq fəaliyyətinin tənzimlənməsi sahəsində son illər qabarıq nəzərə çarpan problemlərdən biri də işçilərin əmək müqaviləsi olmadan çalışdırılmasıdır. O bildirdi ki, rəsmi statistik məlumatlara əsasən 2012-ci ilin sonunda ölkə iqtisadiyyatında çalışan 4.4 milyon məşğul əhalinin yalnız 1.48 milyon nəfəri muzdlu işçi olub, yəni əmək müqaviləsi ilə çalışanlar olub. Problemin ciddiliyi və həll olunması zəruriliyi hökumət tərəfindən də qəbul olunub və son illər bu istiqamətdə bir sıra addımlar atılıb. A.Mehtiyev bildirdi ki, problemin həlli istiqamətində təklif və tövsiyələrin hazırlanması üçün ABŞ BİA-nın dəstəklədiyi "Kiçik sahibkarlığın inkişafına dəstək" layihəsi çərçivəsində "Azərbaycanda əmək müqavilələrinin tətbiqini tənzimləyən mexanizmlər: problemlər və təkmilləşdirmə yolları" mövzusunda araşdırma aparılıb. Bu günki dəyirmi masada həmin araşdırmanın nəticələri və hazırlanan tövsiyələri sizlərə təqdim edilir. Burada səslənən təkliflər nəzərə alınmaqla araşdırmanın təkmilləşdirilmiş variantı və tövsiyələr hökumətə təqdim ediləcək.

Tədbir iştirakçılarını salamlayan Sahibkarlığa və Bazar İqtisasiyyatının İnkişafına Yardım Fondunun rəhbəri Sabit Bağırov "Kiçik sahibkarlığın inkişafına dəstək" layihəsi çərçivəsində həyata keçirilən tədbirlər və araşdırmalar barədə məlumat verdi. O bildirdi ki, əmək müqavilələri ilə bağlı problemin həllində sahibkarlar da maraqlıdırlar. O, işçilərlə əmək münasibətlərinin qanunauyğun qurulmasının sahibkarlar üçün əhəmiyyətini qeyd etdi və bildirdi ki, bu cür tədqiqatlar problemin həllinə yardımçı olmaq məqsədi daşıyır. ABŞ BİA-nın layihə menecmenti mütəxəssisi Aytən Qəhrəmanova məlumat üçün bildirdi ki, təmsilçisi olduğu təşkilatın bu layihəni dəstəkləməkda məqsədi ölkədə biznes mühitinin yaxşılaşmasına və biznes-vətəndaş cəmiyyəti əməkdaşlığının genişlənməsinə nail olmaqdır.

Sonra İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədr müavini, araşdırmanın müəllifi Rövşən Ağayev "Azərbaycanda əmək müqavilələrinin tətbiqini tənzimləyən mexanizmlər: problemlər və təkmilləşdirmə yolları" mövzusunda təqdimatla çıxış etdi. O qeyd etdi ki, ölkəmizdə əmək münasibətləri rəsmiləşdirilən işçi qüvvəsinin ümumi məşğul əhalidə xüsusi çəkisi 35%-i ötmür. Bu o deməkdir ki, iqtisadiyyatda çalışan hər 10 nəfərdən ən yaxşı halda 3-4 nəfəri əmək müqavilələri əsasında çalışır. Aqrar sektorda çalışınların cəmi 2,5%-i, tikinti, ticarət, icimai iaşə və nəqliyyat sektorunda məşğul olanların isə 35-40%-i əmək müqaviləsi ilə çalışır.

Ölkə qanunvericiliyi əmək müqaviləsindən yayınan müəssisələr və onların vəzifəli şəxsləri üçün xeyli yüksək məbləğdə cərimələr (məsələn, İnzibati Xətalar Məcəlləsinə əsasən, işəgötürənlərin Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsini bağlamadan hər hansı işə (xidmətə) işçi cəlb etməsi aşkralanarsa, bu məsələyə məsul vəzifəli şəxslər 3000 manatdan 5000 manatadək, onların təmsil etdiyi hüquqi şəxslər isə 20 000 manatdan 25 000 manatadək miqdarda çərimə edilməlidir) nəzərdə tutulsa da, hətta son illər müvafiq dövlət qurumlarının yoxlama fəaliyyəti genişlənsə də, problemi tam həll etmək mümkün olmur.

Ekspert qeydiyyatsız məşğulluğun qarşısının alınması və əmək müqavilələrinin təşviqi ilə bağlı Azərbaycan hökumətinin 4 istiqamətdə tədbrləri həyata keçirməsini vacib hesab edir. Onun fikrincə, hər şeydən əvvəl, mövcud sistemin dəyişdirilməsi, yəni işəgötürənlərin işçi ilə bağlı maliyyə yükünün yüngülləşdirilməsi zəruridir. R.Ağayev vurğuladı ki, hazırda Azərbaycanda işəgötürənlərin məşğulluğa görə vergi yükü 29.1 faizlə hətta bir sıra Avropa ölkələrindən belə yüksəkdir. Ekspert təklif edir ki, hazırkı şəraitdə sahibkarların muzdlu işçiyə görə sosial sığorta yükünün hazırkı 22%-dən 15%-dək endirilməsi məqsədəuyğundur;

Ekspertin ikinci təklifi əmək müqavilələrinin icrasına nəzarət edən dövlət qurumlarının işinin səmərəliliyinin yüksəldilməsi ilə bağlıdır. O hesab edir ki, əmək müfəttişliklərinin yoxlamalarının səmərəliliyinin artırılması və müavilələrin icrasına məsul qurumların əməkdaşlığının daha effektiv formalarının tapılması təmin edilməlidir. Azərbaycanda hazırda Əmək Müfəttişliyinin mərkəzi aparatı və yerli qurumlarının birlikdə 365 ştatı, o cümlədən 300-dən artıq müfəttişi var. Bu o deməkdir ki, Azərbaycanda 1 müfəttişə düşən məşğul əhali sayı 13600 nəfər, faktiki fəaliyyət göstərən sahibkarlıq subyektləri (fiziki və hüqüqi şəxslər) hesabı idə 1 müfəttişə düşən işəgötürən sayı 660 vahid təşkil edir. Beynəlxalq təcrübədən çıxış etdikdə, Azərbaycanda əmək müqavilələrinə nəzarəti həyata keçirən müfəttişlərin sayı optimal hesab oluna bilər. Ona görə də burada əsas diqqət nəzarətin keyfiyyətinə və səmərəlilyinə yönəldilməlidir.

Daha bir mühüm məsələ əmək müqavilələrinin bağlanmaması ilə bağlı inzibati sanksiyaların sərtləşdirilməsidir. Bir sıra ölkələrdə sərt sanksiyalar yalnız əmək müqaviləsiz işçinin çalışdırılmasına görə pul cərimələrinin tətbiqilə məhdudlaşmır, həmçinin işəgötürənə həbs cəzasının kəsilməsi, müqaviləsiz çalışdarma faktının akşarlandığı müəssisələlərin müəyyən bir dövr üçün tenderlərə girişinin qadağan olunması, lisenziyalaşdırılan fəaliyyət olduqda lisenziyanın ləğvi kimi sanksiyalar da nəzərdə tutulur.

Nəhayət, zəruri fəaliyyət istiqamətlərindən biri də əmək müqavilələrinin təbliğilə bağlı maarifləndirici və təşviqedici tədbirlərin gücləndirilməsidir.

Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov "Sahibkar olmayan fiziki şəxslərin digər sahibkar olmayan fiziki şəxsləri müzdlü əməyə cəlb etməsinin hüquqi problemləri" mövzusunda məruzə etdi. O bildirdi ki, əmək müqavilələri ilə bağlı problemin kökündə əksər hallarda məmur sahibkarlığı dayanır. Dövlət Əmək Müfəttişliyinin yoxlama fəaliyyətinə qoyulan bəzi məhdudiyyətlər də (məsələn, xəbərdarsız yoxlama keçirməyin mümkünsüzlüyü və s.) bu qurumun işinin effektini aşağı salan amil kimi çıxış edir. S.Məmmədov daha sonra bildirdi ki,. hazırda ölkədə on minlərlə insan dayə, aşbaz, xadimə, bağban, sürücü, mühafizəçi və s. işləri evlərdə yerinə yetirirlər. Lakin bu insanların fəaliyyətləri tam muzdlu əmək olduğu halda onların əksəriyyəti ilə əmək müqavilələri bağlanmır. Bunun əsas səbəblərindən biri də Əmək Məcəlləsində ev qulluğu işlərində çalışanlarla əmək münasibətlərinin tənzimlənməməsidir. S. Məmmədov Əmək Məcəlləsinə "sahibkar olmayan fiziki şəxs" anlayışının, habelə "Ev qulluğu işlərinə cəlb edilən şəxslərlə əmək münasibətlərinin tənzimlənməsinin xüsusiyyətləri" adlı fəslin daxil edilməsini zəruri hesab edir. Ekspertin fikrincə, Vergi Məcəlləsinə və Sosial Sığorta haqqında Qanuna və digər normativ hüquqi aktlara müvafiq əlavə və dəyişikliklər etməklə ev işlərinə cəlb edilən və muzdlu əmək fəaliyyətini həyata keçirən işçilərə münasibətdə fərqli (daha az) vergi və icbari sosial sığorta üzrə ödəmə nəzərdə tutula bilər.

Dövlət Əmək Müfəttişliyinin nümayəndəsi tədqiqatı, araşdırmanın nəticələrini və verilən təklifləri yüksək qiymətləndirdi. O bildirdi ki, müqaviləsiz işə cəlb etmə halları hazırda daha çox xidmət və tikinti sektorlarında yayılıb.

Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı diqqəti iri dövlət şirkətlərində, o cümlədən neft şirkətlərində, dövlət qurumlarında işçilərlə müvəqqəti əmək müqavilələrinin bağlanmasına yönəltdi. O vurğuladı ki, kiçik müəssisələrin əksəriyyəti heç əmək müqavilələrinin nə olduğunu bilmirlər. Müəssisələrdə Həmkarlar İttifaqının olmaması da işçilərin əmək hüquqlarının pozulmasına gətirib çıxaran amillərdən biridir.

Iqtisadçı Nazim Məmmədov şıxışında bildirdi ki, müəssisələrdə olan ikili uçot sisteminin baçlıca səbəbkarı sahibkarlardan tutulan rəsmi və qeyri-rəsmi vergi yükünün ağır olması, xüsusilə sosial sığorta ödənişlərinin dərəcəsinin yüksək olmasıdır. O, işçilərin gəlir vergisi ilə sosial sığorta ayırmalarının "vahid sosial vergi" adı altında birləşdirililməsini və bu vergi üçün 20 faizlik dərəcənin müəyyənləşdirilməsi təklifi ilə hökumətə müraciət etməyi təklif etdi.

Kiçik və Orta Sahibkarlığın İnkişafına Yardım Mərkəzinin rəhbəri İlkin Qarayev bu problemin həlli zamanı sahibkarların hüquqlarının nəzərə alınması vacibliyinin də diqqətdə saxlanılnması vurğuladı. O bildirdi ki, əmək müqaviləsi olmadan işə götürməyə görə müəssisələrə verilə cərimə sanksiyalarının məbləği müəssisələrin ölçüsündən və dövriyyəsindən asılı olaraq differensiallaşdırılmalıdır. İri şirkətlərlə kiçik müəssisələrə eyni sanksiyaların tətbiqi yolverilməzdir.

Vətəndaş Cəmiyyətinə Doğru İctimai Birliyinin sədri Abil Bayramov əmək müqavilələrinin imzalanması zamanı standart müqavilələrin tətbiq olunduğunu, müqavilənin formal xarakter daşıdığını və müqavilənin hazırlanması zamanı əksər hallarda işçinin hüquqlarının nəzərə alınmadığını qeyd etdi.

Tədbirdə İqtisadi Tədqiqatlar Mərkəzinin sədri Qalib Bayramov, iş adamı Əli Nəbiyev, İqtisadi İnnovasiyalar Mərkəzinin rəhbəri Məhəmməd Talıblı, Vergilər Nazirliyinin nümayəndəsi Şahin Məmmədli, Azad İqtisadiyyata Yardım Mərkəzinin sədri Zöhrab İsmayıl, Beynəlxalq Maliyyə Korporasiyasının təmsilçisi Həsən Hüseynov və başqaları çıxış edərək təklif və tövsiyələrini bildirdilər.

Əlavə:

  1. Gündəlik
  2. Rövşən Ağayev: "Azərbaycanda əmək müqavilələrinin tətbiqini tənzimləyən mexanizmlər: problemlər və təkmilləşdirmə yolları" (təqdimat)
  3. İştirakçılar