İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyu iyunun 14-də "Azərbaycanda sahibkarlıq fəaliyyətinin lisenziyalaşdırılması: problemlər və həlli yolları" mövzusunda dəyirmi masa müzakirələri keçirib. Dəyirmi masada dövlət orqanlarının və beynəlxalq təşkilatların təmsilçiləri, sahibkarlar, müstəqil ekspertlər və yerli QHT-lərin təmsilçiləri iştirak edib.
Tədbir iştirakçılarını salamlayan Mərkəzin sədri Azər Mehtiyev bildirdi ki, hazırda ölkəmizdə sahibkarlığın inkişafına mane olan çoxsaylı amillərdən biri də mövcud lisenziyalaşdırma və icazə sistemidir. O xatırlatdı ki, 2011-ci il oktyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti "Müəyyən sahibkarlıq fəaliyyəti növləri ilə məşğul olmaq üçün tələb edilən xüsusi razılıq (lisenziya) və icazə sistemi ilə bağlı bəzi məsələlər haqqında" Fərman imzalayıb. Orada Nazirlər Kabinetinə tapşırılmışdı ki, ölkədə sahibkarlığın inkişafına daha əlverişli biznes mühiti formalaşdırmaq üçün vahid xüsusi razılıq (lisenziya) və icazə sisteminin yaradılması məqsədi ilə "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının qanun layihəsini üç ay müddətində hazırlayıb prezidentə təqdim etsin. Fərmanın imzalanmasından artıq 1 il yarım keçməsinə baxmayaraq hələ qanun layihəsi müzakirələrə çıxarılmayıb. A.Mehtiyev bildirdi ki, hazırda təşkilat ölkədə kiçik və orta sahibkarların lisenziyalaşdırma və icazələrlə bağlı üzləşdikləri problemləri araşdırır. Araşdırma ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstəklədiyi "Kiçik sahibkarlığın inkişafına dəstək" layihəsi çərçivəsində aparılır. Layihə Sahibkarlığa və Bazar İqtisasiyyatının İnkişafına Yardım Fondunun rəhbərlik etdiyi QHT konsorsiumu tərəfindən həyata keçirilir.
Sahibkarlığa və Bazar İqtisasiyyatının İnkişafına Yardım Fondunun rəhbəri Sabit Bağırov layihənin məqsəd və vəzifələri, layihənin əhəmiyyəti və layihə çərçivəsində həyata keçiriləcək işlər barədə danışdı. O qeyd etdi ki, layihə çərçivəsində sahibkarlıq fəaliyyətinin 11 istiqamətində araşdırmalar aparılacaq, problemlər aşkarlanacaq və onların həlli istiqamətində tövsiyələr işləniləcək.
USAİD-in layihə menecmenti mütəxəssisi Aytən Qəhrəmanova qeyd elədi ki, ABŞ BİA-nın son 10 ildə Azərbaycanda fəaliyyətinin əsas istiqamətlərindən biri ölkədə qeyri-neft sektorunun inkişafını dəstəkləməkdir. Bu istiqamətdə 2 böyük layihə həyata keçirilməkdədir. Bunlardan birincisi ticarət layihəsi. Həmin layihə çərçivəsində Azərbaycanın Dünya Ticarət Təşkilatına üzv olmasında hökumətə texniki dəstək göstərilir, habelə ictimaiyyətdə və sahibkarlar arasında maarifləndirmə işləri aparılır. İkinci layihə isə kiçik sahibkarlığın inkişafına dəstək layihəsidir. Bu layihənin 2 əsas məqsədi var: 1) ölkədə biznes mühitinin yaxşılaşmasına nail olmaq; 2) Biznes-vətəndaş cəmiyyəti əməkdaşlığının genişlənməsinə nail olmaq.
Araşdırmanın müəllifi ekspert Kənan Aslanlı "Sahibkarlıq fəaliyyətinin lisenziyalaşdırılması: xarici təcrübə və Azərbaycan" mövzusunda məruzə ilə çıxış etdi. O çıxışında sahibkarlıq fəaliyyətinin lisenziyalaşdırılmasının əhəmiyyətli və ziyanlı tərəfləri barəsində məlumat verdi, xarici ölkələrin maraqlı təcrübələrindən danışdı. Məruzədə qeyd edildi ki, hazırda Azərbaycanda müxtəlif növ icazələr tətbiq olunur: 90 növ fəaliyyət lisenziyalaşdırılır, 46 fəaliyyət üçün icazə, 27 halda xüsusi icazə, 39 halda şəhadətnamə, 19 halda rəy və s. Ayrı-ayrı sahibkarlıq fəaliyyəti ilə məşğul olan iş adamlarına tətbiq edilən bütün növ icazə və lisenziyaların ümumi sayı 305-dir. Bu lisenziya və icazələrin alınması sahibkarlara uzun zaman, böyük rəsmi və qeyri-rəsmi xərclər və bürokratik əngəllər hesabına başa gəlir. Ayrı-ayrı hökumət qurumlarının verdikləri icazələrin sayına toxunan K.Aslanlı bildirdi ki, hazırda Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi 35, Fövqəladə Hallar Nazirliyi 31, Rabitə və İnformasiyalar Nazirliyi 26, Kənd Təsərrüfatı Nazirliyi 24, Mərkəzi bank 18 fəaliyyət üzrə lisenziya və icazələr vermək səlahiyyətinə malikdir. K.Aslanlı xüsusi olaraq vurğuladı ki, ARDNŞ, biznes qurumu olmasına baxmayaraq, başqa şirkətlərə icazələr vermək səlahiyyətinə malikdir. K.Aslanlı lisenziyalaşdırma sahəsində islahatların zəruriliyini və bu sahədə həyata keçirilməli olan islahatların mühüm istiqamətlərini qeyd etdi (təqdimatı buradan endirə bilərsiz).
Daha sonra Beynılxalq Maliyyə Korporasiyasının təmsilçisi Həsən Hüseynov "İcazə və lisenziyalar sistemində islahatlar: xarici təcrübə" mövzusunda məruzə ilə çıxış etdi. O, təmsilçisi olduğu qurumun 2008-ci ildə bu sahədə ciddi araşdırmalar apardığını qeyd edərək bildirdi ki, hazırda Azərbaycanda sahibkarlığın geniş miqyasda inkişafına mane olan əsas məsələlərdən biri məhz mövcud lisenziyalaşdırma və icazə sistemidir. O xüsusilə vurğuladı ki, 2008-ci ildə apardıqları araşdırma zamanı məlum olub ki, ölkəmizdə çalışan iş adamları bir il ərzində icazə və lisenziyalara 35 milyon manata qədər xərc çəkirlər. H.Hüseynov ayrı-ayrı ölkələrin təcrübəsində icazə və lisenziyalar sistemində həyata keçirilən islahatlardan və onun nəticələrindən, habelə belə islahataparın aparılması şərtlərindən danışdı (təqdimatı buradan endirə bilərsiz).
Keçmiş millət vəkili, iqtisadşı Nazim Məmmədov bildirdi ki, bu məsələ uzun illərdir müzakirə edilir. O xatırlatdı ki, hətta 2010-cu ildə cəmiyyətin bütün təbəqələrinin iştirakı ilə keçirilən böyük bir forumda bu məsələ müzakirə edilmiş və hökumətə tövsiyələr verilmişdi. O zamankı tkliflərdən biri də bundan ibarət idi ki, ölkədə icazə və lisenziyalara məsul olan vahid qurum yaradılsın və bu sahədə bütün işlər həmin quruma həvalə edilsin. O xüsusilə vurğuladı ki, ölkəmizdə mövcud icazə və lisenziya sistemi iqtisadiyyatın inhisarlaşmasına xidmət edir.
Millət vəkili Fazil Mustafa çıxışında bildirdi ki, mövcud lisenziya və icazə sistemi hazırda ölkəmizdə kiçik və orta sahibkarlığın heç də yeganə problemi deyil. Faktiki olaraq ikili (rəsmi və qeyri-rəsmi) iqtisadiyyatın hökm sürdüyü indiki şəraitdə Azərbaycanda bütövlükdə biznes mühiti ilə bağlı çoxsaylı problemlər mövcuddur. Hazırda heç bir Azərbaycan vətəndaşı öz təşəbbüsü ilə istədiyi iqtisadi fəaliyyət sahəsində biznes qura bilməz. Baş Nazirin indiyədək heç olmasa bircə dəfə də olsun sahibkarlarla görüşməsinin, onların problemləri ilə maraqlanmasının şahidi olmusunzmu? KOS-un inkişafı üçün ölkədə biznes mühitinin dəyişməsi vacibdir. Lisenziyaların müddətindən danışan F.Mustafa bildirdi ki, 5 il müddətinə lisenziya almış sahibkar müddət bitdikdən sonra yenidən bütün prosedurları keçməli və bütün xərcləri çəkməli olur. Halbuki, belə işini davam etdirən sahibkarlar çox rəmzi ödənişlə lisenziyanın müddətinin növbəti dövrə uzadılmasına nail olmalıdır.
Azərbaycan Tacirlər Birliyinin sədri Sevgim Rəhmanov Azərbaycan Respublikası Prezidentinin 2002-ci ildə imzaladığı fərmanları xatırlatdı və bildirdi ki, o vaxt prezidentin yanında Sahibkarlar Şurası yaradılmışdı, lakin nədənsə qısa müddətdən sonra onun fəaliyyəti dayandırıldı. S.Rəhmanov qeyd etdi ki, ölkəmizdə lisenziyalaşdırmanın məqsədi bəlli deyil: indiki sistem insanların təhlükəsizliyini təmin etməkdənsə, pul toplamağa xidmət edir. Lisenziya və icazələrlə məşğul qurumların fəaliyyətinin şəffaflığında da ciddi problemlər var.
"Şərq-Qərb" Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu bildirdi ki, biznes mühiti ilə bağlı bütün problemlərin kökündə əslində ölkədə siyasi azadlıqların olmaması dayanır. O qeyd etdi ki, Azərbaycanda bütövlükdə iqtisadi təfəkkür bərbad vəziyyətdədir.
"Demokratiyanı öyrənmə" İctimai Birliyinin sədri Mirəli Hüseynovçıxışında iki məsələyə diqqəti yğnəltdi: 1) hazırda lisenziyaları və icazələri müvafiq sahələrdə tənzimləmə funksiyasını həyata keçirən dövlət qurumları verirlər ki, bu da maraqlar konflikti yaradır. Halbuku dünya təcrübəsində lisenziya və icazələri ixtisaslaşmış müstəqil qurumlar verirlər; 2) Lisenziya və icazələrin verilməsində də ölkədə yeni yaradılmış ASAN xidmətin təcrübəsindən yararlanmaq məqsədəuyğun olardı.
Sibley təşkilatının təmsilçisi Eldar Qocayev çıxışında sahibkarların fəaliyyətinə lisenziya və icazələrin verilməsi şərtlərinə diqqəti yönəltdi. O bildirdi ki, ölkə qanunvericiliyində lisenziya, icazə, xüsusi icazə və başqa bu kimi terminlərin müəyyənlikləri dəqiq verilməli, onların fərqləri göstərilməlidir.
Müzakirələrdə iştirak edən digər tədbir iştirakçıları araşdırılan mövzunun əhəmiyyətindən və araşdırma zamanı diqqətə gətirilməli olan məsələləri qeyd etdilər, sahibkarlıq fəaliyyətinin lisenziyalaşdırılması sahəsində ciddi islahatların aparılması zəruriliyini vurğuladılar.