Dəyirmi Masa iştirakçılarını salamlayan SBİİYF prezidenti Sabit Bağırov əvvəlcə Fondun keçirdiyi layihələr və sahibkarol.biz veb səhifəsi haqqında qısa məlumat verdi. Sabit Bağırov bildirdi ki, 6 ay müddətində Azərbaycanda texnoparkların mövcud durumu nəzərdən keçirilmiş və tədqiqat aparılmışdır. Sonra Sabit Bağırov, “Sahibkarlığın inkişafında sənaye parklarının rolu” mövzusunda məruzə etmək üçün sözü İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Arif Nəcimova verdi.
Məruzəçi Arif Nəcimov ilk öncə texnopark anlayışı ilə dəyirmi masa iştirakçılarını tanış etdi. O bildirdi ki, Azərbaycanda texnoparklar yenidir, lakin buna baxmayaraq artıq Qafqaz, Xəzər və Bakı Dövlət Universitetlərinin nəzdində texnoparklar fəaliyyət göstərməkdədir. Sonra məruzəçi dəyirmi masa iştirakçılarını Sumqayıt Kimya Sənaye Parkı haqqında videoçarxı izləməyə dəvət etdi. Videoçarx dəyirmi masa iştirakçılarının marağına səbəb oldu.
Arif Nəcimov texnoparklar üçün nəzərdə tutulmuş güzəştlərdən danışaraq qeyd etdi ki, texnoparklarda fəaliyyət göstərən sahibkarlar gəlir vergisi istisna olmaqla 7 il müddətinə digər vergilərdən azaddırlar. Texnoparkda fəaliyyət göstərən şirkətlər universitetin maddi-texniki bazasından istifadə edir və həmçinin universitetdə təhsil alan tələbələri işə cəlb etməklə onların fəaliyyətindən yararlanır. O, texnoparkların əsasında universitet və şirkətlərin əməkdaşlığının durduğunu vurğuladı. O həmçinin bildirdi ki, texnoparklarda yeni yaranan şirkətlər üçün inkubasiya mərkəzləri də nəzərdə tutulmuşdur.
Arif Nəcimov texnoparklar və sənaye parkları sahəsində dünya təcrübəsindən danışdı və bildirdi ki, bir çox ölkələrdə texnoparklar yerli bələdiyyələr tərəfindən maliyyələşdirilir.
Məruzəçi həmçinin bildirdi ki, “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı” təsdiq edilmişdir.
Müzakirələr zamanı dəyirmi masa iştirakçıları öz təcrübələri ilə bölüşdülər. Dəyirmi masada Sumqayıt Texnologiyalar Parkında 25 zavodun fəaliyyət göstərməsinin nəzərdə tutulduğu, artıq 17 zavodun fəaliyyət göstərdiyi qeyd edildi.
Müzakirələrdən sonra SBİİYF Prezidenti Sabit Bağırov Dünya Bankının “Doing Business – 2015” hesabatında Azərbaycanın göstəriciləri haqqında çıxış etdi. Sabit Bağırov ilk öncə Dünya Bankının “Doing Business” hesabatı haqqında qısa məlumat verdi. O bildirdi ki, bu hesabat 2003-cü ildən hər il dünya ölkələri üzrə ekspertlər tərəfindən müxtəlif ölkələrdəki biznes mühitini dəyərləndirmək üçün hazırlanır və Dünya Bankı tərəfindən dərc olunur. Hesabatın məğzi barədə danışan Sabit Bağırov bildirdi ki, hesabat 10 sahə üzrə 31 göstərici əsasında tərtib edilir və dünyada nüfuzlu bir hesabat sayılır.
Sabit Bağırov “Doing Business – 2015” hesabatında Azərbaycanın 80-ci yerdə qərarlaşdığını qeyd etdi. Sonra tədbir iştiakçılarının məruzəçilərə ünvanladığı suallar cavablandırıldı və mövzu ətrafında müzakirələr aparıldı.