22.11.2016. "Süd emalı sektorunda problemlər və perspektivlər" mövzusunda dəyirmi masa

Bakı, 22 noyabr 2016-cı il - İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi və Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu (SBİİYF) ABŞ BİA-nın maliyyə dəstəyi ilə həyata keçirilən "Azərbaycanda kiçik sahibkarlığın inkişafına dəstək" layihəsi çərçivəsində "Süd emalı sektorunda problemlər və perspektivlər" mövzusunda dəyirmi masa keçirilib. Tədbirin iştirakçıları ölkənin müxtəlif regionlarını təmsil edən süd istehsalı və emalı sahəsində fəaliyyət göstərən iş adamları və fermerlər idi.

Tədbiri giriş sözü ilə açan və tədbir iştirakçılarını salamlayan Sahibkarlığa və Bazar İqtisasiyyatının İnkişafına Yardım Fondunun rəhbəri Sabit Bağırov "Kiçik sahibkarlığın inkişafına dəstək" layihəsi haqqında və bu layihənin icra edildiyi dövrdə həyata keçirilən tədbirlər və araşdırmalar barədə qısa məlumat verdi. O çıxışında qeyd etdi ki, kiçik sahibkarlıq subyekti olaraq süd emalı sektorunun inkişaf potensialı Azərbaycanda böyükdür və layihə çərçivəsində aparılmış tədqiqatın məqsədi sektorda mövcud olan problemləri aşkara çıxartmaq və onların həlli istiqamətində hökumətə tövsiyələr verməkdir.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təmsilçisi Faiq Səmədov süd emalı sektorunun inkişafının vacibliyini bildirərək bu sahədə təmsil etdiyi Konfederasiyanın gördüyü işlər barədə danışıb.

Iqtisadi Təşəbbüslərə Yardım İB-nin eksperti Rövşən Ağayev "Azərbaycanda süd emali sektorunun iqtisadi potensialinin qiymətləndirilməsi" adlı tədqiqat hesabatını təqdim edib. Çıxışçı qeyd edib ki, ölkənin ərzaq təhlüksizliyinin təmin edilməsində süd məhsulları aparıcı paya malik olmasını nəzərə alaraq ölkənin həmin məhsullarla özünü tam təmin etməsi olduqca mühümdür. Lakin beynəlxalq statistik mənbələrin araşdırılması göstərir ki, Azərbaycının süd məhsulları idxalının həcmi rəsmi statistikanın açıqladığı göstəricidən təxminən 2.5 dəfə yüksəkdir və daxili tələbatın qarşılanması üçün süd emalı sektorunun potensialının genişləndirilməsi üçün imkanlar mövcuddur. Hazırda əsas süd məhsullarından biri kimi kərə yağı istehlakının təxminnə 45, pendir istehlakının 25, quru süd istehlakının 70%-ə qədəri idxal hesabına qarşılanır. çatır. Çıxışçının fikrincə, rəqabət qabiliyyətli məhsul istehsalının və ixrac bazarlarına çıxışın təmin edilməsi həmin müəssisələr üçün yeni istehsal güclərinin yaradılmasına təkan verə bilər. Lakin ixrac imkanlarının genişləndirilməsi üçün həm beynəlxalq standartlara uyğun keyfiyyətli məhsul istehsalı ilə yanaşı, qiymətlər də münasib olmalıdır. Məsələn, Comtrade məlumat bazasının təhlili göstərir ki, 2015-c ildə dünya üzrə pendir və kəsmiyin hər kiloqramının orta ixrac qiyməti 4.2 dollar, yağlı süd tozunun hər tonunun orta ixrac qiyməti 2354 dollar, kərə yağının hər kiloqramının orta ixrac qiyməti 3.5 dollar təşkil edib. Yəni, yüksək keyfiyyət və marketinq standartlarını təmin etmək şərtilə bu göstəricilərə yaxın qiymət səviyyəsi Azərbaycanın süd emalı müəssisələrinin rentabelli çalışmasına imkan verirsə, deməli ixrac bazarlarının tapılması da əsas strateji hədəflərədən biri ola bilər.

R.Ağayevin məlumatına görə, hazırda ölkədə istehsalı olunan 50%-dən də az hissəsi yüksək texnoloji emal imkanlarına malik emal müəssisələrinə daxil olur. Əhali tərəfindən bilavasitə içmə südü kimi istehlak olunan süd kütləsi nəzərə alınmazsa, yerdə qalan hissəsi bilavasitə ev təsərrüfatlarında əhalinin özü tərəfindən süd məhsullarına çevrilərərək ya daxili tələbat üçün istifadə edilir, ya da müxtəlif bazar kanalları vasitəsilə satışa çıxarılır.

Çıxışçı tədqiqatın üzə çıxardığı və süd emal sektorunun inkişafına mane olan bir sıra məqamlara toxunub. O qeyd edib ki, süd emalı sənayesi texniki, texnoloji və xammal, qablaşdırma məhsulları baxımından tam idxaldan asılı vəziyyətdədir. Milli valyutanın sabit olmadığı iqtisadi mühitdə xarici valyutaların bahalaşması həmin avadanlıqların, onların ehtiyat hissələrinin, xam maddələrin də qiymətini artırır ki, bu da son nəticədə avtomatik olaraq emal məhsullarının maya dəyərinin artmasına, emal məhsullarının qiymətinin yüksəlməsinə səbəb olur.

Süd istehsalçılarının pərakəndə və bir-birindən uzaq olması, kiçik və çoxsayl olması, məhsuldarlığın çox aşağı olması, ölkədə tələbata uyğun istehsalının olmaması da emal müəssisələri üçün ciddi problemlər sırasındadır. Hazırda Azərbaycanda süd istehsalı əsasən 2-3 baş maldan ibarət olan ailə təsərrüfatları tərəfindən təmin olunur. Kooperativlər ümumiyyətlə mövcud deyil, iri fermlar isə sağılan inək sayının ən yaxşı halda 3-4%-nə sahibdirlər. Emalçılar 1 orta ölçülü (məslən 150-200 baş südlük inək) fermadan götürə biləcəyi xammal üçün bəzən 50-60 ev təsərrüfaına baş çəkməli olurlar. Bu həm zaman itkisidir, həm nəqliyyat xərcini artırmaqla maya dəyərini yüksəldir, həm də çoxlu sayda süd nümunələrini keyfiyyət analizindən keçirməyi zəruri edir.

Exspert sahənin növbəti problemləri kimi süd istehsalçıları və emalçıları arasında münasibətlərin müqavilə ilə tənzimlənməməsini, mövsümdən asılı olaraq süd həcminin kəskin artıb-azalmasını, südün qiymətinə və alışına zəmanət mexanizmlərinin tətəbiq edilməməsini, məhsulun satışı üçün bazar kanallarının məhdudluğunu, sertifikatsız məhsulların bazarlarda açıq satışına icazə verilməsini qeyd edib.

Sonda R.Ağayev süd emalı sektorunun inkişaf üçün təklifklərini səsləndirib. Tədqiqat müəllifləri hesab edir ki, süd toplanmasında və daşınmasında itkiləri azaltmaq üçün süd toplama məntəqələrinin şəbəkəsi genişləndirilməsi və "soyuq zəncir" təchizatının qurulması, iri süd təsərrüfatlarının yaradılmasının stimullaşdırılması, süd analizlərinin AB standartlarına uyğun olaraq bilavasitə süd istehsalçılarında həyata keçirilməsi, süd istehsalçılarına zəmanətli qiymətlərin tətbiqi, dövlət sifarişi əsasında yerli süd emalı müəssisələrindən quru süd alışı və süd bazarına müdaxilə mexanizmlərinin işlənib hazırlanması, sertifikatsız və keyfiyyət standartlarına malik olmayan süd emalı məhsullarının açıq bazarlarda satışına məhdudiyyətlərin qoyulması, fəaliyyətdə olan bütün emal müəssisələrinin İSO standartlarına keçidin təmin edilməsi əsas prioritetlər olmalıdır.

Sonra məruzə ətrafında müzakirələr aparıldı. Tədbirdə səslənən əsas problemlər onunnla bağlı idi ki, bir tərəfdən yemin bahalaşması südün maya dəyərini artırır, digər tərəfdən südün qiymətinin ucuz olması onun rentabelliyini aşağı salır. Nəticədə süd istehsalın maraq azalır və bunun əziyyətini də emal müəssisələri çəkir. Süd istehsalçıları südün alış qiymətinə dövlət tərəfindən zəmanətli qiymətin tətbiq edilməsini, kənd təsərrüfatına tətbiq edilən vergi güzəştlərinin, o cümlədən ƏDV-dən azad olmanın süd emalçılarına da şamil edilməsini,dövlət tərəfindən dotasiyaların verilməsini, yem bazasının yaradılmasını təklif etdilər.

Konfransın gündəliyi

İştirakçılar