"Sahibkarlığın inkişafına mane olan bəzi problemlər və onların həlli yolları" mövzusunda dəyirmi masa 2016-cı il oktyabrın 28-də İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi və Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu (SBİİYF) ABŞ BİA-nın maliyyə dəstəyi ilə həyata keçirilən "Azərbaycanda kiçik sahibkarlığın inkişafına dəstək" layihəsi çərçivəsində "Sahibkarlığın inkişafına mane olan bəzi problemlər və onların həlli yolları" mövzusunda dəyirmi masa müzakirələri təşkil edib. Müzakirədə dövlət qurumlarının, sahibkarlar, müstəqil ekspertlər və yerli QHT-lərin təmsilçiləri iştirak edirdi.
Tədbiri giriş sözü ilə açan və tədbir iştirakçılarını salamlayan İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin rəhbəri Azər Mehtiyev tədbir iştirakçılarına "Kiçik sahibkarlığın inkişafına dəstək" layihəsinin icra edildiyi 4 il yarım ərzində ölkədə kiçik sahibkarların üzləşdiyi problemlərin araşdırılması və bunların aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlər barədə qısa məlumat verdi.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası adından tədbir iştirakçılarını salamlayan təşkilatın vitse-prezidenti Vüqar Zeynalov müzakirəyə çıxarılan məsələlərin sahibkarlar üçün əhəmiyyətindən danışdı. Ölkədə sahibkarların üzləşdiyi problemlərin aşkarlanması və bunların aradan qaldırılması üçün layihə çərçivəsində çox maraqlı fəaliyyətlərin həyata keçirildiyini deyən V. Zeynalov bu fəaliyyətlərin davam etdiriləcəyinə ümid etdiklərini bildirdi.
"Təqsirsizlik prezumpsiyanın pozulması sahibkarların iştirak etdikləri məhkəmə proseslərinə və onların biznesinə necə təsir edir?" mövzusunda təqdimatla çıxış edən hüquqşünas-ekspert Abil Bayramov qeyd etdi ki, bir sıra hallarda kütləvi informasiya vasitələrində yaylan məlumatlar təqsirsizlik prezumpsiyası prinsipini pozur və sahibkarlıq subyektlərinin işgüzar nüfuzuna ziyan vurur. Təqsirsizlik prezumpsiyasının pozulması sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə münasibətdə, işgüzar nüfuzun ləkələnməsi isə sahibkarlıq subyekti olan hüquqi şəxslərə münasibətdə baş verir. Pozuntu hallarına həm jurnalistlərin özlərinin hazırladıqları materiallarda, həm də müxtəlif qurumlar tərəfindən verilən və olduğu kimi yayımlanan məlumatlarda rast gəlinir.
A. Bayramov qeyd etdi ki, sahibkarların təqsirsizlik prezumpsiyası hüququnun pozulması və onlafrın işgüzar nüfuzunu ləkələyən məlumatların yayılması ciddi mənfi nəticələrə gətirib çıxarır. Bu, ilk növbədə məhkəmə araşdırması zamanı sahibkarlıq subyektinə münasibətdə qəbul ediləcək qərara ciddi təsir göstərə bilər. Bundan əlavə, KİV-də yayımlanan informasiya nəticəsində sahibkarlıq subyektinin mənfi imicinin formalaşması sahibkarlıq subyektinin istehsal etdiyi mal və xidmətlərdən imtina olunmasına və nəticədə onun gəlirlərinin azalmasına gətirib çıxara bilər. Daha ciddi nəticə də istisna olunmur - sahibkarlıq subyekti bazarda yerini itirə və fəaliyyətinə xitam vermək məcburiyyətində qala bilər.
Ekspert vurğuladı ki, sahibkarlıq subyektlərinin qeyd olunan pozuntulardan qorunması üçün zəruri hüquqi mexanizmlər mövcuddur. Belə ki, mövcud qanunvericiliyə əsasən, sahibkarlıq subyekti onun işgüzar nüfuzunu ləkələyən məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər. Əgər sahibkarlıq subyektinin işgüzar nüfuzunu ləkələyən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir.İşgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış sahibkarlıq subyektinin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Təəssüf ki, təcrübədə sahibkarlıq subyektləri qeyd olunan hüquqi imkandan yetərincə yararlanmırlar.
Təqdimatdan sonra A. Bayramov tədbir iştirakçılarının suallarını cavablandırdı. Müzakirələrdə çıxış edən iş adamı Arzu Alıyeva qeyd etdi ki, sahibkarlara qarşı mətbuatda gedən böhtan xarakterli yazıların əksər hissəsi "qara PR" xarakteri daşıyır. Bu sahədə sahibkarların hüquqlarının müdafiəsinin təşkilinə ehtiyac var. Müzakirələrə qoşyulan iş adamları məhkəmələrin qərarı olmadan mətbuatda sahibkarların işgüzar nüfuzuna xələl gətirən informasiyaların yayılmasında mətbuat rqanları ilə yanaşı həm də bir sıra dövlət qurumlarının məsuliyyət daşıdıqlarını qeyd etdilər.
Sonra İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin İdarə Heyətinin üzvü, layihənin eksperti Samir Əliyev "Fermer torpaqlarının qeydiyyatı: problemlər həll olundumu?" mövzusunda təqdimatla çıxış etdi. O, ilk növbədə diqqəti Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) birgə hazırladıqları və biznes mühitinin əlverişliliyi üzrə qiymətləndirməni özündə əks etdirən "Doing Business" hesabatına çəkdi. Onun sözlərinə görə, 2017-ci il üzrə hesabatda Azərbaycanın mövqeyi bir sıra sahələrdə, o cümlədən əmlakın qeydiyyatı sahəsində pisləşib. "Əmlakın qeydiyyatı meyarına görə əvvəllər mövqeyimiz yaxşı olub və ilk yerləri bölüşmüşük. Ancaq təəssüf ki, son vaxtlar mövqeyimizi itiririk və ötən illə müqayisədə daha bir pillə aşağı düşərək 190 ölkə arasında 22-ci olmuşuq. Halbuki bu meyar üzrə Qonşu Gürcüstan 3-cü, Belorus 5-ci, Estoniya 6-cı, Rusiya 9-cu, Ermənistan 13-cü, Qazaxıstan 18-ci yeri tutub. Məsələn, hesbat görə, gürcüstanda qeydiyyat üçün 1 gün, Belorusda 3 gün tələb olunduğu halda Azərbaycanda 8,5 günə bərabərdir".
S.Əliyev son 3 ildə fermer torpaqlarının dövlət qeydiyyatında baş verən bir sıra müsbət dəyişiklikləri qeyd etdi. Onun sözlərinə görə, dövlət reyestrindən arayışların alınması və qeydiyyatı prosedurları sadələşdirilsə də ilkin qeydiyyatda olan problemlər qalmaqdadır. "Qeydiyyat orqanının dövlət reyestrindən arayış və ya əsaslandırılmış imtina məktubunu almaq üçün ona müraciət etmiş şəxsə cavab müddəti 5 iş günündən 1 iş günə qədər azaldılıb. Bundan başqa daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarış verilməsi müddəti 20 gündən 10 günə qədər azaldılıb. Hüquq sahibinin iradəsindən asılı olmayan səbəbdən daşınmaz əmlak obyektinin ünvanının dəyişdirilməsi, habelə qeydiyyat orqanı tərəfindən buraxılan texniki səhvlərin aradan qaldırılması ilə əlaqədar daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi isə daha qısa müddətdə - 3 gün müddətində veriləcək", - deyə ekspert müddətlərin qısadılmasını önə çəkib.
Əsas sadələşdirmə notarial kontorları ilə reyestr xidməti arasındakı prosedurlarda aparılıb. Son dəyişiklikdən sonra notarius elektron qaydada zəruri arayışları reyestrdən əldə edir və təsdiqlənmiş müqavilə yenidən elektron qaydada reyestrə göndərilir.
Ekspertin fikrincə, təkrar qeydiyyat xeyli sadələşdirilsə də, ilkin qeydiyyat problemləri hələ də qalır. Bələdiyyə torpağının tanınması üçün dövlət tərəfindən verilən aktların olmaması, torpağın sahibi öldükdə vərəsəlik prosedurlarına düzgün riyaət edilməməsi, özəl mülkiyyəti təsdiq edən müvafiq sənədlərin olmaması və s. kimi hallar torpağa sahib olan fermer üçün həmin torpağın qeydiyyata daxil edilməsində problemlər yaradır.
Notarial kontorlarda ehtiyac duyulmayan sənədlərin təsdiq etdirilməsi zəruriliyi, notarial təsdiq üçün fermerlərdən əlavə vəsait alınması fermerlərin xərcini artırır. Hərrac və ya müsabiqə vasitəsilə satılmış torpaq üçün bu quruma 2 dəfə rüsum ödənilir. Bu ikiqat rüsum torpağın son satış qiymətində oturaraq onu bahalaşdırır və torpağa sahib olan fermer xərcini artırır.
Sonda fermer torpaqlarının dövlət qeydiyyatına alınması prosedurunun sadələşdirilməsi, əlavə xərclərin aradan qaldırılması istiqamətində hazırladıqları tövsiyələri təqdim edən S.Əliyev iştirakçıların da bir sıra suallarını cavablandırdı.