28.09.2016. "Arıçılıq sektorunun iqtisadi perspektivləri" mövzusunda dəyirmi masa

28 sentyabr 2016-cı il tarixində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının konfrans zalında "Azərbaycanda Kiçik Sahibkarlığın İnkişafına Dəstək" layihəsi çərçivəsində Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu (SBİİYF) və İqtisadi Tədqiqatlar Mərkəzinin (İTM) təşkilatçılığı ilə "Azərbaycanda arıçılıq sektorunun iqtisadi perspektivləri" mövzusunda dəyirmi masa keçirilmişdir.

Dəyirmi masada müxtəlif regionlardan gələn arıçılar, ictimai birliklərin nümayəndələri və ekspertlər iştirak etmişdir.

Tədbiri giriş nitqi ilə Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun (SBİİYF) Prezidenti Sabit Bağırov açdı. Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov dəyirmi masa iştirakçılarını salamladı. Sonra, İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev "Azərbaycanda arıçılıq sektorunun iqtisadi perspektivləri" mövzusunda təqdimat etdi.

Təqdimatçı, ilk öncə əhalinin gəlirləri ilə arıçılığa maraq arasında əlaqədən söz açdı. O bildirdi ki, araşdırmalar göstərir ki, əhalinin gəlir səviyyəsi ilə arıçılığa maraq düz mütənasibdir, başqa sözlə, əhalinin gəlir səviyyəsi yüksəldikcə arıçılıq məhsullarına maraq da artır. O həmçinin, təhsil səviyyəsinin arıçılıqla maraqlı əlaqəsini də qeyd etdi, belə ki, əhalinin təhsil səviyyəsi yüksək təbəqəsinin arıçılığa daha çox marağı var.

Daha sonra, Samir Əliyev bu sahədə olan qanunvericilik aktlarından bəhs etdi. O qeyd etdi ki, bu sahədə əsas qanun 2 fevral 2009-ci ildə qəbul edilmiş "Arıçılıq haqqında" Azərbaycan Respublikasının Qanunudur.

Təqdimatçı öz çıxışında aparılan tədqiqatın ortaya çıxardığı nəticələr haqqında da danışdı. Samir Əliyev bildirdi ki, arı ailələrinin sayında artım müşahidə edilir, 2006-2015-ci illərdə ölkə üzrə arı ailələrinin sayı 2 dəfədən çox artmışdır. Onun sözlərinə görə, ekspertlər ölkədə təxminən 8-10 min arı təsərrüfatının fəaliyyət göstərdiyini bildirir.

Daha sonra, Samir Əliyev dünyada ən çox arı ailəsinə sahib olan 10 ölkəni sadaladı, bu siyahıda ilk 3-lükdə Hindistan, Çin, Türkiyə dayanır. Tədqiqatın ortaya çıxartdığı nəticələrdən danışarkən Samir Əliyev bildirdi ki, ölkədə yerli təbii bal istehsalı tələbatı ödəmir. Dövlət Gömrük Komitəsinin rəsmi məlumatına görə, 2015-ci ildə Azərbaycana 69,66 ton həcmində təbii bal idxal olunub və son illər artım müşahidə edilir. 2015-ci ildə ən çox bal Almaniya, Türkiyə, Rusiyadan idxal olunub.

Təqdimatçı dünyada bal istehsalı üzrə 20 aparıcı ölkə haqqında məlumatı da dəyirmi masa iştirakçılarının nəzərinə çatdırdı. Bu siyahıda ilk 3-lük Çin, Türkiyə, Argentinaya aiddir.

Samir Əliyev, balın ixrac potensialından danışarkən bildirdi ki, təbii balın ixrac potensialı hələ ki, zəifdir. Bununla bərabər, təbii balın satış problemi yoxdur. Satış əsasən pərakəndə qaydada həyata keçirilir, topdansatış kanalları mövcud deyil.

Təqdimatçı daha sonra, arıçılıq sahəsində maraqlı statistikaları, həmçinin, arıçılıq sektorunun inkişaf imkanlarının GZİT (SWOT) analizini dəyirmi masa iştirakçılarının nəzərində çatdırdı. O bildirdi ki, ölkənin bütün iqtisadi regionlarının (Bakı iqtisadi rayonu istisna olmaqla) arıçılığın inkişafı baxımından əlverişli iqlim şəraitinə malikdir.

Təqdimatın sonunda, Samir Əliyev, ölkədə arıçılığın inkişaf etdirilməsi üçün, öz çoxsaylı təkliflərini qeyd etdi. Daha sonra, tədbir sual-cavab və müzakirələrlə davam etdirildi. Regionlardan gələn arıçılar, bu sahədə olan problemlərindən danışdılar və öz təkliflərini səsləndirdilər. Təqdimatçı ona ünvanlanmış sualları cavablandırdı. Dəyirmi masa maraqlı müzakirələrdən sonda yekunlaşdı.

Tədbirin gündəliyi

İştirakçılar