17.11.2015. Azərbaycanda Qlobal Sahibkarlıq Həftəsi qeyd olunur - konfrans

17.11.2015. BAKI – Bu gün ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə Bakı Biznes Mərkəzində Qlobal Sahibkarlıq Həftəsi çərçivəsində “Azərbaycanda qadın sahibkarlığının inkişafı” adlı konfrans keçirilib.

ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən və USAID-in Kiçik Sahibkarlığın İnkişafına Dəstək layihəsinin dəstəyi ilə təşkil olunmuş bu tədbirdə dövlət qurumlarının, ictimai  birliklərin, beynəlxalq təşkilatların, səfirliklərin, beyin mərkəzlərinin və universitetlərin nümayəndələri iştirak edib. Konfrans iştirakçıları Azərbaycanın iqtisadi diversifikasiya məqsədləri üçün kiçik sahibkarlığın, o cümlədən qadın sahibkarlığının ölkədə genişləndirilməsinin vacib olduğunu xüsusilə vurğuladılar.

ABŞ səfiri Robert Sekuta qeyd etdi ki, “ABŞ Azərbaycanda qadınların iqtisadi imkanlarının artırılması sahəsində çalışır. Sahibkarlıq iqtisadi səlahiyyətlənmənin və iştirakçılığın artırılması üçün mühüm imkanlar yaradır.” Həmçinin o, sahibkarlığın inkişafının sürətləndirilməsi məqsədilə Azərbaycan hökumətinin atdığı addımları alqışladı və ABŞ hökumətinin islahatların davamlı və səmərəli olması üçün Azərbaycanla tərəfdaşlıq etməyə hazır olduğunu bir daha qeyd etdi.

Qlobal Sahibkarlıq Həftəsi ərzində bütün dünyada keçirilən tədbirlər və müsabiqələr milyonlarla insanı sahibkarlıqla məşğul olmağa ruhlandırır və eyni zamanda onları potensial tərəfdaşlar, mentor və hətta investorlarla əlaqələndirir. 2008-ci ildə təsis olunandan bəri Qlobal Sahibkarlıq Həftəsi 160 ölkəyə əhatəsini genişləndirərək bütün dünyada sahibkarlıq sistemlərini qurur və gücləndirir. Builki Qlobal Sahibkarlıq Həftəsində dünyanın müxtəlif yerlərində keçirilən 30000 tədbirdə təxminən 10 milyon insan iştirak edəcək.   

Azərbaycanda Kiçik Sahibkarlığın İnkişafına Dəstək layihəsini ictimai birliklər konsorsiumu (Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu, İqtisadi Tədqiqatlar Mərkəzi, İqtisadi Təşəbbüslərə Yardım Mərkəzi, Kiçik və Orta Müəssisələrin İnkişafına Yardım Mərkəzi, Xalça Dünya Assosiasiyası, Gələcəyə Körpü Gənclər təşkilatı, “Şəffaflıq Azərbaycan” İB) həyata keçirir. ABŞ-ın qadınların iqtisadi imkanlarının artırılması səylərinin bir hissəsi olaraq Azərbaycanda 400 qadına kiçik sahibkarlıqla məşğul olmağa dəstək göstərmək məqsədilə USAID həmin konsorsiuma əlavə 500,000 ABŞ dolları məbləğində vəsait ayırıb.

Gündəlik

ABŞ səfiri Robert Sekutanın çıxışı (ingilis dilində)

İştirakçılar #1

İştirakçılar #2