06.05.2015. Bu gün Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun (SBİİYF) ABŞ Beynəlxalq İnkışaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanda kiçik sahibkarlığın inkişafına dəstək” layihəsi çərçivəsində Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu (SBİİYF) və İqtisadi Tədqiqatlar Mərkəzi (İTM), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının konfrans zalında "Vətəndaşlara məxsus nəqliyyat vasitələrinin təmiri və onlara texniki xidmət göstərilməsi ilə məşğul olan sahibkarlıq subyektlərinin (avtoservis) qarşılaşdıqları inzibati baryerlərin aşkara çıxarılması" mövzusunda dəyirmi masa keçirib. Dəyirmi Masada sahibkarlar, müxtəlif şirkətlərin təmsilçiləri, ictimai birliklərin nümayəndələri və ekspertlər iştirak ediblər.
Dəyirmi Masa iştirakçılarını salamlayan SBİİYF prezidenti Sabit Bağırov əvvəlcə Fondun keçirdiyi layihələr və sahibkarol.biz veb səhifəsi haqqında qısa məlumat verdi. Sabit Bağırov bildirdi ki, "Vətəndaşlara məxsus nəqliyyat vasitələrinin təmiri və onlara texniki xidmət göstərilməsi ilə məşğul olan kiçik sahibkarlıq subyektlərinin (avoservislərin) qarşılaşdıqları inzibati baryerlərin aşkara çıxarılması" mövzusunda tədqiqat işi aparılmış və müvafiq hesabat hazırlanmışdır. Sonra Sabit Bağırov "Avtoservislər: Mövcud vəziyyət, problemlər və çıxış yolları" mövzusunda məruzə etmək üçün sözü İqtisadi Tədqiqatlar Mərkəzinin eksperti Qalib Toğrula verdi.
Məruzədən sonra tədbir iştirakçılarının məruzəçilərə ünvanladığı suallar cavablandırıldı və mövzu ətrafında müzakirələr aparıldı.
Təqdimat: "Avtoservislər: Mövcud vəziyyət, problemlər və çıxış yolları" (Məruzəçi: Qalib Toğrul)