Azər Mehtiyev

 

Azər Mehtiyev – Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosentidir, iqtisadiyyat üzrə fəlsəfə doktorudur. O, “Sənayenin iqtisadiyyatı” (İndustrial Economiks”), “Firmanın iqtisadiyyatı”, “Neft sənayesinin iqtisadiyyatı” fənlərindən mühazirələr oxuyur.

Azər Mehtiyev 2007-ci ildən bəri həm də İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin rəhbəridir. Təşkilat əsasən iqtisadi-sosial mövzularda tədqiqatlar aparır, layihələr həyata keçirir. A. Mehtiyevin əsas araşdırma mövzuları sırasına hasilat sənayesində şəffaflıq və hesabatlılıq, neft gəlirlərindən səmərəli istifadə, dövlət maliyyəsinin və dövlət büdcəsinin səmərəli idarə edilməsi, sahibkarlıq və investisiya mühiti, habelə yerli özünüidarəetmənin təşkili məsələləri daxildir.

Azər Mehtiyev həmçinin Xəzər Universitetinin nəzdində olan Avrasiya Hasilat Sənayeləri Bilik Mərkəzinin dövlət büdcəsinin gəlir və xərclərinin menecmenti məsələləri üzrə təlimçisidir.

A. Mehtiyev 2013-2015-ci illərdə Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (EİTİ) üzrə ölkə Çoxtərəfli Qrupunun üzvü, Mədən Sənayesində Şəffaflığın Artırılması QHT Koalisiyası İdarə Heyətinin üzvü olub. O, Azərbaycanın MHŞT hesabatlarının hazırlanmasında və həmin hesabatlara QHT Koalisiyasının rəylərinin hazırlanmasında fəal iştirak etmişdir.

A. Mehtiyev 2005-2014-cü illər dövründə Milli Büdcə Qrupu İdarə Heyətinin üzvü olmuş, illik dövlət büdcələrinin layihəsi və icra vəziyyəti ilə bağlı rəylərin işlənməsində iştirak etmiş, dövlət maliyyəsinin və dövlət büdcəsinin idarə edilməsində şəffaflığın, hesabatlılığın və səmərəliliyin artırılması istiqamətində bir sıra tədqiqatların müəllifi olmuşdur. O, 1995-1998-ci illər dövründə “Ekonomiks”iqtisadi qəzetində baş redaktor nüavini, 1999-2007-ci illər dövründə isə “Ekspert” iqtisadi jurnalında baş direktor vəzifələrində çalışmışdır.

Azər Mehtiyev son illər ölkədə sahibkarlıq və investisiya mühiti, ayrı-ayrı fəaliyyət sahələrində sahibkarlığın inkişafına olan inzibati və digər maneələrin aradan qaldırılması istiqamətində araşdırmalar aparır.