Monitorinq hesabatı (Ələt, Hacıqabul, Sabirabad)
13-14 sentyabr 2016-cı il tarixində İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (State Secretariat for Economic Affairs - SECO) Azərbaycandakı Nümayəndəliyinin və Azərbaycan Resbublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının birgə dəstəyi ilə həyata keçirilən "Azərbaycanda inkişafı təşviq etmək üçün müzakirə platforması" (AİTEMP) layihəsi çərçivəsində Ələt- Hacıqabul şosesinin hər iki tərəfində salınmış yaşıllıq zolağı və Sabirabad rayonunun Şıxbabalı, Osmanlı, Qaratoğay və Axtaçı Muğan kəndlərində yerləşən sutəmizləyici qurğuların, kənddaxili bulaqların (kaçalka) faktiki vəziyyəti monitorinq olunub.
Monitorinq qrupu işinə 13 sentyabr 2016-cı il tarixində Ələt-Hacıqabul magistral avtomobil yolunun hər iki kənarında salınmış meşə zolağının monitorinqi ilə başlayıb (Şəkillər əlavə olunur). Əraziyə qulluq edən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) tabeçiliyindəki Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu ASC-nin 8 saylı Yaşıllaşdırma İdarəsinin direktoru Oqtay Mirzəyev yaşıllıq zolağının Bakl-Astara magistralının 70-ci kilometrindən Bakı-Qazax magistralının 85-ci kilometrinə qədər olan ərazini əhatə etdiyini deyib.
Monitorinq qrupu 76 nəfər işçisi olan idarənin 632 hektarlıq sahədə saldığı və qulluq etdiyi meşə zolağının təsadüfi seçmə yolu ilə 4 ayrı hissəsində monitorinq aparıb, ağacların əkilməsi, damcılı suvarmanın, ağaclara aqrotexniki qulluğun olunması, cərgələrarası şumlama, malalama, cərgələrin alaq otlarından təmizlənməsi, ağacların gövdə ətrafının bellənməsi, onlara gübrə verilməsi, ağacların vaxtında budanması və nisbətən böyük ağacların gövdələrinin əhənglə rənglənməsi vəziyyətini müşahidə edib. Monitorinq zamanı hər hansı neqativ hala rast gəlinməyib, sadalanan komponentlər üzrə işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi, damcılı suvarma sisteminin işlək vəziyyətdə olması qeydə alınıb.
Bu ərazidə də son zamanlar salınan sahələrdə zeytunların çoxluğu diqqət çəkib. Direktorun verdiyi məlumata görə, adıçəkilən ərazidə 196 min 312 ədəd zeytun ağacı əkilib. Zeytunların əksəriyyətinin artıq bar verdiyi müşahidə olunub.
Monitorinq zamanı İdarənin daxili imkanları hesabına, əlavə büdcə vəsaiti xərclənmədən tingçilik təsərrüfatı yaradıldığı faktı qeydə alınıb. Təsərrüfatda toxumdan və tingdən müxtəlif ağacların əkildiyi müşahidə olunub. Təsərrüfatda 100 mindən artıq zeytun tinginin, 10 minə qədər digər ağacların (akasiya, nar, göyrüş, ərik və air) böyüdüldüyü izlənilib.
Monitorinqin ikinci günü Sabirabad rayonunun 4 kəndində kanal suyunun içməli vəziyyətə gətirilməsi məqsədilə qurulmuş sutəmizləyici qurğuların işi monitorinq edilib (Şəkillər əlavə olunur). Monitorinq prosesində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) tabeçiliyindəki Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu ASC-nin “Kür-Arazboyu və digər yaşayış məntəqələrində istifadə olunan içməli suyun ekoloji standartlarına nəzarət və təminat Mərkəzinin Hacıqabul-Sabirabad Regional İdarəsinin istismar bölməsinin baş mütəxəssisi Əlipənah Fətullayev monitorinq qrupunu müşayiət edib. Monitorinq zamanı Şıxbabalı sutəmizləyici qurgusunun texniki operatoru Elnur Cabbarov, Osmanlı sutəmizləyici qurgusunun texniki operatoru Səlim Nurullayev, Qaratoğay sutəmizləyici qurgusunun texniki operatoru Zabil Rayevlə görüşülərək qurğunun işi ilə bağlı fikir mübadiləsi aparılıb. Bütün qurğular təsərrüfatlararası suvarma kanalının üzərində tikilib. Su xüsusi nasoslar vasitəsilə kanaldan götürülərək xüsusi çənlərə yığılır, duruldulur, sonra qum və kömürdən keçirilir, xlor əlavə edilərək, kənddaxili bulaqlara (kaçalka) verilir.
Şıxbabalı, Osmanlı və Qaratoğay sutəmizləyici qurgularının saatlıq istehsal gücü 1.5 kubmetr, Axtaçı Muğan sutəmizləyici qurğusunun gündəlik istehsal gücü isə 2.5 kubmetrdir.
Hər dörd kənddə qurulmuş qurğuların işlək vəziyyətdə olması monitorinq qrupu tərəfindən müşahidə edilib.
Monitorinq zamanı Şıxbabalı kəndindəki 27 ədəd bulaqdan 6-sının, Osmanlı kəndindəki 17 bulaqdan 4-ünün, Qaratoğay kəndindəki 34 bulaqdan 7-sinin, Axtaçı Muğanlı kəndindəki 45 bulaqdan 9-unun işi təsadüfi seçmə yolu ilə yoxlanılıb. Qurğuların hamısının saz vəziyyətdə olduğu və monitorinq zamanı suyun fasiləsiz verilməsi faktı qeydə alınıb.
Monitorinq zamanı yerli sakinlərlə aparılan söhbətlər zamanı suyun keyfiyyətindən razılıq ifadə olunub və onun fasiləsiz verilməsi faktı içməli suyun istehlakçıları tərəfindən təsdiq olunub.
Səfərdə İqtisadi Tədqiqatlar Mərkəzinin Monitorinq qrupunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeçiliyindəki Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu ASC-nin “Kür-Arazboyu və digər yaşayış məntəqələrində istifadə olunan içməli suyun ekoloji standartlarına nəzarət və təminat Mərkəzinin direktoru Samir Məmmədov müşayiət edib.