Monitorinq hesabatı (Ələt, Salyan)
09-10 sentyabr 2016-cı il tarixində İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (State Secretariat for Economic Affairs - SECO) Azərbaycandakı Nümayəndəliyinin və Azərbaycan Resbublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının birgə dəstəyi ilə həyata keçirilən "Azərbaycanda inkişafı təşviq etmək üçün müzakirə platforması" (AİTEMP) layihəsi çərçivəsində Ələt- Salyan şosesinin hər iki tərəfində salınmış yaşıllıq zolağının faktiki vəziyyətinin, Salyan rayonunun Xıdırlı kəndində yerləşən Dəniz Suyunun Duzsuzlaşdırılması Kompleksinin, Şirvan kollektorunun suyunun duzsuzlaşdırılması məqsədilə tikilmiş Duzlu suyun təmizlənilməsi qurğularının (2 ədəd), Bağlı qrunt şəraitində örtülü kök sistemli tinglik idarəsinin işinin monitorinqi məqsədilə qeyd olunan ərazilərə İqtisadi Tədqiqatlar Mərkəzinin Monitorinq qrupunun səfəri həyata keçirilib.
Monitorinq qrupu 9 sentyabrda işinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) tabeçiliyindəki Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu ASC-nin 4 saylı Yaşıllaşdırma İdarəsinin qulluq etdiyi Ələt- Astara magistral avtomobil yolunun hər iki tərəfində salınmış meşə zolağının monitorinqi ilə başlayıb (Şəkillər əlavə olunur). Monitorinq zamanı idarənin rəisi Tural Məmmədov monitorinq qrupunu müşayiət edib. Monitorinq qrupu 88 nəfər işçisi olan idarənin 440 hektarda saldığı və qulluq etdiyi meşə zolağının təsadüfi seçmə yolu ilə 4 ayrı hissəsində monitorinq aparıb, ağacların əkilməsi, damcılı suvarmanın, ağaclara aqrotexniki qulluğun olunması, cərgələrarası şumlama, malalama, cərgələrin alaq otlarından təmizlənməsi, ağacların gövdə ətrafının bellənməsi, onlara gübrə verilməsi, ağacların vaxtında budanması və nisbətən böyük ağacların gövdələrinin əhənglə rənglənməsi vəziyyətini müşahidə edib.
Monitorinq zamanı hər hansı neqativ hala rast gəlinməyib, sadalanan komponentlər üzrə işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi, damcılı suvarma sisteminin işlək vəziyyətdə olması qeydə alınıb. Yaşıllıq zolağının əsasən 10 cərgə salındığı, ilk 2 cərgədə dekorativ bəzək bitki və kollarının əkildiyi müşahidə olunub. Qrunt sularının səviyyəsinin yüksək olduğu ərazilərdə xüsusi drenaj sisteminin qurulduğu, münbitliyi az olan ərazilərdə humus qatının formalaşdırılması məqsədilə kənardan münbit torpaq daşınaraq ərazinin ağac əkmədən öncə hazırlandığı təsbit edilib.
Son zamanlar salınan meşə zolaqlarında zeytun ağaclarının çox olması da diqqət çəkib. Bu hal idarənin direktoru tərəfindən zeytun ağaclarından gələcəkdə məhsul götürülməsi yolu ilə ağaclara qulluğa çəkilən xərclərin bir hissəsinin qarşılanması məqsədilə izah olunub.
Sonra 4 saylı Yaşıllaşdırma İdarəsinin nəzdindəki 2 ədəd Duzlu suyun təmizlənilməsi qurğusuna baş çəkilib (Şəkillər əlavə olunur). “Şirvan” kollektoru üzərində qurulmuş hər iki qurğunun işlək vəziyyətdə olması, kollektordan götürülən suyun (duzluluq 4%) çökdürüldükdən, qum və kağız filtrləri vasitəsilə təmizləndikdən və membranlardan keçirilərək duzsuzlaşdırıldıqdan sonra xüsusi nasosların köməyilə yolboyu 440 hektarda salınmış meşə zolağının suvarılması üçün istifadə olunması müşahidə edilib. Qeyd olunub ki, 2016-cı ilin yazında işə salınmış ikinci sutəmizləyici qurğunun istehsal gücü gündə 2500 kubmetrdir.
Monitorinqin ikinci günündə - 10 sentyabr 2016-cı il tarixində Salyan rayonunun Xıdırlı kəndində yerləşən Dəniz suyunun duzsuzlaşdırılması Kompleksinin işi monitorinq edilib. (Şəkillər əlavə olunur). Kompleksin direktoru Qabil Teymurovun verdiyi məlumata görə, zavodda iki xətt var, istehsal gücü 2000 kubmetrdir. Birinci xətt 2013-cü ildə, ikinci xətt isə 2016-cı ildə işə salınıb. Zavod duzsuzlaşdırmaq üçün suyu (duzluluq 13%) 12 km məsafədə yerləşən Xəzər dənizindən götürür. Suyun əvvəlcə Kompleks ərazisində yerləşən 30 000 kubmetrlik tutumu olan gölə doldurulduğu, sonra 200 kubmetrlik və 500 kubmetrlik anbarlara vurulduğu, daha sonra qum, bazaltdan keçirildiyi, filtrlər vasitəsilə 5 mikrondan böyük olan tullantılardan təmizləndiyi, alınan şəffaf duzlu suyun sonuncu mərhələdə membranlar vasitəsilə duzsuzlaşdırıldığı, qatı duzlu suyun (ümumi həcmin 55%-i) yenidən xüsusi anbarlara, ordan isə dənizə qaytarıldığı, duzsuzlaşdıırılan suyun isə əvvəlcə tutumu 500 kubmetr və 400 kubmetr olan anbarlara doldururlduğu, yekunda xüsusi nasoslar vasitəsilə suvarmaya sərf olunduğu monitorinq qrupu tərəfindən müşahidə edilib. Zavoda duzsuzlaşdırılan suyun kiçik bir hissəsinin içmək üçün tam yararlı vəziyyətə gətirildiyi, minerallaşdırıldığı qeydə alınıb. Zavod ərazisində yerləşən inzibati idarə binasında zavodun işçiləri tərəfindən həmin sudan içmək üçün istifadə olunduğu da təsbit olunub.
Monitorinq qrupu öz işini Salyan rayonu ərazisində salınmış tingçilik təsərrüfatının işinin monitorinqi ilə başa çatdırıb (Şəkillər əlavə olunur). Bağlı qrunt şəraitində örtülü kök sistemli tinglik idarəsinin direktoru Əvəz Abbasov monitorinq zamanı qrupu müşayiət edib və müşahidə zamanı yaranan sualları cavablandırıb. Tingçilik təəsrrüfatında xüsusi şəraitdə zirinç, Suriya qızılgülü, daş sarmaşığı, Arizona sərvi, Şərq tuyası, hind yasəməni, Eldar şamı, Xan çinarı, əncir, tut, göyrüş, ağcaqayın, akasiya, badam, nar, qarağac və digər ağac və bəzək kollarının toxumdan və tingdən istifadə olunaraq böyüdüldüyü müşahidə olunub. Tingçilik təsərrüfatında xüsusi isitmə qurğularının, böyütmə sahələrinin, dibçək və örtüklərin olması da izlənilib.