“Sahibkarların qarşılaşdıqları problemlərin həlli və onların müraciətlərinə baxılması məqsədi ilə yaradılmış Appelyasiya Şuralarının fəaliyyətinin qiymətləndirilməsi” və “ASAN xidmət” mərkəzlərində rəhbər tutulan fəaliyyət prinsipləri və şəffaflıq stand

 

14 iyul 2017-ci il. Bakı şəhəri. Niderland Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu “Azərbaycanda İnsan Haqları, Demokratikləşmə və Yaxşı İdarəetmənin Təşviqi” Proqramını həyata keçirir. Bu Proqram çərçivəsində “AHT Platforması fəaliyyədə” layihəsi üzrə 14.07.2017-ci il tarixində Bakıda, Holiday İnn otelində “Sahibkarların qarşılaşdıqları problemlərin həlli və onların müraciətlərinə baxılması məqsədi ilə yaradılmış Appelyasiya Şuralarının fəaliyyətinin qiymətləndirilməsi” və “ASAN xidmət” mərkəzlərində rəhbər tutulan fəaliyyət prinsipləri və şəffaflıq standartlarının dövlət orqanlarında tətbiqi ilə bağlı tədbirlərin həyata keçirilməsi prosesinin qiymətləndirilməsi” mövzularında dəyirmi masa müzakirələri keçirilmişdir.

Tədbirdə müxtəlif dövlət qurumlarının, Platforma üzvü olan və olmayan qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak etmişdir. AHT Platformasının koordinatoru Əliməmməd Nuriyevin açılış nitqindən sonra Platforma üzvü olan Mülki Cəmiyyətə Doğru İctimai Birliyinin rəhbəri “Sahibkarların qarşılaşdıqları problemlərin həlli və onların müraciətlərinə baxılması məqsədi ilə yaradılmış Appelyasiya Şuralarının fəaliyyətinin qiymətləndirilməsi” barədə təqdimatla çıxış etmiş və bu institutların fəaliyyətinin təkmilləşdirilməsinə dair tövsiyələr irəli sürmüşdü. Bunların sırasında: 1) Appelyasiya Şuralarının tərkibinə sahibkar birliklərinin və digər ictimai qurumların nümayəndələrinin daxil edilməsi; 2) sahibkarların Şuralar barədə məlumatlılığının artırılması; 3) Şuraların müntəzəm şəkildə hesabatlılıqlarının aşkarlanması və digər tövsiyələr. Daha sonra məruzəçi səslənən suallara cavab vermişdir.

Dəyirmi masanın ikinci hissəsində Şəffaflıq- Azərbaycan təşkilatının rəhbəri Dr.Rəna Səfərəliyeva “ASAN xidmət” mərkəzlərində rəhbər tutulan fəaliyyət prinsipləri və şəffaflıq standartlarının dövlət orqanlarında tətbiqi ilə bağlı tədbirlərin həyata keçirilməsi prosesinin qiymətləndirilməsi” mövzusunda təqdimatla çıxış etmişdir. Tədqiqatın məqsədi dövlət qurumlarının xidmət mərkəzlərində ASAN xidmətin fəaliyyət prinsiplərinin tətbiqi ilə bağlı real vəziyyəti öyrənmək və xidmət mərkəzlərinin fəaliyyətinin daha da yaxşılaşdırılması üçün tövsiyələr verməkdir. Monitorinq çərçivəsində 9 dövlət qurumuna məxsus 9 xidmət mərkəzinin fəaliyyəti qiymətləndirilmişdir. Qiymətləndirmə “ASAN xidmət” mərkəzlərində rəhbər tutulan fəaliyyət prinsipləri və şəffaflıq standartları - şəffaflıq, rahatlıq, operativlik, nəzakətlilik, məsuliyyət və vətəndaş məmnuniyyəti meyarları əsasında aparılmışdır. Monitorinqin nəticələri göstərmişdir ki, xidmət mərkəzlərinin ən yaxşı nəticə göstərdiyi meyarlar nəzakətlilik, məsuliyyət və operativlik meyarları üzrə olmuşdur. Rahatlıq və şəffaflıq meyarları üzrə nəticələrin səviyyəsi orta kimi qiymətləndirilmişdir. Vətəndaş məmnuniyyəti meyarı ilə bağlı nəticələr aşağı olmuşdur. Buradan belə nəticə çıxarmaq mümkündür ki, xidmət mərkəzləri şəffaflığı və rahatlığı təmin edən mexanizmləri təmin etməli və ən əsası vətəndaş məmnuniyyətini öyrənən mexanizmlər tətbiq etməlidirlər. Daha sonra məruzəçi iştirakçıların suallarına cavab vermişdir.

Tədbir, iştirakçıların müzakirələri və Əliməmməd Nuriyevin yekun sözü ilə tamamlanmışdır.

 

Pres - reliz
Gündəlik
1-ci dəyirmi masanın iştirakçıları
2-ci dəyirmi masanın iştirakçıları
Təqdimat: “Apellyasiya şuralarinin fəaliyyətinin monitorinqi: nəticələr və tövsiyələr ”, Abil Bayramov