Tədbirlər

29.09.2015. “Qadın gücünə güc” layihəsinin yekunu

Sentyabrın 29-da Bakıda “Qadın gücünə güc” layihəsinin nəticələrinə həsr olunmuş yekun konfrans həyata keçirilib. Layihə Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu ilə birgə əməkdaşlıq çərçivəsində baş tutub.

Tədbirdə Konrad Adenauer Fondunun Cənubi Qafqaz üzrə direktoru Canan Atılqan, Avropa İttifaqının Azərbaycandakı ofisinin əməkdaşlıq bölməsinin rəhbəri Jeroen Villems, Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun direktoru Sabit Bağırov danışaraq layihənin fəaliyyəti və nailiyyəti haqqında məlumat veriblər.

“Qadın gücünə güc” layihəsinin koordinatoru Şəhla İsmayıl da gördükləri işlər haqqında danışıb. Həmçinin, layihənin nəticələrinə on dəqiqəlik sənədli film göstərilib.

Həmçinin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova ölkədəki qadın problemlərindən danışıb, bu cür layihələrin üstünlüklərindən söz açıb.

Qeyd edək ki, sözügedən layihə Konrad Adenauer Stiftung və Avropa İttifaqının maliyyə dəstəyi ilə iki ildir ki, həyata keçirilir.

Strategiya Planının hazırlanması Sahibkar Qadınların məhsul sərgisi (http://powertowomen.a z/menu/5/e-sergi)

 

11-13.07.2015. İsmayıllıda “Qadın gücünə güc!” layihəsi çərçivəsində keçirilən üç günlük təlimlər

Azərbaycanda Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu (SBİİYF) ilə birgə əməkdaşlıq çərçivəsində, Avropa İttifaqının maliyyə dəstəyi ilə Almaniyanın Konrad Adenauer Stiftung (KAS) fondu tərəfindən reallaşdırılan “Qadın gücünə güc!” layihəsi çərçivəsində iyulun 11-13-də İsmayıllıda keçirilən təlimlər başa çatıb.

AZƏRTAC xəbər verir ki, ucqar bölgələrdə qadınların sosial- iqtisadi və ictimai- siyasi həyatda iştirakı, onların qərar vermə prosesində fəal rol oynamaları üçün bilik və bacarıqlarının artırılması məqsədilə keçirilən layihə 2 il üçün nəzərdə tutulub və Azərbaycanın Aran, Gəncə-Qazax, Lənkəran-Astara, Quba- Xaçmaz, Şəki-Zaqatala bölgələrini əhatə edir.

Layihə çərçivəsində İsmayıllıda keçirilən təlimlərdə sahibkarlığa həvəsi olan 50-yə yaxın gənc qadın iştirak edir.

“Qadın gücünə güc!” layihəsinin koordinatoru Leyla İsgəndərova çıxışında məsələ ilə bağlı ətraflı məlumat verib, iştirakçıları maraqlandıran sualları cavablandırıb. Vurğulanıb ki, bu gün öz bilik və bacarığı, yüksək intellektuallığı ilə tanınan Azərbaycan qadını ölkəmizin istər sosial- iqtisadi, istərsə də ictimai-siyasi həyatında, dövlət idarəçiliyində böyük rola malikdir.

 

26.11.2013. Bakıda “Qadın gücünə güc!” layihəsinin təqdimatı

Noyabrın 26-da “JW Marriott Absheron” otelində “Qadın gücünə güc! - Qadınların sosial, iqtisadi və siyasi iştirakçılıqda gücləndirilməsi” layihəsinin təqdimatı olmuşdur. Layihə Azərbaycanda Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu (SBİİYF) ilə birgə əməkdaşlıq çərçivəsində, Avropa İttifaqının maliyyə dəstəyi ilə Almaniyanın Konrad Adenauer Stiftung (KAS) fondu tərəfindən həyata keçirilir.

Konrad- Adenauer-Stiftung fondunun Cənubi Qafqaz üzrə Siyasi Dialoq Regional Proqramının direktoru Canan Atılqan açılış nitqində layihə və ondan gözlənilən nəticələr haqqında tədbir iştirakçılarına məlumat vermişdir. Bildirilmişdir ki, məqsəd demokratik proseslərdə və institutlarda qadınların iştirakının gücləndirilməsi yolu ilə inkluziv və plüralist cəmiyyəti inkişaf etdirmək, eləcə də kənd yerlərində sosial-iqtisadi və siyasi həyatda qadınların iştirakı və onların qərar qəbuletmə prosesində fəal rol oynamaları üçün imkanların yaxşılaşdırılmasıdır. İki il davam edəcək layihədə hədəf olaraq Bakı, Gəncə-Qazax, Lənkəran- Astara, Quba-Xaçmaz, Şəki-Zaqatala və Aran regionlarından 400 qadın seçiləcəkdir. Mərkəzi və yerli icra hakimiyyəti orqanlarından 35, qeyri-hökumət təşkilatlarından 25 qadın layihədə iştirak edəcəkdir. C.Atılqan vurğulamışdır ki, layihə çərçivəsində qadınlara kommunikasiya bacarığı, iştirak mexanizmləri, biznes və sahibkarlıq fəaliyyətində və yerli mediada iştirakla bağlı təlimlər keçiriləcəkdir.

Təqdimat mərasimində Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri vəzifəsini icra edən Toralf Pliz, Milli Məclisin deputatı Sevinc Hüseynova, Amerika Ticarət Palatasının icraçı direktoru Nərgiz Nəsrullayeva-Muduroglu çıxış etmişlər.