SAHİBKARLIĞA VƏ BAZAR İQTİSADİYYATININ İNKİŞAFINA YARDIM FONDU

  
Bu gün: 24 Sentyabr 2018, Bazar ertəsi
Çexiyalı nazir: Azərbaycanla birgə müəssisələr yaratmaqda maraqlıyıq (YENİLƏNİB)

Bakı. Ənvər Məmmədov - Trend

12.09.2018.Çexiya Azərbaycanla birgə müəssisələrin yaradılmasında maraqlıdır. Trend-in məlumatına görə, bunu Çexiyanın sənaye və ticarət naziri Marta Novakova Bakıda keçirilən Azərbaycan-Çexiya biznes forumunda deyib.

Çexiyalı nazirin sözlərinə görə, ölkə sahibkarları üçün Azərbaycanın əczaçılıq və neft-kimya sənayesi daha çox maraq doğurur. Nazirin sözlərinə görə, bundan başqa, dəmiryolu vaqonlarının istehsalı üzrə birgə müəssisə yaradılması da mümkündür.

O deyib: "Çexiya dəmiryolu vaqonlarının istehsalında yaxşı təcrübəyə malikdir. Ona görə dəmiryolu vaqonlarının birgə istehsalı məsələsini öyrənirik".

M.Novakova vurğulayıb ki, Azərbaycan bazarı Çexiya şirkətləri üçün cəlbedicidir:

"Azərbaycan bizim etibarlı tərəfdaşımızdır. Bizim aramızda nə siyasi, nə iqtisadi məsələlərdə problem var. Biz tikinti, nəqliyyat, energetika, əczaçılıq sahələrindəki təcrübəmizlə bölüşməyə hazırıq. Neft-kimya sahəsində də birgə müəssisə yaratmaq imkanı var".