SAHİBKARLIĞA VƏ BAZAR İQTİSADİYYATININ İNKİŞAFINA YARDIM FONDU

  
Bu gün: 17 Noyabr 2018, Şənbə
media-2013
Lisenziyalaşdırma: dəyirmi masada təkliflər verildi
Media Forum
14 iyun 2013. "Azərbaycanda 90 növ fəaliyyət lisenziyalaşdırılır, 46 fəaliyyət üçün icazə, 27 halda xüsusi icazə, 39 halda şəhadətnamə, 19 halda rəy tələb olunur. Ayrı-ayrı sahibkarlıq fəaliyyəti ilə məşğul olan iş adamlarına tətbiq edilən bütün növ icazə və lisenziyaların ümumi sayı 305-dir"

İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin iyunun 14-də təşkil etdiyi "Azərbaycanda sahibkarlıq fəaliyyətinin lisenziyalaşdırılması: problemlər və həll yolları" adlı dəyirmi masada iqtisadçı ekspert Kənan Aslanlı belə deyib.

Kənan Aslanlı deyib ki, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi 35, Fövqəladə Hallar Nazirliyi 31, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi 26, Kənd Təsərrüfatı Nazirliyi 24, Mərkəzi Bank 18 fəaliyyət üzrə lisenziya və icazələr vermək səlahiyyətinə malikdir: "Lisenziyalar əlavə xərcə, vaxt itkisinə, yeni iştirakçıların bazara çətin girməsinə, biznes məhsuldarlığının azalmasına, rəqabət mühitinin pisləşməsinə səbəb olur".

Kənan Aslanlı lisenziyalaşdırma sahəsindəki mümkün islahatların istiqamətlərini belə sadalayıb:

  • Bütün növ icazə və lisenziyalaşdırma fəaliyyətlərinin meyarlarını və qaydalarını özündə əks etdirən normativ-hüquqi aktın qəbul edilməsi;
  • Lisenziya əldə etmək üçün ödənilən vəsaitlərin adambaşına düşən milli gəlir norması əsasında yenidən tənzimlənməsi və lisenziya müddətlərinin bəzi istisnalarla uzadılması;
  • Lisenziyalaşdırma prosesində iddialının həmin xidməti və ya istehsalı həyata keçirmək üçün yalnız minimum tələblərə cavab verməsinin şərt kimi qoyulması;
  • Xüsusən yeni yaranan müəssisələrdə və ya xüsusi ekoloji standart tələb olunmayan layihələrdə müraciətlər üçün qanunvericilikdə nəzərdə tutulan vaxt müddətində inzibati orqandan cavab olmadıqda lisenziyanın avtomatik verilmiş hesab edilməsi;

Dəyirmi masada söz alan iqtisadçı ekspert Nazim Məmmədov deyib ki, lisenziyaları ayrı-ayrı qurumların deyil, vahid bir dövlət qurumunun verməsi yaxşı olardı.