SAHİBKARLIĞA VƏ BAZAR İQTİSADİYYATININ İNKİŞAFINA YARDIM FONDU

  
Bu gün: 17 Noyabr 2018, Şənbə
media-2013
İctimai birlik əmək müqaviləsi problemi ilə bağlı təkliflərini açıqlayıb
"Media forum"
02 oktybr 2013. Oktyabrın 2-də İqtisadi Təşəbbüslərə Yardım (İTY) İctimai Birliyi "Azərbaycanda əmək müqavilələrinin tətbiqi problemləri və həlli yolları" mövzusunda dəyirmi masa təşkil edib. Müzakirəyə dövlət qurumlarının, beynəlxalq təşkilatların təmsilçiləri, deputatlar, sahibkarlar, müstəqil ekspertlər və yerli QHT-lərin nümayəndələri qatılıblar.

Tədbiri giriş sözü ilə açan ictimai birliyinin rəhbəri Azər Mehtiyev bildirib ki, ölkədə sahibkarlıq fəaliyyətinin tənzimlənməsi sahəsində son illər qabarıq nəzərə çarpan problemlərdən biri də işçilərin əmək müqaviləsi olmadan çalışdırılmasıdır: "Rəsmi statistik məlumatlara əsasən, 2012-ci ilin sonunda ölkə iqtisadiyyatında çalışan 4.4 milyon məşğul əhalinin yalnız 1.48 milyon nəfəri muzdlu işçi olub, yəni əmək müqaviləsi ilə çalışıb. Problemin ciddiliyini hökumət də qəbul edib, son illər bu istiqamətdə bir sıra addımlar atıb. Problemin həlli istiqamətində təklif və tövsiyələrin hazırlanması üçün ABŞ Beynəlxalq İnkişaf Agentliyinin dəstəklədiyi layihə çərçivəsində Azərbaycanda əmək müqavilələrinin tətbiqi ilə bağlı araşdırma aparılıb. Bugünkü dəyirmi masada həmin araşdırmanın nəticələri və hazırlanan tövsiyələr diqqətinizə çatdırılır. Burada səslənən təkliflər də nəzərə alınmaqla araşdırmanın təkmilləşdirilmiş variantı və tövsiyələr hökumətə də təqdim ediləcək".

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədr müavini, araşdırmanın müəllifi Rövşən Ağayev "Azərbaycanda əmək müqavilələrinin tətbiqini tənzimləyən mexanizmlər: problemlər və təkmilləşdirmə yolları" mövzusunda təqdimatla çıxış edib. O vurğulayıb ki, ölkədə əmək münasibətləri rəsmiləşdirilən işçi qüvvəsinin ümumi məşğul əhalidə xüsusi çəkisi 35%-i ötmür: "Bu isə o deməkdir ki, iqtisadiyyatda çalışan hər 10 nəfərdən ən yaxşı halda 3-4 nəfəri əmək müqaviləsi əsasında işləyir. Aqrar sektorda çalışanların cəmi 2,5%-i, tikinti, ticarət, ictimai iaşə və nəqliyyat sektorunda məşğul olanların isə 35-40%-i əmək müqaviləsi ilə işləyir.

Ölkə qanunvericiliyi əmək müqaviləsindən yayınan müəssisələr və onların vəzifəli şəxsləri üçün xeyli yüksək məbləğdə cərimələr (məsul vəzifəli şəxslər 3000 manatdan 5000 manatadək, onların təmsil etdiyi hüquqi şəxslər isə 20 000 manatdan 25 000 manatadək miqdarda çərimə edilməlidir) nəzərdə tutulsa da, hətta son illər müvafiq dövlət qurumlarının yoxlama fəaliyyəti genişlənsə də, problemi tam aradan qaldırmaq mümkün olmur".

Ekspert qeydiyyatsız məşğulluğun qarşısının alınması və əmək müqavilələrinin təşviqi ilə bağlı Azərbaycan hökumətinin 4 istiqamətdə tədbirlər həyata keçirməsini vacib sayır: "Hər şeydən əvvəl mövcud sistemin dəyişdirilməsi, yəni işəgötürənlərin işçi ilə bağlı maliyyə yükünün yüngülləşdirilməsi zəruridir. Hazırda Azərbaycanda işəgötürənlərin məşğulluğa görə vergi yükü 29.1 faizlə hətta bir sıra Avropa ölkələrindən belə yüksəkdir. Sahibkarların muzdlu işçiyə görə sosial sığorta yükünün hazırkı 22%-dən 15%-dək endirilməsi məqsədəuyğundur".

Rövşən Ağayevin ikinci təklifi əmək müqavilələrinin icrasına nəzarət edən qurumların işinin səmərəsini artırmaqla bağlıdır. Onun fikrincə, əmək müfəttişliklərinin apardığı yoxlamaların səmərəliliyi artırılmalı, müqavilələrin icrasına məsul qurumların əməkdaşlığının daha effektiv formaları tapılmalıdır: "Hazırda Əmək Müfəttişliyinin mərkəzi aparatı və yerli qurumlarının birlikdə 365 ştatı, o cümlədən 300-dən artıq müfəttişi var. Bu o deməkdir ki, Azərbaycanda 1 müfəttişə düşən məşğul əhali sayı 13600 nəfər, faktiki fəaliyyət göstərən sahibkarlıq subyektləri (fiziki və hüquqi şəxslər) hesabı ilə 1 müfəttişə düşən işəgötürən sayı 660 vahid təşkil edir. Beynəlxalq təcrübədən çıxış eləsək, Azərbaycanda əmək müqavilələrinə nəzarəti həyata keçirən müfəttişlərin sayı optimal sayıla bilər. Ona görə də burada əsas diqqət nəzarətin keyfiyyətinə və səmərəliliyinə yönəldilməlidir.

Daha bir mühüm məsələ əmək müqavilələrinin bağlanmamasına görə inzibati sanksiyaların sərtləşdirilməsidir. Bir sıra ölkələrdə sərt sanksiyalar yalnız əmək müqaviləsiz işçinin çalışdırılmasına görə pul cərimələrinin tətbiqi ilə məhdudlaşmır, həmçinin işəgötürənə həbs cəzasının kəsilməsi, müqaviləsiz çalışdırma faktının aşkarlandığı müəssisələrin müəyyən bir dövr üçün tenderlərə girişinin qadağan olunması, lisenziyalaşdırılan fəaliyyət olduqda lisenziyanın ləğvi kimi sanksiyalar da nəzərdə tutulur.

Nəhayət, zəruri fəaliyyət istiqamətlərindən biri də əmək müqavilələrinin təbliği ilə bağlı maarifləndirici və təşviqedici tədbirlərin gücləndirilməsidir".