SAHİBKARLIĞA VƏ BAZAR İQTİSADİYYATININ İNKİŞAFINA YARDIM FONDU

  
Bu gün: 17 Noyabr 2018, Şənbə
media-2013
Məşğul əhalinin cəmi 1/3-nin əmək müqaviləsi var
Elxan - "Həftə içi" online ictimai-siyasi qəzet
03 oktybr 2013. İqtisadiyyatda çalışan hər 10 nəfərdən ən yaxşı halda 3-4 nəfəri əmək müqavilələri əsasında işləyir

Rəsmi statistikaya əsasən 2012-ci ilin sonunda ölkə iqtisadiyyatında çalışan 4,4 milyon məşğul əhalinin yalnız 1,48 milyon nəfəri muzdlu işçi olub. Bu isə o deməkdir ki, Azərbaycanın əmək bazarındakı məşğul əhalinin yalnız 3/1 hissəsi əmək müqaviləsi əsasında işləyir. Yerdə qalanların isə işəgötürənlə belə bir müqaviləsi yoxdur.

"Həftə içi"nin məlumatına görə, bunu İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin (İTYİB) rəhbəri Azər Mehtiyev "Azərbaycanda əmək müqavilələrinin tətbiqi problemləri və həlli yolları" mövzusunda təşkil olunan dəyirmi masadakı çıxışında söyləyib. ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin dəstəyi ilə həyata keçirilən "Azərbaycanda kiçik sahibkarlığın inkişafına dəstək" layihəsi çərçivəsində təşkil olunmuş tədbirdə əmək bazarındakı mövcud problemlərin həlli yolları müzakirə olunub. Azər Mehtiyev bildirib ki, problemin ciddiliyi və həll olunması zəruriliyi hökumət tərəfindən də qəbul olunub və son illər bu istiqamətdə bir sıra addımlar atılıb. Onun sözlərinə görə, problemin həlli istiqamətində təklif və tövsiyələrin hazırlanması üçün "Kiçik sahibkarlığın inkişafına dəstək" layihəsi çərçivəsində "Azərbaycanda əmək müqavilələrinin tətbiqini tənzimləyən mexanizmlər: problemlər və təkmilləşdirmə yolları" mövzusunda araşdırma aparılıb.

Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun rəhbəri Sabit Bağırov isə həmin araşdırmaların nəticələrindən danışarkən deyib ki, əmək müqavilələri ilə bağlı problemin həllində sahibkarlar da maraqlıdırlar. Onun sözlərinə görə, işçilərlə əmək münasibətlərinin qanunauyğun qurulması sahibkarlar üçün əhəmiyyətlidir və bu cür tədqiqatlar problemin həllinə dəstək verəcək.

İTYİB-in sədr müavini, araşdırmanın müəllifi Rövşən Ağayev isə təqdimatla çıxış edərək deyib ki, hazırda Azərbaycanda əmək münasibətləri rəsmiləşdirilən işçi qüvvəsinin ümumi məşğul əhalidə xüsusi çəkisi 35 faizdən yuxarı deyil. Bu isə o deməkdir ki, iqtisadiyyatda çalışan hər 10 nəfərdən ən yaxşı halda 3-4 nəfəri əmək müqavilələri əsasında işləyir. Onun sözlərinə görə, aqrar sektorda çalışanların cəmi 2,5 faizi, tikinti, ticarət, icimai iaşə və nəqliyyat sektorunda məşğul olanların isə 35-40 faizi əmək müqaviləsi ilə çalışır

Xatırladaq ki, ölkə qanunvericiliyi əmək müqaviləsindən yayınan müəssisələr və onların vəzifəli şəxsləri üçün xeyli yüksək məbləğdə cərimələr nəzərdə tutulur. Məsələn, İnzibati Xətalar Məcəlləsinə əsasən, işəgötürənlərin Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsini bağlamadan işçi işlədərsə, bu məsələyə məsul vəzifəli şəxslər 3 min manatdan 5 min manatadək, onların təmsil etdiyi hüquqi şəxslər isə 20 min manatdan 25 min manatadək miqdarda çərimə edilməlidir. Amma Rövşən Ağayev bildirir ki, hətta son illər müvafiq dövlət qurumlarının yoxlama fəaliyyəti genişlənsə də, problemi tam həll etmək mümkün olmur.

Ekspert qeydiyyatsız məşğulluğun qarşısının alınması və əmək müqavilələrinin təşviqi ilə bağlı Azərbaycan hökumətinin 4 istiqamətdə tədbirləri həyata keçirməsini vacib hesab edir. Onun fikrincə, hər şeydən əvvəl mövcud sistemin dəyişdirilməsi, yəni işəgötürənlərin işçi ilə bağlı maliyyə yükünün yüngülləşdirilməsi zəruridir. Rövşən Ağayev vurğulayıb ki, hazırda Azərbaycanda işəgötürənlərin məşğulluğa görə vergi yükü 29,1 faizlə hətta bir sıra Avropa ölkələrindən belə yüksəkdir. O, hazırkı şəraitdə sahibkarların muzdlu işçiyə görə sosial sığorta yükünün hazırkı 22 faizdən 15 faizədək endirilməsini daha məqsədəuyğun sayır.

Rövşən Ağayev əmək müqavilələrinin icrasına nəzarət edən dövlət qurumlarının işinin səmərəliliyinin yüksəldilməsi istiqamətində ciddi addımların atılmasını da təklif edir. O hesab edir ki, əmək müfəttişliklərinin yoxlamalarının səmərəliliyinin artırılması və müavilələrin icrasına məsul qurumların əməkdaşlığının daha effektiv formalarının tapılması təmin edilməlidir: "Azərbaycanda hazırda Əmək Müfəttişliyinin mərkəzi aparatı və yerli qurumlarının birlikdə 365 ştatı, o cümlədən, 300-dən artıq müfəttişi var. Bu, o deməkdir ki, Azərbaycanda 1 müfəttişə düşən məşğul əhali sayı 13 min 600 nəfər, faktiki fəaliyyət göstərən sahibkarlıq subyektləri hesabı ilə 1 müfəttişə düşən işəgötürən sayı 660-dır. Beynəlxalq təcrübədən çıxış etdikdə, Azərbaycanda əmək müqavilələrinə nəzarəti həyata keçirən müfəttişlərin sayı optimal hesab oluna bilər. Ona görə də burada əsas diqqət nəzarətin keyfiyyətinə və səmərəliliyinə yönəldilməlidir".

Əmək müqavilələrinin bağlanmaması ilə bağlı inzibati sanksiyaların sərtləşdirilməsindən danışan Rövşən Ağayev deyir ki, bir sıra ölkələrdə sərt sanksiyalar yalnız əmək müqaviləsiz işçinin işlədilməsinə görə pul cərimələrinin tətbiqilə məhdudlaşmır. Həm də işəgötürənə həbs cəzasının kəsilməsi, müqaviləsiz çalışdırma faktının akşarlandığı müəssisələrin müəyyən bir dövr üçün tenderlərə girişinin qadağan olunması, lisenziyalaşdırılan fəaliyyət olduqda lisenziyanın ləğvi kimi sanksiyalar da beynəlxalq təcrübədə geniş yayılıb. Onun sözlərinə görə, əmək müqavilələrinin təbliğilə bağlı maarifləndirici və təşviqedici tədbirlərin gücləndirilməsi də vacib məsələlərdəndir.

Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov isə bildirir ki, əmək müqavilələri ilə bağlı problemin kökündə əksər hallarda məmur sahibkarlığı dayanır. Onun fikrincə, Dövlət Əmək Müfəttişliyinin yoxlama fəaliyyətinə qoyulan bəzi məhdudiyyətlər də bu qurumun işinin effektini aşağı salır: "Hazırda ölkədə on minlərlə insan dayə, aşbaz, xadimə, bağban, sürücü, mühafizəçi öz xidməti işlərini evlərdə yerinə yetirirlər. Lakin bu insanların fəaliyyətləri tam muzdlu əmək olduğu halda onların əksəriyyəti ilə əmək müqavilələri bağlanmır. Bunun əsas səbəblərindən biri də Əmək Məcəlləsində ev qulluğu işlərində çalışanlarla əmək münasibətlərinin tənzimlənməməsidir".

Sahib Məmmədov Əmək Məcəlləsinə "sahibkar olmayan fiziki şəxs" anlayışının, habelə "Ev qulluğu işlərinə cəlb edilən şəxslərlə əmək münasibətlərinin tənzimlənməsinin xüsusiyyətləri" adlı fəslin daxil edilməsini zəruri hesab edir. Onun fikrincə, Vergi Məcəlləsinə və Sosial Sığorta haqqında Qanuna və digər normativ hüquqi aktlara müvafiq əlavə və dəyişikliklər etməklə ev işlərinə cəlb edilən və muzdlu əmək fəaliyyətini həyata keçirən işçilərə münasibətdə fərqli -daha az vergi və icbari sosial sığorta üzrə ödəmə nəzərdə tutula bilər.