SAHİBKARLIĞA VƏ BAZAR İQTİSADİYYATININ İNKİŞAFINA YARDIM FONDU

  
Bu gün: 17 Noyabr 2018, Şənbə
media-2013
Lisenziyalaşdırma sistemi dəyişməlidir
Qələndər Xaçınçaylı - Həftə içi
14 iyun 2013. Dünən Bakıda "Azərbaycanda sahibkarlıq fəaliyyətinin lisenziyalaşdırılması: problemlər və həlli yolları" mövzusunda dəyirmi masa keçirilib. İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin (İTYİB) təşkil etdiyi tədbirdə dövlət orqanlarının və beynəlxalq təşkilatların təmsilçiləri, sahibkarlar, müstəqil ekspertlər, QHT-lərin nümayəndələri iştirak edib.

"Həftə içi"nin məlumatına görə, tədbiri İTYİB-in sədri Azər Mehtiyev açaraq bildirib ki, hazırda ölkəmizdə sahibkarlığın inkişafına mane olan çoxsaylı amillərdən biri də mövcud lisenziyalaşdırma və icazə sistemidir. O xatırladıb ki, 2011-ci il oktyabrın 26-da ölkə başçısı "Müəyyən sahibkarlıq fəaliyyəti növləri ilə məşğul olmaq üçün tələb edilən xüsusi razılıq (lisenziya) və icazə sistemi ilə bağlı bəzi məsələlər haqqında" fərman imzalasa da, hazırlanmalı olan qanun layihəsi hələ də müzakirələrə çıxarılmayıb. Hazırda rəhbərlik etdiyi təşkilatın kiçik və orta sahibkarların lisenziyalaşdırılması sahəsində araşdırma apardığını deyən Azər Mehtiyevin sözlərinə görə, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstəklədiyi "Kiçik sahibkarlığın inkişafına dəstək" layihəsi çərçivəsində reallaşan araşdırmanın məqsədi sahibkarlıq fəaliyyətində mövcud olan problemlər öyrənmək və onların həlli yollarını göstərməkdir.

Araşdırmanın müəllifi ekspert Kənan Aslanlı deyib ki, hazırda Azərbaycanda müxtəlif növ icazələr tətbiq olunur: 90 növ fəaliyyət lisenziyalaşdırılır, 46 fəaliyyət üçün icazə, 27 halda xüsusi icazə, 39 halda şəhadətnamə, 19 halda rəy. Ayrı-ayrı sahibkarlıq fəaliyyəti ilə məşğul olan iş adamlarına tətbiq edilən bütün növ icazə və lisenziyaların ümumi sayı isə 305-dir. Onun sözlərinə görə, bu lisenziya və icazələrin alınması sahibkarlara uzun zaman, böyük rəsmi və qeyri-rəsmi xərclər və bürokratik əngəllər hesabına başa gəlir.

Ayrı-ayrı hökumət qurumlarının verdikləri icazələrin sayına toxunan Kənan Aslanlı bildirib ki, hazırda Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi 35, Fövqəladə Hallar Nazirliyi 31, Rabitə və İnformasiyalar Nazirliyi 26, Kənd Təsərrüfatı Nazirliyi 24, Mərkəzi Bank 18 fəaliyyət üzrə lisenziya və icazələr vermək səlahiyyətinə malikdir. Onun sözlərinə görə, biznes qurumu olmasına baxmayaraq, ARDNŞ-nin də başqa şirkətlərə icazələr vermək səlahiyyəti var.

"İcazə və lisenziyalar sistemində islahatlar: xarici təcrübə" mövzusunda çıxış edən Beynəlxalq Maliyyə Korporasiyasının təmsilçisi Həsən Hüseynov isə təmsilçisi olduğu qurumun 2008-ci ildə bu sahədə ciddi araşdırmalar apardığını deyib. Onun fikrincə, hazırda Azərbaycanda sahibkarlığın geniş miqyasda inkişafına mane olan əsas məsələlərdən biri məhz mövcud lisenziyalaşdırma və icazə sistemidir: "2008-ci ildə apardığımız araşdırma zamanı məlum oldu ki, ölkəmizdə çalışan iş adamları bir il ərzində icazə və lisenziyalara 35 milyon manata qədər xərc çəkirlər".

Keçmiş millət vəkili, iqtisadçı Nazim Məmmədov bildirib ki, bu məsələ uzun illərdir müzakirə edilir. O xatırladıb ki, hətta 2010-cu ildə cəmiyyətin bütün təbəqələrinin iştirakı ilə keçirilən böyük bir forumda bu məsələ müzakirə edilmiş və hökumətə tövsiyələr verilmişdi: "O zaman belə fəkliflər səslənirdi ki, ölkədə icazə və lisenziyalara məsul olan vahid qurum yaradılsın və bu sahədə bütün işlər həmin quruma həvalə edilsin. Amma bunlar nədənsə, reallaşmadı. Halbuki mövcud icazə və lisenziya sistemi iqtisadiyyatın inhisarlaşmasına xidmət edir və bu problemin həll olunması çox vacibdir"

Millət vəkili Fazil Mustafa isə tədbirdəki çıxışında mövcud lisenziya və icazə sisteminin ölkəmizdə kiçik və orta sahibkarlığın heç də yeganə problemi olmadığını deyib. Onun sözlərinə görə, faktiki olaraq ikili iqtisadiyyatın hökm sürdüyü indiki şəraitdə Azərbaycanda bütövlükdə biznes mühiti ilə bağlı çoxsaylı problemlər mövcuddur: "Hazırda heç bir Azərbaycan vətəndaşı öz təşəbbüsü ilə istədiyi iqtisadi fəaliyyət sahəsində biznes qura bilməz. Kiçik və orta sahibkarlığın inkişafı üçün ölkədə biznes mühitinin dəyişməsi vacibdir. Beş il müddətinə lisenziya almış sahibkar müddət bitdikdən sonra yenidən bütün prosedurları keçməli və bütün xərcləri çəkməli olur. Halbuki, belə işini davam etdirən sahibkarlar çox rəmzi ödənişlə lisenziyanın müddətinin növbəti dövrə uzadılmasına nail olmalıdır"

Müzakirələrdə iştirak edən Azərbaycan Tacirlər Birliyinin sədri Sevgim Rəhmanov isə ölkə başçısının 2002-ci ildə imzaladığı fərmanları xatırladaraq deyib ki, o vaxt prezidentin yanında Sahibkarlar Şurası yaradılsa da, qısa müddətdən sonra onun fəaliyyəti dayandırıldı. Onun sözlərinə görə, ölkəmizdə lisenziyalaşdırmanın məqsədi bəlli deyil. Üstəlik lisenziya və icazələrlə məşğul qurumların fəaliyyətinin şəffaflığında da ciddi problemlər var

Tədbirdə digər tədbir iştirakçılar da araşdırılan mövzunun əhəmiyyətindən və araşdırma zamanı diqqətə gətirilməli olan məsələlərdən danışıblar. Ekspertlər sahibkarlıq fəaliyyətinin lisenziyalaşdırılması sahəsində ciddi islahatların aparılmasının zəruriliyini xüsusi vurğulayıblar.