SAHİBKARLIĞA VƏ BAZAR İQTİSADİYYATININ İNKİŞAFINA YARDIM FONDU

  
Bu gün: 17 Noyabr 2018, Şənbə
media-2013

Küçə ticarəti: rəsmi qaydaları olmayan qeyri-rəsmi iqtisadiyyat

Coşqun Calaloğlu - Günxəbər.

11 dekabr 2013. Azərbaycanda insanların mövsümü (bəlkə də müvəqqəti demək daha doğru olardı) məşğul olduqları işlərdən biri də küçə ticarətidir. Ölkə əhalisinin çox hissəsinin Bakı şəhərində yaşadığını və işlədiyini nəzərə alsaq, paytaxtın küçə və meydanlarında, səkilərdə, bazarların ətrafında, avtobus dayanacaqlarında, metro stansiyalarının giriş-çıxışlarında küçə ticarətinə rast gəlmək mümkündür.

Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun (SBİİYF) ABŞ BİA-nın maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanda kiçik sahibkarlığın inkişafına dəstək” layihəsi çərçivəsində İqtisadi Tədqiqatlar Mərkəzinin ekspertləri “Küçə  ticarətində inzibati baryerlərin  müəyyənləşdirilməsi” mövzusunda tədqiqat aparıblar.

Mərkəzin ekspertlərinin fikrincə, Azərbaycanda küçə ticarətinin tənzimlənməsi üçün ilk növbədə bu anlayışa tərifin verilməsi və onun komponentlərinin müəyyənləşdirilməsi vacibdir.  Bu ticarət növü, adətən,  kompleks və muxtar  şəkildə təznimlənir. Kompleks tənzimlənmə, adətən, şəhər meriyası və bələdiyyələr, muxtar tənzimlənmə isə qapalı ərazilərdə idarəetməyə məsul olan dövlət və ya bələdiyyə orqanı  tərəfindən aparılır.Küçə ticarətinin müvəqqəti tənzimlənmə praktikası da mövcuddur. Buna misal olaraq paytaxt Bakı şəhərinin və rayonların müxtəlif bazarlarında, küçə və meydançalarında bəzən həftə sonlarında, bəzi hallarda isə bayram öncəsi kənd tərərrüfatı məhsullarının satış yarmarkalarının təşkil olunmasını göstərmək olar.

Mərkəzin eksperti Qubad İbadoğlu bildirir ki, Azərbaycanda küçə ticarətinin statistikasını təqdim etmək mümkün deyil: “Aprdığımız tədqiqatlar zamanı məlum olub ki, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi fərdi sahibkarların (hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti məşğul olanların) qeydiyyatını aparsa da, ayrıca olaraq səyyar, bazarlarda və digər kütləvi ticarət yerlərində piştaxtadan, avtomobildən və qoşqu vasitələrindən istifadə etməklə pərakəndə satış fəaliyyəti ilə məşğul olan sahibkarlarla bağlı  statistika və  uçot mövcud deyil”.

Ekspert küçə ticarətinin tənzimlənməsi ilə bağlı problemlərin olduğunu bildirir. Onun fikrincə, ölkəmizdə küçə ticarətinin hüquqi tənzimlənməsi problemi var. Ayrıca qanunla, normativ aktlarla kücə ticarətinin idarə olunması qaydaları mövcud deyil: “İkinci problem institutsional tənzimləmə ilə bağlıdır. Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamenti istisna olmaqla  bazarlarda, yarmarkalarda və ticarət mərkəzlərində ticarət və xidmət qaydalarının gözlənilməsinə nəzarət edən digər dövlət və ya bələdiyyə orqanı müəyyənləşdirilməyib. Yalnız bu departament bəzi hallarda küçə ticarətinə nəzarəti həyata keçirir və bu sahədə qanun pozuntularının aradan qaldırılması ilə bağlı qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görür”.

Qubad İbadoğlu bu sahədəki digər 2 problemin vergi və inzibati tənzimlənmə ilə bağlı olduğu qənaətindədir: “Azərbaycan Respublikası Vergi Məcəlləsində səyyar, bazarlarda və digər kütləvi ticarət yerlərində piştaxtadan, avtomobildən və qoşqu vasitələrindən istifadə etməklə pərakəndə satış fəaliyyətinə vergi nəzarəti nəzərdə tutulsa da, onun üçün xususi vergi ödənişləri nəzərdə tutulmayıb. İnzibati tənzimlənməyə gəlincə, İnzibati Xətalar Məcəlləsinə edilən son əlavə və dəyişikliklərdən sonra müəyyən edilməmiş yerlərdə malların satılması və ya işlərin (xidmətlərin) göstərilməsinə görə cərimənin məbləği 80 manat müəyyən olunub”. Ekspertin fikrincə, küçə ticarəti ümumi və xususi qaydalarla tənzimlənə bilər: “Hazırda Azərbaycanda, xüsusilə də Bakı şəhərində küçə ticarəti əsasən xüsusi (muxtar) qaydada  və ayrıca seçilmiş ərazidə tənzimlənir. Küçə ticarətinin xüsusi qaydada və ayrıca bir ərazidə tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər“ Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinın fəaliyyəti diqqətə layiqdir. Belə ki, bu ərazidə suvenir satışı ilə məşğul olanlar İdarədən kirayə götürdükləri sandıqlara görə aylıq olaraq 350- 450 manat  birdəfəlik ödəniş edirlər. Bununla yanaşı sahibkarlar hər ay 20 manat zibillərın yığılması və daşınmasına görə, hər rüb 100 manat isə vergi orqanlarına ödəniş edirlər. Bu ərazidə ticarətlə məşğul olanlar digər təşkilatlara rəsmi və ya  qeyri-rəsmi ödənişlər etmədiklərini bildirirlər”.

Ölkəmizdə küçə ticarətinin muxtaq qaydada digər tənzimlənməsinun digər bir nümunəsi isə metro stansiyalarının keçidlərində aparılan ticarətdir. Baki metropoliteni metro keçidlərində yerləşən ticarət obyektlərinin hər kvadrat metri üçün ayda 100 manat vəsait toplayır. Bundan əlavə, həmin ərazidə ticarətlə məşğul olan sahibkarlardan vergi adı ilə ayda 75 manat vəsait yığılır. Bu ödəniş standartdır, obyektin sahəsindən asılı deyil. Burada ticarətlə məşğul olanların fəaliyyətinə digər dövlət orqanları müdaxilə etmirlər. Metronun daxilində isə sahibkarlar uyğun yeri seçdikdən sonra aylıq icarə pulunu bank hesabına köçürürlər. Əlavə xərc isə ancaq gecə mühafizəsinə verilir. Metrodakı ticarət məntəqələrinin qarşılaşdığı çətinliklər yüksək icarə haqqı və normal iş şəraitinin olmamasıdır.

Avropalıların və asiyalıların küçə ticarəti bizimkindən nə ilə fərqlənir?

Avropa ölkələrində küçə ticarətinə fərqli yanaşmalar, onun tənzimlənməsinin müxtəlif variantları var. Avropanın bır sıra ölkələrində küçə ticarətinə Asiya və Yaxın Şərqdən fərqli olaraq biznes kimi deyil, ənənəvi və mədəni məsələ kimi baxılır. Xüsusilə də, Avropanın şimalında yerləşən liman şəhərlərində (Stokholm, Amsterdam və s.) küçə ticarətinə şəhər təsərrüfatının ayrılmaz hissəsi olan mədəni və tarixi prizmadan yanaşma mövcuddur. Avropanın cənubunda yerləşən turist şəhərlərində (Barselona, Roma və s.) isə küçə ticarəti turistlərin cəlb edilməsində əhəmiyyətli rol oynayır. Yaxın Şərqin, Cənub-şərqi Asiyanın, eləcə də  keçmiş SSRİ-nin bir sıra ölkələrində, xüsusilə də, miqrantların cəlb olunduğu küçə ticarəti daha çox gəlir  qazanmaq məqsədli olmaqla yanaşı, həm də gizli iqtisadiyyatın ayrılmaz elementidir. Odur ki, bu ölkələrdə yerli və mərkəzi hökümətlər küçə ticarətinin qarşısının alınmasına çalışır və onun genişlənməməsi üçün məhdudiyyətlər tətbir edirlər.

Ekspertin fikrincə, Avropa Birliyinə üzv olan ölkələrdə tətbiq olunan küçə ticarəti modelləri daha çox maraq doğurur. Bu ölkələrdə küçə ticarəti, xüsusilə də bayram öncəsi və bayram günlərində daha geniş yayılıb.

İtaliyada küçə ticarəti ilə günün müəyyən saatlarında (saat 17:00-dən 21:00-dək)  məşğul olmaq olar.  Son illər Çex Respublikasının paytaxtı Praqada küçə ticarətinə qarşı fəal mübarizə aparılır. Şəhər rəhbərliyinin fikrincə, küçə ticarəti şəhərin görünüşünü eybəcərləşdirir, sanitar-gigiyenik qaydaların pozulmasına səbəb olur. Praqada şəhərin mərkəzi küçələrindən çadırların və piştaxtaların yığılması mütəmadi olaraq həyata keçirilir. Son 10 ildə 750 ticarət nöqtəsinin 250-dən çoxu mərkəzi küçələrdən yığışdırılıb. İspaniyanın tursitik bölgəsi Barselonada isə küçə ticarətçilərinin ən çox toplandığı məkan Katalon meydanıdır. Burada rəssamlar, gülsatanlar, balsatanlar üçün ayrıca bazarlar var. Ev heyvanları bazarı isə şəhərin düz mərkəzində yerləşir. Küçə ticarətçilərinin ən çox məskunlaşdığı yerlər metro çıxışları və intensiv piyada keçidləridir. Tənzimlənməyən küçə ticarəti indiki Barselonanın ən xarakterik əlamətidir. Burada küçə ticarəti ilə əsasən imiqrantlar – afrikalılar, pakistanlılar, ərəblər məşğul olur.
Çinin xüsusi inzibati rayonu olan Honkonq rüsumsuz liman kimi tanındığından buraya kapitalın və işadamlarının fasiləsiz axını davam edir. Honkonq dünyada küçə ticarətinin ən çox inkişaf etdiyi məkan kimi tanınır. Honkonqun mərkəzi küçə kafeləri, piştaxtalar tərəfindən zəbt olunub. Qoşqu vasitələrində təzə yeməklər hazırlanır. Bu yeməklər çox ucuz olduğundan turistlər tərəfindən ona böyük tələbat var. Yaponiyada isə küçə ticarəti daha çox ərzaq üzrə ixtisaslaşıb. Tokioda küçə ticartərtinin bir qolu olan balıq bazarında gündə 3 ton təzə balıq satılır. Yaponiyada küçə ticarətini fərqləndirən daha bir amil onun avtomatlaşdırılmasıdır. Yaponiya avtomatlardan olunan satışa görə dünyada birinci yeri tutur. Bu ölkədə hər 23 adama bir avtomat düşür. Özü də bu avtomatlar bizim bildiyimiz su və içkilər satan avtomatlardan fərqli olaraq yumurta, çətir, gül dəstəsi, hətta buz da satır.

Nə etməli?

Ekspert Qubad İbadoğlu hesab edir ki, küçə ticarəti haqqında əsasnamələr hazırlanmalı və bu ticarət müvafiq yerlərdə rəsmi formada həyata keçrilməlidir. Onun fikrincə, hazırda nə küçə ticarətçilərinin satdıqları məhsulların keyfiyyət göstəricisi məlumdur, nə də əldə olunan qazancdan dövlət büdcəsinə vergi ödənilir. Ekspert hesab edir ki, bu da qeyri-rəsmi iqtisadiyyatın genişlənməsi, vergidən, sosial ödənişlərdən yayınma hallarının artması, korrupsiya üçün münbit şəraitin yaranması, mənşəyi bilinməyən, keyfiyyətsiz malların satışı deməkdir. Eyni zamanda, tənzimlənməyən küçə ticarəti paytaxtda nəqliyyat vasitələrinin  və pyadaların  hərəkətini çətinləşdirir, şəhərin görkəminə xələl gəlir, istehlakçıların hüquqlarını qorumaq imkanlarını azaldır və satıcıların əmək və sosial hüquqlarını təmin etmək sahəsində çətinliklər yaradır.

Ekspert təklif edir ki, ilk növbədə, huquqi bazanın yaradılması istiqamətində işlər görülməli, tənzimləyici qanunverici və normativ baza yaradılmalı, “küçə ticarəti” anlayışı  və onun sərhədləri müəyyənləşdirilməlidir. Qubad İbadoğlu hesab edir ki, bundan sonra institutsional bazanın formalaşdırılmasına başlanılmalıdır. Kücə ticarətinin tənzimlənməsi sahəsində  institusional əsasda səlahiyyətlər bölgüsünə yenidən baxılmalı və bələdiyyələr bu sahənin idarəedilməsi prosesinə cəlb olunmalıdır. Küçə ticarətinin vergi tənzimlənməsi sahəsində isə patent-vergi və ya lisenziya sisteminin tətbiqi daha səmərəli olardı.

Ekspertin fikrincə, bütün bunlarla yanaşı, küçə ticarətinin təşkili məsələləri ilə bağlı  fərdi sahibkarlar arasında marifləndirmə işləri  təşkil edilməli, küçə ticarəti ilə məşğul olan işçiləri əhatə edən ayıca sosial sığorta növü tətbiq olunmalı, kücə ticarəti ilə məşğul olan fərdi sahibkarların  birlikləri və  assosiasiyaları yaradılmalıdır.