SAHİBKARLIĞA VƏ BAZAR İQTİSADİYYATININ İNKİŞAFINA YARDIM FONDU

  
Bu gün: 13 Dekabr 2018, Cümə axşamı
media-2013
Vergi niyə yerində sayır?
Bəkir Nərimanoğlu - Media Forum
26 dekabr 2013. Azərbaycanda vergidən yayınma maliyyə idarəetməsinin əsas problemlərindən sayıla bilər. Son illərin statistik təhlili göstərir ki, qeyri-neft sektorunun maliyyə potensialına adekvat olmayan vergi yığımı və idarəçiliyi səbəbindən bu bölmədən dövlət büdcəsinə əhəmiyyətli daxilolma yoxdur..

Belə ki, 2013-cü ildə dövlət büdcəsində daxil olacaq qeyri-neft gəlirlərinin ÜDM-də xüsusi çəkisi 9,3 faiz proqnozlaşdırılıb. Bu il üçün dövlət büdcəsinin qeyri-neft gəlirlərinin qeyri-neft ÜDM-də payının 15,1 faiz olacağı gözlənir.

İnkişaf etmiş ölkələrdə büdcəyə vergi və rüsumlardan daxilolmalar ÜDM-in 30-35 faizi intervalında dəyişir. Azərbaycanda bu göstəricinin beynəlxalq müqayisədə aşağı olmasının əsas səbəblərindən biri vergi ödəmə intizamının zəif olması, bu sistemdəki korrupsiya ucbatından gerçəkləşdirilən vergi yığımının büdcədə akkumulyasiya edilməməsi və vergi ödəyicilərində vergi ödəmə mədəniyyətinin formalaşmamasıdır.

İqtisadçı ekspert Qubad İbadoğlu deyir ki, bu il də daxil olmaqla son 5 ildə Azərbaycanda qeyri-neft ÜDM-nin orta illik artım tempi 10 faiz ətrafında dəyişsə də, həmin sektordan büdcəyə daxilolma sabit qalır: "Qeyri-neft sektorunun artım tempi, yeni yaradılan iş yerlərinin sayı, idxal dövriyyəsinin genişlənməsi ilə büdcəyə vergi və rüsumlardan daxilolmalar arasında korrelyasiyanın olmaması da vergidən yayınmanın kütləvi xarakter daşımasını isbatlayan əsas arqumentlərdən sayıla bilər.

Belə ki, son illər ərzində qeyri-neft sektorunun xüsusilə də tikinti və xidmət bölməsinin ÜDM-də payının artması, rəsmi məlumatlara görə, son 10 ildə 1,2 milyondan çox yeni iş yerinin açılması və eləcə də təkcə 2012-ci ildə özündən əvvəlki illə müqayisədə idxalın 45,6 faiz artması müqabilində yenə də qeyri-neft sektorundan büdcəyə daxilolmaların həcmi sabit qalıb. Bu isə neft gəlirlərindən asılı olan dövlət büdcəsinin idarə edilməsinin riskini çoxaldır".

Ekspertin sözlərinə görə, büdcə gəlirlərinin təhlili göstərir ki, xüsusilə də fərdi sahibkarlıq sektorundan daxilolmalarda problemlər mövcuddur: "2012-ci ilin büdcəsinin icra vəziyyətinin təhlili göstərir ki, fiziki şəxslər üzrə sadələşdirilmiş vergi proqnozu kəsirlə icra edilib. 2012-ci il sadələşdirilmiş vergi üzrə 110 milyon manat proqnoza 111,4 milyon manat və ya 101,3% icra edilib. Sadələşdirilmiş vergi ödənişlərinin icra səviyyəsi 2010-cu ildən 70,1%, 2011-ci ildən isə 11% artıq yerinə yetirilməsinə baxmayaraq bu artım əsasən hüquqi şəxslər tərəfindən ödənilən sadələşdirilmiş verginin proqnozdan 19,2%, o cümlədən digər hüquqi şəxslər üzrə isə 25,5% artıq icra edilməsi səbəbindən baş verib. Lakin mülkiyyətdə və ya istifadədə olan avtonəqliyyat vasitələri ilə sərnişin və yük daşıyan hüquqi şəxslər tərəfindən sadələşdirilmiş vergi üzrə büdcə proqnozu 46,6% və ya 3,24 milyon manat, o cümlədən fiziki şəxslər tərəfindən 13,7% və ya 8,3 milyon manat, digər fiziki şəxslər üzrə isə 10,1% və ya 5,5 milyon manat az icra edilib. Halbuki bu il iyul ayının 1-nə olan son statistik məlumata görə, fiziki şəxs olaraq fərdi sahibkarlıqla məşğul olanların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 13,5 faiz artıb. Vergilər Nazirliyinin məlumatına əsasən, 2013-cü il iyulun 1-i vəziyyətinə fərdi sahibkarların sayı 448 mindən çox olub. Ötən ilin eyni dövründə, yəni 2012-ci il iyulun 1-nə Azərbaycanda qeydiyyatdan keçmiş hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin sayı 394 283 təşkil edib".

İqtisadi Tədqiqatlar Mərkəzinin həyata keçirdiyi "Azərbaycanda Kiçik Sahibkarlığın İnkişafına Dəstək" layihəsi çərçivəsində tədqiqatda qeyd edilir ki, ötən illər ərzində sadələşdirilmiş vergi növü üzrə daxilolmaların payı büdcə gəlirlərində azalmaqdadır. 2011-ci ildə sadələşdirilmiş vergi mənbəyindən daxilolmalar dövlət büdcəsi gəlirlərində 0,89 faiz təşkil etsə də, 2012-ci ildə bu göstərici 0,64 faiz olub.

Qubad İbadoğlu bildirir ki, sadələşdirilmiş vergi növünün təkmilləşdirilməsinə zərurət yaranıb.

Ekspert təklif edir ki, bu vergi rejiminin daha mütərəqqi formalarından biri kimi patent vergi sistemidir (PVS): "Sadəlik və şəffaflıq patentin hesablanmasının əsas formuludur. Patentin dəyəri bu və ya digər biznesin potensial olaraq mümkün gəlirlərindən asılıdır. Məsələn, biz hesab edək ki, şəhərin mərkəzində ticarət obyektlərinin birinin satış sahəsi 50 kvadratmetr olan biznesi var, bunun üçün təxmini olaraq ayda 300 manat məbləğində patent vergi müəyyənləşdirilir. Bununla yanaşı hesablamalar Bakı şəhəri üzrə fərdi sahibkarların orta statistik gəlirliyi əsasında müəyyənləşdirilir və sonra da həmin məbləğ 6-ya bölünərək aylar üzrə ödənişin məbləği hesablanır. Bu zaman hər bir biznes sahəsi üzrə orta statistik gəlirlilik hesablanır və bu zaman icarədən əldə edilən gəlirlər də əsas götürülür. Əldə edilən nəticə mütləq adekvat və obyektiv olur.

Əgər fərdi təsərrüfat subyekti illik patent alarsa, o halda vergi orqanları həmin fərdi sahibkarın gəlir və xərclərinə nəzarət etmir, bu halda da sahibkarlarla vergi müfəttişlərinin ünsiyyəti azalır. Bu da kiçik sahibkarlığın inkişafına mane olan inzibati baryerlərin azalmasına gətirib çıxarır".

Qubad İbadoğlu qeyd edir ki, patent vergi sisteminin tətbiqi zamanı aşağıdakı amillərin nəzərə alınması məqsədəuyğundur: "Birincisi, xüsusi vergi rejiminin tətbiqi zamanı bəyannamə təqdim olunmur. İkincisi, PVS tətbiq edən əksər vergi ödəyicisi üçün vergi yükü çox ağır olmur, aşağı sosial tariflər isə yalnız pərakəndə ticarətə, ictimai iaşəyə və kirayə verilməsinə şamil olunmur.

Üçüncüsü, verginin ödənilmə qaydası patentin qüvvədə olan müddətindən asılıdır, onun müddəti bir təqvim ili ərzində 1 aydan az və 12 aydan çox ola bilməz. PVS-nin tətbiqi zamani fəaliyyət növlərinin müddəti və patent alınmasının son müddəti qanunvericilikdə təsbit olunmalıdır".