SAHİBKARLIĞA VƏ BAZAR İQTİSADİYYATININ İNKİŞAFINA YARDIM FONDU

  
Bu gün: 17 Noyabr 2018, Şənbə
media 2013
Müqaviləsiz əməkdən çıxış yolları
Bəkir Nərimanoğlu - Contact.az
10 sentyabr 2013. Qeyri-rəsmi məşğulluq və qanunsuz muzdlu fəaliyyətdən istifadə Azərbaycan iqtisadiyyatı üçün ən ciddi problemlərdən biridir. Rəsmi statistik məlumata görə, hazırda Azərbaycanda məşğul olan işçi qüvvəsinin təxminən 33 faizi əmək müqaviləsi əsasında çalışır. Halbuki, məsələn, inkişaf etmiş ölkələrdə işçi qüvvəsinin ən azı 90 faizi, bir sıra keçid ölkələrində isə 80-85 faizi rəsmi işəgötürənlə imzalanan əmək müqavilələri əsasında fəaliyyət göstərir.

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin apardığı araşdırmalar göstərir ki, qeyri-rəsmi məşğulluğun miqyası kölgə iqtisadiyyatı ilə birbaşa bağlıdır. Birliyin araşdırmalarında qeyd olunur ki, əmək müqavilələrinin bağlanmasının həm bütövlükdə iqtisadiyyat, həm də muzdlu işçilərin özləri üçün ciddi üstünlükləri var: "Rəsmi müqaviləyə əsaslanan məşğulluq işçiləri ciddi sosial risklərdən sığortalayır. Belə ki, məhz əmək müqaviləsi işçiləri haqqı ödənmədən iş vaxtından əlavə işlərə, həmçinin əmək funksiyasına daxil olmayan işlərə cəlb etməyə, işçiyə qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı əməkhaqqı ödəməyə imkan vermir, işçinin zərurət yarandığı hallarda peşə hazırlığını artırmasına və ya yeni ixtisasa yiyələnməsinə təminat verir, işçinin əmək funksiyasını yerinə yetirməsi zamanı əmlakına və səhhətinə dəyən ziyanın ödənməsini tələb etməsinə, işsizliyə görə qanunvericiliklə müəyyən olunmuş dövlət təminatı almasına, məzuniyyət və pensiya hüququ qazanmasına hüquqi əsaslar yaradır".

Birliyin ekspertləri qeyd edirlər ki, iqtisadiyyat üçün rəsmi məşğulluğun ən ciddi üstünlüyü dövlət büdcəsinə vergi və sosial sığorta ödənişlərini tam həcmdə cəlb etməyin mümkün olmasıdır, əks halda hökumətin pensiya xərclərini və başqa büdcə öhdəliklərini maliyyələşdirməsi çətinləşir.

İqtisadçı ekspert Rövşən Ağayev deyir ki, Azərbaycan hökumətinin son illər qeydiyyatsız muzdlu məşğulluğun qarşısının alınması istiqamətində vergi və əmək qanunvericiliyinin təkmilləşdirilməsi, Əmək Müfəttişliyinin nəzarətinin gücləndirilməsi istiqamətində atdığı addımlar hələlik arzu olunan nəticəni vermir: "Axır illərdə ümumi məşğulluqda əmək müqaviləsi ilə çalışanların xüsusi çəkisi dəyişməz qalıb".

Real vəziyyət

Dünyada muzdlu işçilər kateqoriyasına işəgötürənlə əmək müqaviləsi bağlayan işçi qüvvəsi aid edilir. Oxşar yanaşma Azərbaycanda da tətbiq olunur. Milli qanunvericiliyə görə, yazılı əmək müqavilələri vasitəsilə əmək şəraitini, vəzifə və öhdəliklərini dəqiqləşdirən işçilər muzdlu işçilər adlandırılır. Bu kateqoriyaya daxil olmayan məşğul əhali isə işəgötürənlər və özünü məşğul əhali hesab edilir. Dünya təcrübəsində "özünü məşğul" işçi qüvvəsi həm də "qeyri-rəsmi məşğul əhali" adlandırılır. Çünki özünü məşğulluq rəsmi qeydiyyata alınmır, onların vergi orqanları və sosial müdafiə fondları qarşısında vergi öhdəlikləri yaranmır.

Rövşən Ağayev bildirir ki, rəsmi statistik məlumatların təhlili 2007-2012-ci illərdə Azərbaycanda iqtisadiyyat üzrə məşğul əhalinin ümumi cəmində muzdlu işçilərin payının dəyişmədiyini, 33 faiz təşkil etdiyini göstərir: "Bu o deməkdir ki, iqtisadiyyat üzrə hər 10 məşğul əhalidən yalnız 3 nəfəri əmək müqaviləsi əsasında çalışır. Ötən ilin yekunlarına əsasən, vergi və dövlət sosial müdafiə orqanlarında sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi qeydiyyatdan keçən şəxslər və hüquqi şəxs kimi fəaliyyət göstərən müəssisə və təşkilatların rəhbər işçiləri nəzərə alınsa, ölkədə "işəgötürən" kateqoriyasına aid edilə biləcək təxminən 300 min nəfər var. Bu isə ümumi məşğul əhalinin 7 faizini təşkil edir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2012-ci ildə sərbəst məşğul əhalinin (özünü məşğullar) sayı 989,6 min nəfər təşkil edib ki, bu da ümumi məşğul əhalinin 22,3 faizi qədərdir. Qeyri-rəsmi məşğulluq iqtisadiyyatın dövlət sektorunun problemi deyil. Aparılan araşdırmalar göstərir ki, dövlət sektorunda çalışanların hamısı rəsmi müqavilə əsasında çalışan muzdlu işçilərdir. 2012-ci ilin yekunlarına görə, özəl sektorda çalışan yerdə qalan işçi qüvvəsinin sayı 2,177 milyon nəfər olub. Həmin işçilərin isə cəmi 341,7 min nəfərini və ya 15,7 faizini muzdlu işçilər təşkil edib. İnkişaf etmiş ölkələrdə, xüsusilə də Avropa Birliyinin köhnə üzvləri olan Qərbi Avropa dövlətlərində muzdlu işçilərin ümumi məşğulluqda payı orta hesabla 85 faizə, özünü məşğul əhalinin payı 8 faizə, işəgötürənlərin xüsusi çəkisi isə 6 faizə çatır.

Rəsmi statistik məlumatların təhlili göstərir ki, hazırda Azərbaycanda iqtisadiyyatın ayrı-ayrı sektorları üzrə muzdlu işçilərin ümumi məşğulluğa nisbəti bir-birindən kəskin fərqlənir. 2012-ci ildə məşğul olanların tərkibində muzdlu işçilərin payı kənd təsərrüfatında 2,5 faiz, tikintidə 34,6 faiz, nəqliyyat sektorunda 38,6 faiz, turizm və ictimai iaşə sektorunda 38,8 faiz, rabitə və informasiya ticarətində 42,8 faiz, emal sənayesində 44,2 faiz təşkil edib. Göründüyü kimi, sadalanan sektorlarda qeyri-rəsmi məşğulluğun səviyyəsi xeyli yüksəkdir. Bu sahədə ən yaxşı durum təhsil, səhiyyə, maliyyə-sığorta sektorları və mədən sənayesində müşahidə edilir. Belə ki, 2012-ci ilin nəticələrinə görə, bu sferalarda məşğul olanların tərkibində muzdlu işçilərin payı 78,8-96,4 faiz intervalında dəyişib".

Nə etməli?

Rəsmi məlumatların təhlili göstərir ki, Azərbaycanda əmək müqavilələrinin tətbiqi miqyası son dərəcə məhduddur. Deyildiyi kimi, son illər əmək münasibətlərini rəsmiləşdirən işçi qüvvəsinin ümumi məşğul əhalidə xüsusi çəkisi 35 faizi ötməyib. Rövşən Ağayev: "Son bir neçə il üzrə hökumətin parlamentə təqdim etdiyi illik hesabatlara əsasən demək mümkündür ki, səlahiyyətli dövlət qurumlarının apardığı təftişlər əmək qanunvericiliyinin pozulması hallarının artdığını göstərir. Məsələn, 2009-2010-cu illərdə aparılan yoxlamalarda 18 635 pozuntu halı aşkarlanmışdısa, 2011-2012-ci illərdə həmin pozuntuların sayı 32 869-a çatıb.

2009-2012-ci illərdə əmək münasibətləri ilə bağlı qanunvericilik pozuntusuna yol verilən və aşkarlanan 51 504 faktdan təxminən üçdə biri əmək müqavilələrinin bağlanmasından yayınma ilə əlaqədar olub. Hökumətin məlumatına görə, həmin dövrdə 95 059 nəfərin əmək müqaviləsinə cəlb edilməsi təmin olunub, 10 669 nəfər məsul şəxslə bağlı inzibati tənbeh tədbiri barədə qərar çıxarılıb, onlardan cərimə olaraq 2,574 min manat vəsaitin ödənməsi təmin edilib. Hesabatlardan aydın olur ki, əmək müqavilələrindən yayınmanın ən geniş yayıldığı sahələr ictimai iaşə, tikinti, ticarət və emal sənayesidir".

Ekspert əmək müqavilələrindən yayınmanın qarşısını almaq üçün tövsiyələrin qəbul olunmasına ehtiyac olduğunu bildirib:

Sahibkarların muzdlu işə görə vergi yükünün azaldılması. İstər müxtəlif ölkələrin təcrübəsi, istərsə də tədqiqat çərçivəsində Azərbaycanın müxtəlif bölgələrində iqtisadiyyatın ayrı-ayrı sahələrini təmsil edən kiçik sahibkarlar və ekspertlər arasında keçirilmiş sorğunun nəticələri göstərir ki, işəgötürənlərin muzdlu işə görə vergi yükünün azaldılmasına ehtiyac var. Sorğuya cəlb olunan və vergi yükünün azaldılmasını təklif edən sahibkarların 54 faizi hesab edir ki, işəgötürənlər üçün sosial sığorta tarifi 12-15 faiz intervalında olmalıdır. Hazırkı şəraitdə sahibkarların muzdlu işçiyə görə sosial sığorta yükünün indiki 22 faizdən 15 faizə endirilməsi məqsədəuyğundur;

Əmək müqavilələrinin icrasına nəzarət edən dövlət qurumlarının işinin səmərəliliyini yüksəltmək. Bu təklif ilk növbədə qeydiyyatsız məşğulluq probleminin həllinə səlahiyyətli qurumlar arasında koordinasiyanın effektiv qurulmasını nəzərdə tutur. Vergilər Nazirliyinin, Dövlət Sosial Müdafiə Fondunun və Əmək Müfəttişliyinin təmsilçiliyi əsasında qeydiyyatsız məşğulluqla mübarizə üzrə komitənin və qurumlararası işçi qrupun yaradılması bu istiqamətdə mühüm addım ola bilər. Vergi orqanları bu təsisat çərçivəsində fəaliyyət zamanı sahibkarlıq subyektləri ilə bağlı ən vacib məlumatlara əmək müfəttişlərinin çıxışını təmin etməli, eyni sektoru təmsil edən və eyni dövriyyəyə malik müəssisələrin işçi sayı və əmək haqqı xərcləri arasında çox kəskin fərqlər olduqda bu barədə əmək müfəttişliklərini məlumatlandırmalıdır.

Əmək müqavilələrinin təbliği ilə bağlı maarifləndirici və təşviqedici tədbirlərin sayını artırmaq. Sahibkarlar və ekspertlər arasında keçirilmiş sorğuların nəticələri də göstərir ki, respondentlərin əksəriyyəti əmək müqavilələrindən yayınmanın qarşısını almaq üçün maarifləndirici və təşviqedici tədbirləri, xüsusilə televiziya və radiolarda verilişlərin hazırlanmasını, müxtəlif məlumatlandırıcı nəşrlərin çapını effektiv sayır. Bu baxımdan səlahiyyətli qurumlar həm özəl, həm də rəsmi telekanallarda əmək hüquqları ilə bağlı həftəlik verilişlərin yayımlanmasını təmin etməli, əmək müqavilələrinin tətbiqi ilə bağlı işçilər və sahibkarlar üçün xüsusi bələdçilər hazırlayıb pulsuz paylamalıdır.

Əmək müqavilələrinin bağlanması ilə bağlı inzibati sanksiyaları sərtləşdirmək. Hazırda Azərbaycanda əmək müqavilələrindən yayınmaya görə işəgötürənlər üçün cərimələrin məbləği aşağı deyil. Bu baxımdan inzibati sanksiyaların tətbiqi yalnız pul cərimələri ilə məhdudlaşmamalı, bu əmələ yol verən sahibkarların islah işlərinə, eyni əmələ təkrar yol verdikdə cinayət məsuliyyətinə cəlb olunması, həmin müəssisələrin qeydiyyatının ləğvi, lisenziyalaşdırılan fəaliyyətlə məşğul olduqda lisenziyalarının ləğvi kimi sanksiyaların da tətbiqi qanunvericilikdə əks etdirilməlidir.