SAHİBKARLIĞA VƏ BAZAR İQTİSADİYYATININ İNKİŞAFINA YARDIM FONDU

  
Bu gün: 17 Noyabr 2018, Şənbə
media 2013
Lisenziyalaşdırmada dövlət orqanlarının rolu: nə, necə dəyişməlidir?
Bəkir Nərimanoğlu - Contact.az
17 oktyabr 2013. Hazırki qaydalara əsasən lisenziya verən dövlət orqanları hüquqi və fiziki şəxslər tərəfindən lisenziya tələblərinə və şərtlərinə riayət olunmasına nəzarət edirlər. Nəzarət lisenziya almış hüquqi və fiziki şəxslər tərəfindən lisenziya tələblərinə və şərtlərinə riayət olunmasına dair ildə bir dəfə (alkoqollu içkilərin və etil spirtinin istehsalı və idxalı ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən ayda bir dəfə) İqtisadi İnkişaf Nazirliyinin müəyyən etdiyi formada məlumatın lisenziya vermiş orqana təqdim edilməsi yolu ilə həyata keçirilir.

Lisenziya verən dövlət orqanlarının nəzarət sahəsində aşağıdakı hüquqları var:

* lisenziya alanların fəaliyyətinin lisenziya tələblərinə uyğunluğunu yoxlamaq;

* yoxlama zamanı hüquqi və fiziki şəxslərdən zəruri izahat və sənədlər tələb etmək;

* yoxlamanın nəticələri əsasında pozuntuları konkret göstərməklə akt tərtib etmək;

* aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün qərar çıxarmaq;

* hüquqi və fiziki şəxslərə xəbərdarlıq etmək.

Mövcud qaydalara əsasən lisenziya sahibi tərəfindən müvafiq ərizə təqdim edildikdə, normativ-hüquqi aktlara əməl edilmədikdə, yaxud müraciətçinin fəaliyyəti dayandırıldıqda, lisenziya sahibinin müflisləşməsi faktı təsdiq edildikdə müvafiq dövlət orqanı lisenziyanın fəaliyyətini dayandırır. Bu barədə qərar qəbul edildiyi andan 3 gün müddətində yazılı şəkildə lisenziyanın sahibinə və dövlət ərazi vergi xidməti orqanlarına məlumat göndərir. Lisenziyanın fəaliyyətinin dayandırılmasına səbəb olan hallar aradan qaldırıldıqdan sonra yenidən fəaliyyət lisenziyanın sahibinin müraciətinə əsasən bərpa edilə bilər. Lisenziya verən dövlət orqanı tərəfindən bu barədə qərar qəbul edildikdə lisenziya bərpa edilmiş hesab olunur, həmin qərar qəbul edildiyi andan 3 gün müddətində lisenziyanın sahibinə və dövlət ərazi vergi xidməti orqanına məlumat göndərilir.

Lisenziya sahibi tərəfindən ərizə təqdim edildikdə, lisenziya verilməsi üçün təqdim edilən sənədlərdə yanlış məlumat aşkar edildikdə, məhkəmənin qərarı olduqda, hüquqi şəxs ləğv edildikdə və fiziki şəxs vəfat etdikdə lisenziya verən dövlət orqanı lisenziyanı ləğv edir. Eyni qaydada, lisenziya verən dövlət orqanı lisenziyanın ləğv edilməsi haqqında qərar qəbul etdiyi andan 3 gün müddətində yazılı şəkildə lisenziyanın sahibinə və dövlət vergi xidməti orqanlarına məlumat göndərir. Lisenziya verən dövlət orqanı verdiyi, qeydə aldığı, dayandırdığı, bərpa etdiyi və ləğv etdiyi lisenziyaların reyestrini aparmalıdır. Dövlət orqanı lisenziyanın reyestrdə qeydə alındığı tarixdən 10 gün müddətində həmin məlumatı dövlət ərazi vergi xidməti orqanına göndərir. Lisenziya verən dövlət orqanlarının vəzifəli şəxsləri lisenziyalaşdırma qaydalarını pozduqda və ya həmin qaydalara riayət etmədikdə qanunvericiliyə uyğun məsuliyyət daşıyırlar. Müraciətçilər isə təqdim etdikləri sənədlərin və oradakı məlumatların düzgünlüyünə görə, qanunvericiliyə uyğun məsuliyyət daşıyırlar. Lisenziya verən dövlət orqanlarının qəbul etdiyi qərarlardan və onların vəzifəli şəxslərinin hərəkətlərindən inzibati qaydada məhkəməyə şikayət verilə bilər.

Mərkəzi icra hakimiyyəti orqanlarının verdikləri lisenziyalardan bəziləri:

İcazənin və ya lisenziyanın adı

Müddəti

Ödənişin məbləği

Məsul dövlət orqanı

1

Turizm fəaliyyətinə xüsusi razılıq (lisenziya)

5 il

5500 manat

Mədəniyyət və Turizm Nazirliyi

2

İşə düzəlmədə vasitəçilik fəaliyyətinə xüsusi razılıq (lisenziya)

5 il

2200 manat

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

3

Özəl əczaçılıq fəaliyyəti ilə məşğul olmağa xüsusi razılıq (lisenziya)

5 il

5500 manat

Səhiyyə Nazirliyi

4

Təhsil fəaliyyətinə xüsusi razılıq (lisenziya)

3-5 il

2500-5500 manat

Təhsil Nazirliyi

5

Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarına verilən xüsusi razılıq (lisenziya)

5 il

150 manat

Nəqliyyat Nazirliyi 

6

Tütün məmulatının istehsalı və idxalı üçün xüsusi razılıq (lisenziya)

5 il

5500/11000 manat

Kənd Təsərrüfatı Nazirliyi

7

Broker fəaliyyəti üçün xüsusi razılıq (lisenziya)

5 il

5500 AZN

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi

8

Fond birjası fəaliyyəti üçün xüsusi razılıq (lisenziya)

5 il

11000 manat

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi

9

Gömrük brokeri fəaliyyətinə xüsusi razılıq (lisenziya)

5 il

11000 manat

Dövlət Gömrük Komitəsi

10

Televiziya yayımına xüsusi razılıq (lisenziya)

6 il

11000 manat

Milli Televiziya və Radio Şurası

Lisenziya verən dövlət orqanları arasında verilən lisenziyaların sayına görə liderlik edən qurumlar Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK), Fövqəladə Hallar Nazirliyi (FHN), Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN), habelə Kənd Təsərrüfatı Nazirliyidir (KTN).

Yerli icra hakimiyyəti orqanları tərəfindən verilən lisenziyaların bələdiyyələrə transferinin mümkündürmü?

Hazırda Azərbaycanda mərkəzi icra hakimiyyəti orqanları ilə yanaşı yerli icra hakimiyyəti orqanlarının verdikləri icazə və lisenziyalar da vardır ki, bunların da sayı 12-dir. İqtisadçı ekspert Kənan Aslanlı deyib ki, bələdiyyələrin maliyyə təminatının gücləndirilməsi və tənzimləyici səlahiyyətlərinin artırılması baxımından yerli icra hakimiyyəti orqanlarının verdikləri aşağıdakı lisenziyalardan hansıların bələdiyyələrin səlahiyyətinə verilməsi məsələsi araşdırılmalıdır:

* Mövsümi ticarət və xidmət yerlərinin müəyyən edilməsinə görə icazə;

* Ticarət, ictimai iaşə və xidmət obyektlərinin yerləşdirilməsinin qeydiyyat şəhadətnaməsi;

* Tütün məmulatının satışına lisenziya;

* Etil spirtinin və alkoqollu içkilərin satışına lisenziya;

* Küçə reklamı lövhəsinin yerləşdirilməsinə görə birdəfəlik icazənin verilməsi;

* Bələdiyyə torpaqlarına dair rəy məktubu;

* Torpaq sahəsinin ayrılması;

* Obyektlərin yenidən qurulmasının memarlıq-planlaşdırma həlli layihəsinin razılaşdırılması;

* Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və ya qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinin memarlıq-planlaşdırma həlli layihəsinin razılaşdırılması;

* Yaşayış sahəsinin yenidən qurulması, yenidən planlaşdırılması;

* Obyektin tikinti-quraşdırma işlərinin aparılmasına icazə;

* Mühəndis kommunikasiya xətlərinin təmiri və çəkilişi üçün sərəncam.

Mülki Cəmiyyətə Doğru İctimai Birliyinin sədri Abil Bayramov deyir ki, qeyd olunan səlahiyyətlərin bələdiyyələrə verilməsi mümkündür: "Əslində bir çox Avropa ölkəsində müxtəlif fəaliyyət növlərinə lisenziyaların verilməsi yerli hakimiyyətlərin səlahiyyətindədir. Əsas məsələ bələdiyyələrə real hakimiyyət statusunun verilməsidir. Bələdiyyələrin statusu və səlahiyyət problemlərinin həlli ciddi islahatların aparılmasını tələb edir. Bunun üçün bu instituta münasibətdə köklü dəyişiklik olmalıdır".

Dövlət şirkətinin digər bazar subyektlərinə lisenziya verməsi "maraqlar konflikti"nə səbəb ola bilərmi?

Kənan Aslanlı bildirib ki, Azərbaycanda lisenziyalaşdırma fəaliyyətinin "maraqlar konflikti"nə səbəb ola bilən məqamları da vardır: "Belə ki, enerji sektorunda bazar iştirakçısı olan Dövlət Neft Şirkəti (ARDNŞ) eyni zamanda digər bazar iştirakçılarına lisenziya və icazə verən bir qurumdur. ARDNŞ-nin verdiyi icazələr və icazə xarakterli fəaliyyətlər isə bunlardır: ətraf mühitə təsir və onun səbəbləri barədə ekspert rəyinin alınması üçün ekspertiza təyinatı, neft-qaz əməliyyatlarının aparılması və bu əməliyyatlar ilə əlaqədar işlərin görülməsi, xidmətlərin göstərilməsi ilə bağlı ekspert rəyi, idxal siyahısına dair təsdiqedici qeydlər; neft və təbii qaz üzrə təbiətdən istifadəyə xüsusi icazə, neft və təbii qaz üzrə təhlükəli təsərrüfat növlərinə, tullantılara və ətraf mühitə zərərli maddələrin atılmasına xüsusi icazəni vermək, müqavilələri bağlamaq, limit və kvotaları müəyyən etmək, təbiətdən istifadəyə xüsusi icazə, tələbatçı obyektlərinin qaz təchizatına dair texniki şərtlər; sənaye qurğularının yoxlanılması və sınaqdan keçirilməsi".

Araşdırma USAİD (ABŞ BİA) tərəfindən maliyyələşdirilən "Kiçik Sahibkarlığın İnkişafına dəstək" layihəsi çərçivəsində aparılıb.