SAHİBKARLIĞA VƏ BAZAR İQTİSADİYYATININ İNKİŞAFINA YARDIM FONDU

  
Bu gün: 17 Noyabr 2018, Şənbə
media-2013
Lisenziyadan başlayan monopoliya…
Vüsalə Rüstəmva - "Bizim Yol" onlayn qəzet
15 iyun 2013. Dünən İqtisadi Təşəbbüslərə Yardım Mərkəzi «Azərbaycanda sahibkarlıq fəaliyyətinin lisenziyalaşdırılması: problemlər və həlli yolları» mövzusunda Dəyirmi Masa keçirilib.

Mərkəzin sədri Azər Mehtiyev bildirdi ki, hazırda ölkəmizdə sahibkarlığın inkişafına mane olan çoxsaylı amillərdən biri də mövcud lisenziyalaşdırma və icazə sistemidir. O xatırlatdı ki, 2011-ci il oktyabrın 26-da dövlət başçısı «Müəyyən sahibkarlıq fəaliyyəti növləri ilə məşğul olmaq üçün tələb edilən xüsusi razılıq (lisenziya) və icazə sistemi ilə bağlı bəzi məsələlər haqqında» Fərman imzalayıb. Orada Nazirlər Kabinetinə tapşırılmışdı ki, ölkədə sahibkarlığın inkişafına daha əlverişli biznes mühiti formalaşdırmaq üçün vahid xüsusi razılıq (lisenziya) və icazə sisteminin yaradılması məqsədi ilə «Lisenziyalar və icazələr haqqında» Qanun layihəsini üç ay müddətində hazırlayıb prezidentə təqdim etsin. Fərmanın imzalanmasından artıq 1 il yarım keçməsinə baxmayaraq hələ qanun layihəsi müzakirələrə çıxarılmayıb. Hazırda təşkilat bu problemi araşdırır.

Araşdırmanın müəllifi iqtisadçı-ekspert Kənan Aslanlı qeyd etdi ki, hazırda Azərbaycanda müxtəlif növ icazələr tətbiq olunur: «90 növ fəaliyyət lisenziyalaşdırılır, 46 fəaliyyət üçün icazə, 27 halda xüsusi icazə, 39 halda şəhadətnamə, 19 halda rəy və s. Ayrı-ayrı sahibkarlıq fəaliyyəti ilə məşğul olan iş adamlarına tətbiq edilən bütün növ icazə və lisenziyaların ümumi sayı 305-dir. Bu lisenziya və icazələrin alınması sahibkarlara uzun zaman, böyük rəsmi və qeyri-rəsmi xərclər və bürokratik əngəllər hesabına başa gəlir. Ayrı-ayrı hökumət qurumlarının verdikləri icazələrin sayına toxunan K.Aslanlı bildirdi ki, hazırda Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi 35, Fövqəladə Hallar Nazirliyi 31, Rabitə və İnformasiyalar Nazirliyi 26, Kənd Təsərrüfatı Nazirliyi 24, Mərkəzi bank 18 fəaliyyət üzrə lisenziya və icazələr vermək səlahiyyətinə malikdir. K.Aslanlı xüsusi olaraq vurğuladı ki, ARDNŞ, biznes qurumu olmasına baxmayaraq, başqa şirkətlərə icazələr vermək səlahiyyətinə malikdir. K.Aslanlı lisenziyalaşdırma sahəsində islahatların zəruriliyini qeyd etdi.

Daha sonra Beynılxalq Maliyyə Korporasiyasının təmsilçisi Həsən Hüseynov qeyd etdi ki, 2008-ci ildə apardıqları araşdırma zamanı məlum olub ki, ölkəmizdə çalışan iş adamları bir il ərzində icazə və lisenziyalara 35 milyon manata qədər xərc çəkirlər. İqtisadçı Nazim Məmmədov bildirdi ki, bu məsələ uzun illərdir müzakirə edilir. O, vurğuladı ki, ölkəmizdə mövcud icazə və lisenziya sistemi iqtisadiyyatın inhisarlaşmasına xidmət edir.