SAHİBKARLIĞA VƏ BAZAR İQTİSADİYYATININ İNKİŞAFINA YARDIM FONDU

  
Bu gün: 17 Noyabr 2018, Şənbə
media-2013
Sahibkarlığın Türkiyə nümunəsi (I yazı)
Qalib Toğrul (İqtisadi Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri) -"Ekspres" onlayn qəzet
14 avqust 2013. İyunun 17-də ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyələşdirdiyi "Azərbaycanda kiçik sahibkarlığın inkişafına dəstək" layihəsi çərçivəsində qardaş ölkədə kiçik və orta sahibkarlığa dövlət dəstəyi təcrübəsini öyrənmək məqsədilə Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun sədri Sabit Bağırov, İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədri Azər Mehtiyev, Kiçik və Orta Müəssisələrin İnkişafına Yardım Mərkəzinin sədri İlkin Qarayev və mən - İqtisadi Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Qalib Toğrul Ankaraya yola düşdük

Təyyarədə vərəqlədiyim səfər gündəliyində gözümə dəyən KOSGEB, OSTİM, İŞGEM, AR-GE, KOBİ kimi akronimlər mənim üçün sadəcə hərf birləşməsi idi, heç bir məna ifadə etmirdi. Səfər müddətində onların necə böyük bir məna daşıdığını, hər birinin türk insanı üçün necə önəmli olduğunu anladım.

Türkiyə təcrübəsinin dərindən mənimsənilməsində 2 nəfərin - Gülşən xanım Alpər və Necla xanım Haliloğlunun əməyini xüsusi ilə qeyd etmək istəyirəm. Gülşən xanım yüksək təşkilatçılıq qabiliyyəti ilə hər dəqiqəmizin səmərəli keçməsi üçün əlindən gələni əsirgəmədiyi kimi Necla xanım da Türkiyənin kiçik və orta sahibkarlıqla bağlı tanınmış eksperti kimi bütün suallarımızın cavablandırılmasında yaxından iştirak etdi.

Qolunu çırmayıb işə girişmək - girişimçi-girişimçilik

Türkiyədə bütün inkişaf etmiş ölkələrdə olduğu kimi kiçik və orta sahibkarlığa dövlət dəstəyi işini sıfırdan qurmaq istəyənlərin əlindən tutulması ilə başlayır.

Dövlət orijinal ideyalar sahibi olan, lakin onu reallaşdırmaq üçün maliyyə sarıdan əziyyət çəkən vətəndaşını tək qoymur, bir ata kimi ona dəstək verir. Türkiyədə sahibkarlıqla məşğul olmaq istəyənlərə (Türklər belələrini "girişimci" adlandırır. Azəri türkcəsində bu sözün qarşılığı olmadığından bu yazıda elə "girişimçi" sözünü işlətməyi qərara aldıq. Nə bilmək olar, bəlkə o da dilimizdə yaşamaq hüququ qazanan sözlərdən olacaq) dövlət və peşə birlikləri tərəfindən böyük dəstək verilir.

Bu yazımızda sahibkarlıqla məşğul olmaq istəyənlərə, ikinci yazımızda isə kiçik və orta müəssisələrə dövlət dəstəyindən söhbət açacağıq. Dövlət dəstəklərinə keçməmişdən öncə onu deyim ki, bu ölkədə bir çox dövlət qurumu hökumət siyasətini həyata keçirdiyi sahədə çalışan özəl sektor təmsilçilərinə böyük dəstək proqramları reallaşdırır. Onların əksəriyyəti əvəzsiz dəstəklərdir. Tutaq ki, kənd təsərrüfatındakı özəl sektora dövlət dəstəyini Qida Tağım və Heyvançılıq Nazirliyi, mədəniyyət (kino, teatr) və turizm sektorunda isə oxşar işi Mədəniyyət və Turizm Nazirliyi həyata keçirir.

Səfər müddətində girişimçilərə, kiçik və orta sahibkarlığa dövlət dəstəyi təcrübəsini öyrəndiyimiz Türkiyə Cümhuriyyəti Sənaye və Elm Nazirliyinin nəzdində yaradılmış Küçük ve Orta Ölçekli İşletmeleri Geliştirme ve Destekleme İdaresi Başkanlığı, bir başqa sözlə desək, KOSGEB (Kiçik və Orta Müəssisələri İnkişaf etdirmə və Dəstəkləmə İdarəsi) isə aşağıdakı sahələrə dəstək verir: mədən sənayesi (daö kümğr, neft, qaz, duz, qiymətli meatallar istehsalg və sair), emal sənayesi (qida məhsulları, içməli su, alkoqollu içkilər, tütün, tekstil, geyim, dəri və dəri məmulatları, ağac məhsulları (mebel istisna olmaqla), kağız, kimyəvi məmulatlar, əczaçılıq, kauçuk, plastik, qeyri-metal məmulatları, metal və sair), elektrik, qaz istehsalı və satışı, su təminatı, kanalizasiya, tullantıların emalı, inşaat, topdan və pərakəndə ticarət, nəqliyyatda yük və sərnişin daşıma və sair.

KOSGEB dəstəyi çoxşaxəlidir. KOSGEB-çilər özlərinə çox iddialı bir vizyon seçsələr də, onların indiyədək gördükləri işlər və çatmaq istədikləri ideallar barədə danışdıqlarını eşidəndə ilk baxışdan bu vizyona nail olmağın çətinliyi barədə düşündüklərimiz heç zaman olmamış kimi yoxa çıxdı. Bu da KOSGEB-in vizyonu: Ölkəmizdəki (Türkiyə-red.) kiçik və orta müəssisələrin dünya bazarında söz sahibi olmasını təmin edən, kiçik və orta sahibkarlıq, girişimçilik siyasətinin müəyyənləşməsində əsas rol oynayan, dünyanın nümunə göstərəcəyi bir qurum olmaq.

KOSGEB-in vizyonundan danışıb missiyasından bəhs etməməyin bu qurum haqqında təsəvvürlərin yarımçıq formalaşmasına yol aça biləcəyi təhlükəsini huss edib keçirəm missiyaya: Kiçik və orta sahibkarlığın rəqabət güclərini artırmağa və girişimçilik mədəniyyətini yaymağa yönələn keyfiyyətli xidmət və dəstəklər təqdim edərək kiçik və oirta müəssisələrin iqtisadi inkişafda payını artırmaq.

Bir də KOSGEB-in gözəl bir şüarı var: KOBİ-lər böyüyür, Türkiyə böyüyür. Qardaş ölkədə KOBİ (Küçük ve Orta Bütçeli İşletmeler) dedikdə, kiçik və orta müəssisələr başa düşülür. KOSGEB-in məqsədi KOBİ-lərə dövlətin onları düşündüyünü, onların qayğısına qaldığını hiss etdirməkdir.

KOSGEB-in dəstəkləri 2 hissəyə bölünür: Sahibkarlıq fəaliyyətinə başlamaq istəyənlərə (girişimçilərə) və kiçik və orta müəssisələrə (KOBİ-lərə) verilən dəstəklər.

Əvvəlcə gəlin, girişimçilərə verilən dövlət dəstəyinin məqsədindən, dəstək proqramından kimlərin faydalana bilməsindən, Proqramın əhatə dairəsindən danışaq.

Türkiyədə iş qurmaq və bunun üçün dövlət dəstəyini almağın mexanizmi çox sadədir. İş qurmaq istəyənlərə (yəni, girişimçilərə) verilən dövlət dəstəyinin məqsədi sahibkarlıqla məşğul olmaq istəyənlərin sayını artırmaq, onların bütün Türkiyəyə yayılmasını təmin etmək və son nəticədə uğurlu müəssisələrin qurulmasına zəmin yaratmaqdır. Sahibkarlığa başlamaq istəyənlər mütləq KOSGEB-in "Tətbiqi girişimçilik təlimi" deyilən tədris proqramını başa vurmalıdırlar.

Bu tədris proqramı öz işini qurmaq istəyən girişimçilərin sahibkarlıq bacarıqlarının artırılması (biznes planın yazılması, bazarlarının öyrənilməsi, satış strategiyalarının hazırlanması, məhsulun qablaşdırılması və sair ) məqsədilə təşkil olunur. Əvvəllər bu tədris proqramını KOSGEB özü həyat keçirirdi. Artıq özəl sektorun miqyasını genişləndirmək məqsədi ilə bu işə universitetlər də cəlb olunub. Az qala unutmuşdum, "Tətbiqi girişimçilik təlimi"nə sahibkarlıqla məşğul olmaq istəyən, necə deyərlər, cinsindən, irqindən, təhsilindən, dünyagörüşündən asılı olmayaraq hər kəs qatıla bilər və ən əsası, bu təlim kursu PULSUZDUR. Tədris proqramı 70 saatdan ibarətdir və bunun 24 saatı praktiki çalışmalara həsr olunur.

Yalnız "Tətbiqi girişimçilik təlimi"ni uğurla başa vuran sahibkarlıq adına namizədlər (yəni, girişimçilər) dövlətin verdiyi dəstəkdən yararlana bilərlər. Bunu üçün onlar biznes-plan hazırlamalı və KOSGEB-in yerli qurumlarına təqdim etməlidirlər. KOSGEB-in mütəxəssisləri biznes-planın nə dərəcədə real olduğunu qiymətləndirdikdən sonra dövlət dəstəyinin verilməsi ilə bağlı qərar qəbul edilir.

Aşağıdakı cədvəldə KOSGEB-in girişimçilərə verdiyi dövlət dəstəyi əks etdirilib (bax cədvələ).

Girişimçi ilkin sərmayə kimi aldığı 70 000 Türk lirəsinin (hazırki kursla təxminən 37 min dollara yaxın) ödənilməsinə 24 aydan sonra başlayır. O, bu məbləği növbəti 24 ayda 8 bərabər hissə şəklində geri qaytarır.

Bircə fakt deyim. Giriçimçilik mədəniyyətini yaymaq, kütləviləşdirmək məqsədilə KOSGEB tərəfindənTürkiyənin 81 vilayətində 57 mindən çox girişimçiyə təlim keçilib, 2012-ci ildə isə 5 minə yaxın sahibkarlıq həvəsində olan insana işini qurması üçün maddi dəstək verilib.

KOSGEB-in bir gözəl ənənəsi, daha doğrusu, dəstək proqramı da var. Bu, "Ən yaxşı biznes plan" mükafatı adlanır. Universitetlər tərəfindən "Girişimçilik" dərsi alanlar arasında belə bir yarış keçirilir. Mükafatı almaq istəyən universitet KOSGEB-ə müraciət edir. İlk 3 yeri tutmuş biznes-plan sahibləri mükafatlandırılır. Ancaq KOSGEB-in bir şərti var. Həmin girişimçilər mütləq ən uzağı 24 ay içində işlərini qurmalıdırlar. Bu yarış zamanı birinci yeri tutan 15 min türk lirəsi (8 min dollara yaxın), ikinci yeri tutan 10 min türk lirəsi (5 200 dollar), üçüncü yeri tutan isə 5 min türk lirəsi ilə (2 700 dollara yaxın) mükafatlandırılır. Bu da dövlətin dolayısı ilə girişimçilərə verdiyi bir dəstəkdir.

Türkiyədə girişimçilik, kiçik və orta sahibkarlıq sahəsində böyük təcrübəsi və söz yiyəsi olan Necla xanım KOSGEB-dəki ilk görüşümüzdə bizə qısa bir film izlətdi. Film KOSGEB-dən ilkin sərmayə alıb uğurlu iş qurmuş 5-6 girişimçinin iş həyatından bəhs edirdi. O zaman girişimçilərin bəzilərinin KOSGEB-in ünvanına səsləndirdikləri səmimi sözləri bloknotuma qeyd etdim. Nədənsə, onları Sizinlə bölüşməyə bir ehtiyac duyuram. Bəlkə də ona görə ki, bunlar sadəcə, söz yığını deyil, yeni bir işə başlayarkən kürəklərində dövlətinin dəstəyini hiss eləmiş, çiyinlərindəki yükün azaldığının fərqində olmuş və sonunda uğur qazanmış insanların həyat hekayələrinin simvoludur:

- KOSGEB-in mənə ən böyük köməyi yolun başlanğıcında əlimdən tutması oldu. İşin başlanğıcında sizi, qurmaq istədiyiniz işinizlə çox nazik bir xətt ayırır. O qədər nazik ki, hər an bu işə başlamaq fikrindən vaz keçə bilərsiniz. Belə bir anda, əgər bu yolu getsəniz, birinin sizə dəstək olacağını bilmək necə də gözəldir;

- Girişimçilik macəram: Sizin işinizə sizdən daha çox dəyər verən bir qurumla xəyallarınızda qurduğunuz işə doğru atılan ilk addım;

- KOSGEB-i tanıyanda mən bu işin ustası idim. İndi işimin həm ustası, həm də patronuyam.

- KOSGEB, "oğlum nə edirsən, et, pencəyimi satar, sənə dəstək olaram" deyən bir ata kimidir;

- Biznes-planım dağınıq "puzzle" hissələri kimi idi. Girişimcilik tədrisi mənə bu parçaları birləşdirib böyük rəsmi görməyə imkan verdi.

Gəldik söhbətimizin ən maraqlı yerinə. Dövlət dəstək verdiyi uğurlu girişimçini meydanda tək buraxmır, onun ayaq üstə dayana bilməsi, işini böyütməsi, ən əsası dünyaya çıxması üçün çeşidli imkanlar təklif edir.

Türkiyədə dövlətin kiçik və orta sahibkarlıq müəssisələrinə verdiyi geniş dəstək proqramları barədə növbəti yazıda ətraflı söhbət açacağıq.