SAHİBKARLIĞA VƏ BAZAR İQTİSADİYYATININ İNKİŞAFINA YARDIM FONDU

  
Bu gün: 17 Noyabr 2018, Şənbə
"Gözəllik salonu" biznesinin təşkili: nə, necə dəyişməlidir?
Bəkir Nərimanoğlu - Contact.az
16 yanvar 2014. Dövlət Statistika Komitəsinin (DSK) məlumatlarının təhlili göstərir ki, Azərbaycanda gözəllik salonları və bərbərxana biznesinin dövriyyəsi elə də geniş deyil. Komitənin məlumatına görə, 2012-ci ildə əhaliyə göstərilən pulu xidmətlərin həcmi 5,8 milyard manat olub ki, həmin məbləğin cəmi 48 milyon manatı və ya 0.8% faizi gözəllik salonları və bərbərxana biznesinin payına düşüb. Öz növbəsində, bu xidmətlərin adambaşına düşən həcmi illik 5.2 manat olub.

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin apardığı tədqiqatda qeyd olunur ki, Bakı şəhəri ilə müqayisədə ölkənin regionlarında bu xidmətin dövriyysi xüsusilə məhduddur. Məsələn, 2012-ci ildə Bakı şəhərində bərbərxana xidmətlərinin adambaşına həcmi ölkə üzrə orta göstəricidən təxminən 2.5 dəfə yüksək olub. Amma Gəncə kimi iri şəhər üzrə müvafiq göstərici paytaxtın göstəricisindən 3 dəfə aşağı olub. Bərbərxana xidmətlərinin adambaşına həcmi Oğuz, Daşkəsən, Qusar və Ağcəbədi kimi rayonlarla müqayisədə orta hesabla 4-5 dəfə yüksək olub.

Məlumatlardan da göründüyü kimi, hələlik gözəllik salonları və bərbərxana biznesinin dövriyyəsi kiçikdir. Lakin rəsmi məlumutlar son illər bu xidmətlər üzrə dövriyyənin sürətlə artdığını göstərir. Belə ki, 10 il ərzində (2002-2012-ci illərdə) bu xidmət üzrə döviyyənin məişət xidmətləri üzrə məcmu dövriyyədə xüsusi çəkisi 0.9 faizdən 6.8 faizə yüksəlimiş, mütləq göstəricidə dövriyyənin həcmi 8 dəfəyədək aratmışdır.

Bunula belə, rəsmi statistikada Azərbaycanda, həmçinin ölkənin ayrı-ayrı regonlarında mövcud olan gözəllik salonlarının sayı, xidmət müəssisələrinin ölçüsü, bu sektorda məşğul olanların sayı barədə heç bir məlumat yoxdur. Amma ayrı-ayrı ölkələrin və iri şəhərlərin timsalında əldə olunan informasiyalar göstərir ki, dünyada orta hesabla əhalinin hər 3000-4000 nəfərinə bir gözəllik salonu düşür. Məsələn, hazırda Moskvada 2800 gözəllik salonu və ya şəhər əhalisinin hər 4000 nəfəri hesabı ilə bir gözəllik salonu fəaliyyət göstərir. Həmin salonların cəmi 78-i və ya 2,7 faizi bir şəbəkəyə məxsusdur. Yerdə qalan salonlar bir-birindən tam müstəqil fəaliyyət göstərən sahibkarlıq strukturlarıdır. Bu fakt onu göstərir ki, Rusiya paytaxtında gözəllik salonu biznesi yetrincə rəqabət mühitində inkişaf edir. Marketoloqların hesablamasına görə, bu şəhərdə bazarın potensial tutumu 500 milyon dollar və ya bir sakin hesabı ilə 50 dollar təşkil edir.

"Gözəllik salonu" biznesinin təşkili sahəsində problemlər: nəticələr və təkliflər

İTYİB-nin eksperti Rövşən Ağayev deyir ki, gözəllik salonu və bərbərxana xidməti biznesinə münasibətdə səlahiyyətli qurumların yanaşmasında əlahiddə fərq yoxdur. Ekspert bldirir ki, digər biznes fəaliyyətlərində olduğu kimi, bu strukturlar da müntəzəm olaraq aşağıdakı orqanlarla görüşməli olurlar:

* vergi məsələlərilə bağlı vergi orqanları;

* yanğın təhlükəziliyilə bağlı fövqaladə hallar üzrə qurum;

* əhalinin sağlamlığı ilə bağlı sanitar-epidiomoloji nəzarət orqanı;

* icbari sosial ayrımalarla bağlı dövlət sosial müdafiə təşkilatı;

* əmək münasibətlərinin və əmək şəraitinin tənzimlənməsilə bağlı əmək müfəttişliyi;

* əraziyə məsul polis sahə müvəkkili;

* rayon icra hakimiyyətinin ticarət və xidmət məsələlərinin tənzimlənməsinə məsul qurumu.

Onun qənaətinə görə, müsahiblərin təhlili gözəllik salonu və bərbərxana xidməti biznesi sahəsində aşağıdakı problemləri ortaya qoyur:

* Vergi sahəsində. Ekspert bildirir ki, vergilər vaxtlı-vaxtında ödəndikdə vergi orqanları ilə sahibkarlar arasında problem demək olar ki, yaranmır: "Lakin nəzarət-kassa aparatlarının tətbiq olunmadığı kiçik obyektlərdə adətən problem verginin məbləğinin müəyyən olunması ilə bağlı yaranır. Belə ki, belə obyektlər üçün bəzən vergi orqanları öz baxışları ilə vergi öhdəliyi müəyyən etməyə çalışırlar ki, bəzən təyin olunan məbləğ sahibkarların real vergi potensialından xeyli yüksək olur".

* Sanitar-epidiomoloji nəzarət sahəsində. Rövşən Ağayev deyir ki, bu sahədə çalışan sahibkarların demək olar ki, gözəlik salonlarında çalışan işçilərin bilavasitə özlərinə və onların istifadə etdiyi avadanlıqlara, materiallara qarşı qoyulan texniki tələblərdən və qanunvercilik normalarından tam xəbərsizdirlər: "Halbuki, məsələn, qanunvericilik bu sahədə çalışanların ildə azə 2 dəfə tibbi baxışdan keçməsini, onların yalnız sertifikatlaşdırılmış avadanlıqlardan və kosmetoloji məhsullardan istifadəsinə icazə verir. İstifadə olunan avadanlıq və cihazlar ultrabənövşəyi şüalar buraxan xüsusi aparatlar vasitəsilə dezinfeksiya olunmalıdır".

Ekspert digər sahələrdə olan vəziyyəti belə şərh edir:

* Əmək və sosial hüquqlarla bağlı məsələlərin tənzimlənməsi sahəsində. Müsahibəlrədən aydın olur ki, əmək müfəttişliyi və sosial müdafiə qurumları ilə münasibətlərdə ciddi problemlə üzləşmirlər.

* Hakimiyyət orqanları ilə münasibətlər sahəsində. Bir çox qurumlarla qeyri-rəsmi ödənişlər sayəsində münasibətləri yoluna qoymaq mümkün olur. Bu sırada ilk növbədə polis orqanları və yanğın təhlükəsizliyinə məsul qurumların adı çəkildi.

* Kommunal xidmət orqanları ilə münasibət sahəsində. Gözəllik salonları və bərbərxanalar üçün vacib olan kommunal xidmətlər elektrik enerjisi, su və kanalizasiya xidmətləridir. Müsahibələr zamanı sahikrların bu xidmətlərin əldə edilməsi ilə bağlı əsas narazılıqları aşağıdakılar olub: (1) bu xidmətlər üzrə tariflərin həcmi kiçik və iri sahibkarlıq subyektləri üzrə differensial olmalıdır; (2) bu xidnmətlərin əldə olunması üçün texniki şərtlərin verilməsilə bağlı şərtlər kiçik sahibkarlıq subyektləri üçün əlverişli deyil: texniki şərtin əldə olunması üçün uzun müddət (bəzi hallarda 1 aydan çox) və çoxlu sayda qurumlardan sənədlər tələb olunur. Bundan əlavə, sayğacların quraşdırılması üçün qeyri-rəsmi ödənişlər tələb olunur.

* Əmlakın əldə olunması və rəsmiləşdirilməsi sahəsində. Gözəllik salonu və bərbərxana üçün şəxsi bina tikmək üçün torpaq sahəsi əldə etmək üçün muhiti sahibkarlar şəffaf əlverişli hesab etmirlər. Müsahibələrdən aydın oldu ki, icar hakimiyyətlərindən torpaq sahəsinin əldə olunma qaydaları və şərtləri ümumiyytələ qeyri-müəyyəndir. Bələdiyyələrdən hərrac və müsabiqələr yolu ilə kiçik sahibkarlıq məqsədilə torpaq sahəsinin alınması bir qayda olaraq öncədən razılaşdırılıb qeyri-rəsmi ödəniş edilmədən mümkün deyil.

Rövşən Ağayev deyir ki, gözəllik salonu və bərbərxana xidməti biznesi ilə bağlı mühitin sağlamlaşdırılması, xüsusilə bu bizneslə məşğul olan kiçik sahibkarlar üçün əlverişli mühitin yaradılması üçün aşağıdakı addımların atılmasına ehtiyac var:

* Nəzarət-kassa aparatlarının tətbiqi nəzərdə tutulmayan, işçi sayı 2 nəfərdən çox olmayan gözəllik salonları və bərbərxanalar üçün vergi ödənişini asanlaşdırmaq üçün ciddi hesabat blanklarından istifadə əvəzinə mütləq həcmdə vergi ödənişləri nəzərdə tutula bilər. Bu zamana fərdi sahibkarlar üçün icbari sosial sığorta ayırmaları üçün hazırda tətbiq olunan vergitutma mexanziminin məqbul variantlardan biri ola bilər. Həmin mexanizmə görə, ölkənin paytaxtı, iri şəhərləri, rayon mərkəzləri və kəndləri üçün mütləq həcmdə vergi məbləği müəyyən edilə bilər. Onsuz da indiki halda kassa aparatlarının tətbiqi nəzərdə tutulmayan salon və bərbərxanalarda ciddi hesabat blankları tətbiq olunmur. Belə vəziyyət vergi orqanlarına öz subyektiv mülahizələri əsasında vergi təyin etməyə, sahibkarla vergi orqanı arasında qeyri-rəsmi sövdələşməyə (daha yüksək vergi müəyyən edib sonradan qeyri-rəsmi ödəniş müqabilində azaltmaq) şərait yaradır.

* Gözəllik salonlarına və bərbərxanalara sanitar-epidiomoloji nəzarət və monitorinqə dair ayrıca qaydaların hazırlanmasına, sahibkarlar həmin qaydalarla bağlı müfəssəl məlumatlandırılmasına ehtiyac var.

* Kiçik sahibkarlarlıq məqsədilə tikinti təyinatlı torpaq almanın şərtlərinin yüngülləşdirilməsi, bu sahədə şəffalığın artırılması vacibdir. Xüsusilə də rayon (şəhər) icra hakimiyyətlərindən kiçik sahibkarlarlıq məqsədilə torpaq sahəsi almanın şərtləri, qayda və prosedurları qanunvericilikdə çox dəqiq müəyyən olunmalı, müvafiq qurumların hazırladığı bələdçilər vasitəsilə sahibkarlar ətraflı məlumatlandırlmalıdır. Bələdiyyələrə 50 kvadratmetrədək sahədə xidmət məqsədli sahibkarlıq obyektləri tikmək üçün torpaq sahəsi ayırmaq üçün müstəqillik verilməli, bu prosesin hərrac və müsabiqələrdənkənar, bələdiyyə şurasının qərarı ilə reallaşdıra bilmək hüququ verilməlidir.

* Kiçik sahibkarlar üçün kommunal xidmətlərə çıxış imkanı asanlaşdırılmalıdır. Xüsusilə də elektrik enerjisi üçün texniki şərtin alınması ilə bağlı vahid pəncərə mexanizmi tətbiq olunmalıdır. Çünki hazırda texnili şərt alınarkən sahibkarar yol verilən enerji gücünün alınması üçün bir idarəyə, kodun açılması üçün başqa bir idarəyə, elektrik xəttinə qoşulmaq üçün üçüncü bir idarəyə, sayğacın qoşulması üçün tamam fərqli idarəyə müraciət etməli olur. Halbuki sahibkar sənədlərini bir yerə təqdim etməklə ütün xidmətləri sonunda paket halında əldə edə bilər. Eyni zamanda texniki şərtin alınması üçün müddət bəzən 2 ayadək çəkə bilir. Qanunvericilik bu müddəti maksimum 10 günədək qısaltmalıdır. Nəhayət, kiçik sahibkarlıq üçün istər su, istərsə də elektrik enerjisinə görə texniki şərtə görə ödəniş və rüsumların həcmi sahibkarlıq subyektlərinin ölçüsünə görə differensiallaşdırılmalıdır.

Yazı İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin ABŞ BİA-nın maliyyə dəstəyi ilə həyata keçirilən "Azərbaycanda kiçik sahibkarlığın inkişafına dəstək" layihəsi çərçivəsində hazırlanıb.