SAHİBKARLIĞA VƏ BAZAR İQTİSADİYYATININ İNKİŞAFINA YARDIM FONDU

  
Bu gün: 17 Noyabr 2018, Şənbə
Enerjidə sənəd labirinti
Biznesdə qeydiyyat 3 günə enə bilər
Bəkir Nərimanoğlu - mediaforum.az
07 aprel 2014.Prezident İlham Əliyevin bu il martın 3-də imzaladığı sahibkarlığın inkişafı fərmanında nəzərdə tutulan məsələlərdən biri də sahibkarların "bir pəncərə" prinsipinə uyğun olaraq elektron qeydiyyatı zamanı prosedur və müddətlərin azaldılmasıdır.

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin USAİD-in maliyyə dəstəyi ilə həyata keçirdiyi "Azərbaycanda kiçik sahibkarlığın inkişafına dəstək" layihəsi çərçivəsində aparılan tədqiqatda qeyd edilir ki (2013-cü ilin oktyabr ayında açıqlanmış "Doing Business 2014" reytinq hesabatına əsasən), ölkədə kommersiya hüquqi şəxsin qeydiyyatı üçün yerinə yetirilməli olan prosedurların sayı 3, sərf edilən müddət 7 gün, sərf edilən məbləğ isə 34 manatdır. Bu göstəriciyə görə Azərbaycan İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) üzrə orta göstəricidən daha yaxşı vəziyyətdədir. İnkişaf etmiş ölkələrinin birləşdiyi bu qurumda göstəricilər uyğun olaraq 5 və 11-dir.

Azərbaycanda sahibkarlıq subyektlərinin dövlət qeydiyyatını 2008-ci ildən bəri Vergilər Nazirliyi "bir pəncərə" prinsipi əsasında həyata keçirir. Nazirlikdən verilən məlumata görə, həmin dövrdən 2014-cü ilin mart ayının 1-dək vergi orqanları 355 mindən artıq sahibkarlıq subyektini, o cümlədən 33 mindən artıq kommersiya hüquqi şəxsi və 321 mindən artıq fiziki şəxsi "bir pəncərə" prinsipi əsasında qeydiyyata alıb.

"E-qeydiyyat" sisteminin tətbiqi 2011-2012-ci illərdə mərhələlərlə həyata keçirilib. 2011-ci il iyulun 1-dən fərdi sahibkarlar üçün "e-qeydiyyat" sisteminin tətbiqinə başlanıb, bununla əlaqədar normativ-hüquqi aktlarda hər hansı dəyişikliyə zərurət olmayıb. Keçən iki il yarımdan artıq vaxt ərzində Azərbaycanda 82500 fərdi sahibkarın qeydiyyatı bu üsulla aparılıb. İkinci mərhələdə yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlər üçün qeydiyyatdan əvvəlki prosedurlara olan bir sıra tələblər tamamilə aradan qaldırılıb, onlara elektron imzadan yararlanmaqla, qeydiyyat orqanına baş çəkmədən sənədləri təqdim etmək imkanı yaradılıb. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin dövlət qeydiyyatının elektron üsulla aparılması prosesinə 2012-ci il fevralın 6-dan start verilib.

İqtisadçı ekspert Kənan Aslanlı deyir ki, hazırda konkret olaraq elektron qeydiyyat üçün 3 gün, möhür almaq üçün 1 gün, sertifikatlı elektron imzanın əldə edilməsi üçün isə yenə 3 gün vaxt tələb olunur.

Ekspert müqayisə üçün bildirib ki, qonşu ölkələrdən Türkiyədə biznes subyektlərinin dövlət qeydiyyatı prosedurlarının sayı (6 prosedur) Azərbaycandan çox olsa da, ümumilikdə sərf edilən vaxt Azərbaycandan azdır (6 gün): "Gürcüstanda isə sahibkarlıq subyekti olan hüquqi və fiziki şəxsin qeydiyyatı üçün də, bank hesabının açılmasına da 1 gün vaxt sərf olunur. Dünyada biznesi başlamaq üçün ən rahat şərait isə Yeni Zelandiyadadır. Bu ölkədə yarım gün ərzində şirkətlərin qeydiyyat ofisində onlayn qeydiyyatdan keçib elektron qeydiyyat şəhadətnaməsi almaq mümkündür.

Dünya təcrübəsindən çıxış edərək Azərbaycan üçün müəyyən nəticələr çıxarmaq olar. Birincisi, ya elektron imza ilə bağlı tələb ümumiyyətlə ortadan qaldırılmalı, ya da burada Vergilər Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında koordinasiya ilə vahid e-imza formasının cəmi 1 gün ərzində verilməsinə nail olunmalıdır. "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" qanuna dəyişiklik edilməli, adi elektron dövlət qeydiyyatı anlayışı bütün növ hüquqi şəxslər üçün sürətli elektron dövlət qeydiyyatı anlayışı ilə əvəz olunmalı və qeydiyyat müddəti 3 gündən 1 günə endirilməlidir. Belə olan halda hüquqi şəxslərin və fərdi sahibkarların "bir pəncərə" prinsipinə uyğun olaraq elektron qeydiyyatı zamanı həm prosedurların və həm də müddətin azalmasına (7 gündən 3 günə qədər) nail olmaq mümkündür".