SAHİBKARLIĞA VƏ BAZAR İQTİSADİYYATININ İNKİŞAFINA YARDIM FONDU

  
Bu gün: 16 Noyabr 2018, Cümə
Enerjidə sənəd labirinti
Dövlət - biznes, yoxsa dövlətin biznesi?
Bəkir Nərimanoğlu - mediaforum.az
08 may 2014. İnkişaf etmiş ölkələrdə dövlət-biznes əməkdaşlığının müxtəlif formalarından geniş istifadə olunur. Bu əməkdaşlığın əsas prinsipi odur ki, dövlət hansı infrastruktur və xidmətlərə ehtiyacı olduğunu müəyyənləşdirir, özəl sektor nümayəndələri isə dövlətin tələblərinə uyğun təkliflər irəli sürürlər. Əməkdaşlığın ən mühüm tərəfi iştirakçılar arasında risk və imkanların bölüşdürülməsidir. Yekunda konkret məsələnin həlli daha yüksək səmərə təklif edən partnyora həvalə edilir.

Dövlətlə özəl sektor arasında risk və məsuliyyət bölgüsü layihənin həyata keçirildiyi sferadan asılıdır. İctimai rifahın daha çox əhəmiyyət kəsb etdiyi sahədə xidmətin göstərilməsi ilə bağlı bazar riskləri aşağı, dövlət tənzimlənməsinə tələb isə yüksək olur. Dövlətin funksiyaları layihədəki risk və məsuliyyət bölgüsündən asılıdır. Özəl sektor layihə üzrə risklərə görə daha çox məsuliyyət daşıyırsa, demək, dövlətin layihə çərçivəsində görülən işlərə qarışmaq imkanları da azalır, dövlət, sadəcə, layihənin icrasına nəzarət edir.

Dövlət layihənin icrasından birbaşa büdcə gəlirləri (vergi və xidmətlərə görə ödəniş şəklində) əldə etməklə yanaşı dolayı effektlər də qazanır: ölkənin, regionun investisiya cəlbediciliyi artır, konyunktura dirçəlir.

Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun (SBİİYF) USAİD-in maliyyə dəstəyi ilə həyata keçirdiyi "Azərbaycanda kiçik sahibkarlığın inkişafına dəstək" layihəsi çərçivəsində İqtisadi Tədqiqatlar Mərkəzinin (İTM) ekspertləri "Azərbaycan Respublikasında dövlət-biznes əməkdaşlığı imkanları" mövzusunda tədqiqat aparıblar.

Dövlət-biznes əməkdaşlığının tənzimlənməsindən danışan layihə eksperti Qalib Toğrul bildirib ki, bu münasibətlərdə, adətən, Nazirlər Kabineti səlahiyyətli dövlət orqanı kimi çıxış edir: "Eyni zamanda qanunvericilik Nazirlər Kabinetinə istədiyi mərkəzi icra hakimiyyəti orqanını səlahiyyətli orqan təyin etmək hüququ verir. Azərbaycanda 2 səlahiyyətli orqandan birinin İqtisadiyyat və Sənaye Nazirliyi, digərinin isə Maliyyə Nazirliyi olması məqsədəuyğundur. İqtisadiyyat və Sənaye Nazirliyi dövlətlə biznesin əməkdaşlığı sahəsində layihələrin icrasına və bu sahənin inkişafına, Maliyyə Nazirliyi isə maliyyə risklərinin idarə edilməsinə cavabdehlik daşıya bilər. İqtisadiyyat və Sənaye Nazirliyi dövlət-biznes əməkdaşlığı konsepsiyası, onun əsas prinsipləri, layihələrin maliyyələşdirilməsi, biznes partnyorunun seçilməsi proseduru, seçimin metodoloji əsasları, layihələrin qiymətləndirilməsi barədə dövlət qulluqçularının, biznes və vətəndaş cəmiyyəti nümayəndələrinin məlumatlılıq səviyyəsini artırmaq üçün seminar, təlim və forumların keçirilməsini təşkil etməlidir".

Ekspert bildirib ki, dövlət-biznes əməkdaşlığı üçün özəl partnyorun seçilməsi adətən müsabiqə yolu ilə, 2 mərhələdən ibarət tender vasitəsilə həyata keçirilir: "Birinci mərhələ ilkin seçim (ərizəçinin qoyulan tələblərə uyğunluğunun yoxlanması), ikinci mərhələ isə təkliflərin dəyərləndirilməsi yolu ilə tenderin qalibinin seçilməsi adlanır. Qiymətləndirmə də 2 mərhələdə aparılır. Birinci mərhələdə tender komissiyası təkliflərin tender sənədlərində müəyyən olunmuş layihə üzrə minimum tələblərə cavab verib-vermədiyini qiymətləndirir. İkinci mərhələdə isə tender sənədlərinə uyğun olaraq birinci mərhələni keçmiş təkliflərin sosial və maliyyə-iqtisadi kriteriyalara uyğunluğu yoxlanır".

Dövlət-biznes əməkdaşlığının zəif inkişaf etdiyi Azərbaycana gəlincə, ekspertin fikrincə, ilk növbədə bu sahədə normativ-hüquqi baza tam formalaşdırılmalıdır: "İndiki halda konstitusiyanı, prezidentin 1996-cı il 9 fevral fərmanı ilə təsdiq edilmiş "Dövlət müəssisələrinin (obyektlərinin) müqavilə əsasında idarəetməyə verilməsi haqqında əsasnamə"ni, "Dövlət satınalmaları haqqında" qanunu, Mülki Məcəlləni, "İnvestisiya fəaliyyəti haqqında" və "Xarici investisiyanın qorunması haqqında" qanunları, prezidentin 30 mart 2006-cı ildə imzaladığı "İnvestisiya fəaliyyətinin təşviqi üzrə əlavə tədbirlər haqqında" sərəncamı dövlət-biznes işbirliyinin hüquqi bazası saymaq olar".

Qalib Toğrul bu sənədlər içərisində "Dövlət müəssisələrinin (obyektlərinin) müqavilə əsasında idarəetməyə verilməsi haqqında əsasnamə"ni özəl sektora idarəetməyə verilən infrastruktur obyektləri üçün əsas hüquqi baza hesab edir: "Bu əsasnamə prezident fərmanı ilə təsdiqləndiyindən Nazirlər Kabinetinin qərarlarından daha yüksək qüvvəyə malikdir. Əsasnamənin təsdiq edilməsi ilə bağlı prezident fərmanında xüsusi vurğulanır ki, dövlət müəssisələrinin (obyektlərinin) müqavilə əsasında idarəetməyə verilməsi yalnız bu əsasnaməyə uyğun həyata keçirilə bilər".

İTM tədqiqat çərçivəsində 3 əsas sənədin layihəsini hazırlayıb: "Dövlət-biznes əməkdaşlığı haqqında" qanun, "Azərbaycan Respublikasında dövlət-biznes əməkdaşlığı layihələri üzrə tender sənədlərinin hazırlanması və tenderin keçirilməsi qaydaları", bir də "Azərbaycan Respublikasında dövlət-biznes əməkdaşlığı layihələrində biznes partnyorunun seçilməsi üzrə tender komissiyaları haqda qaydalar".

Qalib Toğrulun fikrincə, neft gəlirlərinin azaldığı bir vaxtda dövlət-özəl sektor əməkdaşlığı xüsusi əhəmiyyət kəsb edir: "Məhz belə bir dövrdə dövlət-biznes əməkdaşlığının müxtəlif formalarından istifadə olunması dövlət büdcəsinin investisiyalarla bağlı yükünü azaldar, bu yükün müəyyən bir hissəsinin özəl sektorun üzərinə qoyulması sosial infrastruktur layihələrində risklərin paylanmasına imkan verərdi".

Ekspert bildirib ki, inkişaf etməkdə olan ölkələrdə dövlət-biznes əməkdaşlığının uğurla tətbiq olunduğu sahələr nəqliyyat infrastrukturu, enerji paylayıcı şəbəkələri, mənzil-kommunal xidməti kimi sahələrdir: "Ancaq yaxşı olardı ki, Nazirlər Kabineti dövlət-biznes əməkdaşlığı üçün prioritet sahələrin siyahısını hazırlasın, eyni zamanda dövlət-biznes əməkdaşlığının tətbiq oluna bilməyəcəyi sferaları da müəyyənləşdirsin. Son illər dövlət investisiyalarının önəmli bir hissəsi nəqliyyat infrastrukturuna yönəldilir. Nəqliyyat sektoruna böyük vəsaitlər ayrılmasına baxmayaraq görülən işlərin keyfiyyətindən narazılıqlar var. Tikintisinə 625 milyon 720 min manat ayrılmış Bakı-Quba-Rusiya avtomobil yolunun indi nə vəziyyətdə olduğundan yəqin xəbəriniz var. Yolun Bakı istiqamətində olan hissəsi tamamilə yararsız hala düşüb".

Hazırda elektrik enerjisinin paylanmasını Bakı şəhəri və onun rayonlarında səhmləri 100 faiz dövlətə məxsus olan "Bakıelektrikşəbəkə" ASC-nin, digər şəhər və rayonlarda isə yenə də səhmləri 100 faiz dövlətə məxsus olan "Azərenerji" ASC-nin idarə etdiyini vurğulayan ekspert "Azərenerji"nin son 8 ildə 1 milyard 500 milyona yaxın büdcə vəsaiti xərclədiyini bildirib: "Azərsu"ya isə 2005-2013-cü illərdə 2 milyard manatdan artıq büdcə vəsaiti ayrılıb. Bu vəsaitə "Oğuz-Qəbələ-Bakı" su kəmərinin çəkilişinə ARDNF-dən ayrılmış 779.6 milyon manatı da əlavə etsək, 3 milyard manata yaxın vəsait alınır. "Bakıelektrikşəbəkə"nin idarə olunması ilə bağlı vəziyyət də digər kommunal xidmət göstərən dövlət qurumlarından fərlqənmir. 2007-ci ildən üzü bəri büdcədən bu səhmdar cəmiyyətə böyük vəsaitlər ayrılmağa başlanıb. Azərbaycan hökuməti ilə "Barmek" arasındakı idarəetmə müqaviləsi İqtisadi İnkişaf Nazirliyinin "Barmek" "Azərenerji"jə olan borclarını ödəyə bilmir" iddiası ilə pozulmuşdu. Ancaq "Barmek"in bazasında yaradılan "Bakıelektrikşəbəkə"nin büdcədən asılılığı 2006-cı ildən ötən 8 ildə davam edir. Hətta büdcədən kifayət qədər subsidiya alan "Bakıelektrikşəbəkə"nin lazım gələndə "Azərenerji"yə olan borcu da silinir. Maraqlıdır ki, 2010-cu ilin avqustunda Nazirlər Kabinetinin sərəncamı ilə "Bakıelektrikşəbəkə"nin "Azərenerji"yə olan 389,1 milyon manat borcu silinib.

"Azəristiliktəchizat" ASC-yə gəlincə, 2013-cü ildə Bakıda 2870 bina (ölkə üzrə 3120) istilik ala bilib. Ötən ilin əvvəlində payız və qış mövsümündə paytaxtın 75 faizinin istiliklə təmin olunacağı vədi verilmişdi. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi məlumatına görə, Bakıda yaşayış binaların ümumi sayı 6000-7000 arasında dəyişir. O zaman mərkəzləşdirilmiş qaydada istilik alan binaların xüsusi çəkisinin 40-45 faizə yaxın olduğunu söyləmək mümkündür".

Ekspertin müşahidələrinə görə, əhaliyə kommunal xidmət göstərən hər 4 dövlət qurumunun büdcədən subsidiya asılılığı azalmaq əvəzinə daha da artıb: "Bu, özünü xidmət keyfiyyətinin yüksəlməsində yox, daha çox ictimai vəsaitlərin qeyri-şəffaf istifadəsində büruzə verib. Həm büdcənin investisiya yükünün azalması, həm də xidmət keyfiyyətinin yüksəlməsi baxımından kommunal xidmətlərin göstərilməsinə özəl şirkətlərin cəlb edilməsi doğru olardı".