SAHİBKARLIĞA VƏ BAZAR İQTİSADİYYATININ İNKİŞAFINA YARDIM FONDU

  
Bu gün: 17 Noyabr 2018, Şənbə
Enerjidə sənəd labirinti
Rəqabətə dözümsüz kiçik və orta sahibkarlıq
İqtisadi Tədqiqatlar Mərkəzinin mütəxəssisləri - Gunxeber.com
12 may 2014. Kiçik və orta ölçülü müəssisələrin yerli və qlobal bazarda rəqabət qabiliyyətliliyinin gücləndirilməsi hazırda bir çox dünya dövlətləri və institutlarının iqtisadi strategiyalarının hədəfindədir. Müəssisələrin rəqabətliliyinə bir çox sistematik və qeyri-sistematik faktorlar təsir göstərir ki, onların müəyyən olunması və təhlili bu hədəf üçün önəmlidir. Müəssisənin rəqabətliliyinə təsir göstərən xarici amillərin bir hissəsi makroiqtisadi səviyyədə baş vermiş dəyişikliklərdən qaynaqlanır. Müəssisələr makro səviyyədəki proseslərə təsir göstərmək gücündə deyillər, lakin uğurlu biznes fəaliyyəti üçün bu dəyişikliklərin düzgün müşahidə və tədqiq edilməsi zəruridir. Xarici makro faktorlara demoqrafik, iqtisadi, sosial-mədəni, ekoloji, texnoloji və siyasi-hüquqi mühitləri aid etmək olar

Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun (SBİİYF) ABŞ BİA-nın maliyyə dəstəyi ilə həyata keçirdiyi "Azərbaycanda Kiçik Sahibkarlığın İnkişafına Dəstək" layihəsi çərçivəsində İqtisadi Tədqiqatlar Mərkəzinin (İTM) ekspertləri "Kiçik və orta sahibkarlığın rəqabət qabiliyyətliliyinin artırılmasının mümkün yolları" mövzusunda tədqiqat aparıblar.

İTM ekspertlərinin araşdırmalarına görə, Azərbaycanda kiçik və orta sahibkarlıq müəssisələri (KOS) iqtisadi, hüquqi, inizibati sahələrdə xeyli çətinliklərlə üzləşir, mütəmadi olaraq dövlət qurumları tərəfindən qeyri-qanuni yoxlamalara məruz qalırlar: "Bununla yanaşı, sahibkarlar maliyyə mənbələrinin əlçatan olmaması problemi də yaşayırlar. Buna səbəb kimi maliyyə mənbələrinin məhdud olmasını, maliyyə-istiqraz bazarlarının inkişaf etməməsini göstərmək olar. Elə buna görə də kiçik və orta sahibkarlıq müəssisələri yüksək bank faizlərindən asılı vəziyyətə düşürlər. Bankların yüksək faiz dərəcələri, eyni zamanda, kredit verilməsi üçün həddindən artıq sərt rejimlər kiçik və orta sahibkarlıq üçün maliyyə mənbələrinə çıxışı məhdudlaşdırır. Azərbaycan bazarın kapitallaşdırılması dərəcəsi və qiymətli kağızların dövriyyəsi baxımından nəinki, ABŞ, Yaponiya, Fransa, Almaniya, Böyük Britaniya kimi nəhəng iqtisadiyyatlardan, hətta Türkiyə, Gürcüstan, Qazaxstan, Ukrayna kimi ölkələrdən belə geri qalır".

Ekspertlərin fikrincə, banklardan əlavə yerli və xarici mikromaliyyələşdirmə şirkətləri və təşkilatları da sahibkarlar üçün maliyyə mənbəyi kimi çıxış edə bilir, lakin bu mikromaliyyələşdirmə təşkilatlarının filialları və maliyyə kapitalları regionlardakı sahibkarlıq fəaliyyətinə yardım edəcək qədər geniş deyil.

Mərkəzin ekspertləri bildiriblər ki, kiçik və orta sahibkarlıq nümayəndələrinin ən böyük problemlərindən biri də sahibkarların hüquqi biliklərinin yetərli olmamasıdır: "Bunu aradan qaldırmaq üçün sahibkarlara hüquqi sahədə təlim və treninqlər keçəcək biznes inkubatorlarının formalaşdırılmasına ehtiyac var".

Ekspertlər iddia edirlər ki, kiçik və orta sahibkarların ən böyük problemi dövlət qurumları tərəfindən gərəksiz yoxlamalar və təftişlərdir: "Yoxlamaların aparılması ilə bağlı dovlət tərəfindən rəsmi olaraq qəbul edilmiş vahid təlimatın olmaması və yoxlamaların gedişində irəli sürülən tələblərlə bağlı qeyri-müəyyənlik sahibkarın hüquqlarını məhdudlaşdırmaqla yanaşı dövlət müfəttişinə geniş imkanlar yaratmış olur. Tez-tez dəyişən, kifayət qədər sərt, bəzən riayət edilməsi mümkün olmayan və ziddiyyətli tələblər haqqında tam anlayışı olmayan sahibkar üçün, yoxlama ilə bağlı problemləri hüquqi yolla deyil, digər vasitələrlə həll etmək daha asan olur. Yoxlamaların mövcud tezliyi nəzərə alınaraq demək olar ki, bu, müfəttişlərin səyyar yoxlamalarında geniş yayılımış həll yoludur".

Qeyd edək ki, 2013-cü ildə "Azərbaycanda Kiçik Sahibkarlığın İnkişafına Dəstək" layihəsi çərçivəsində 1000 sahibkarla aparılan üzbəüz rəy sorğusunun hesabatında "Dövlət orqanlarından Sizin ofisə yoxlama məqsədi ilə tez-tezmi gəlirlər" sualına respondentlərin cavabları aşağıdakı formada qruplaşdırılıb:

Ən azı həftədə bir dəfə – Polis (74 cavabdan 44,6%-i və ya 33 respondent)
Ən azı ayda bir dəfə – Vergilər Nazirliyi (1 297 cavabdan 50,7%-i və ya 658 respondent)
Ən azı yarım ildə bir dəfə – Sanitar-Epidemioloji qurumlardan (1 094 cavabdan 25,9%-i və ya 283 respondent)
Ən azı ildə bir dəfə – Ekologiya və Təbii Sərvətlər Nazirliyi (2 287 cavabdan 16,7%-i və ya 383 respondent)
Hələ ki gəlməyib – Rayon İcra Hakimiyyəti (4251 cavabdan 19,5%-i və ya 828 respondent)

Mərkəzin ekspertlətinin fikrincə, müəssisələr üçün iqtisadi və inzibari şəraiti yaxşılaşdırmağın ən effektli yollarından biri dövlət və özəl sektor arasındakı dialoqdur: "Özəl sektorla dövlət qurumları arasındakı effektiv və davamlı müzakirələr sahibkarlıq üçün işlək, səmərəli iqtisadi dəstək proqramının formalaşdırılmasına önəmli tövhə verir. Lakin, təəssüflər olsun ki, əksər inkişaf etməkdə olan ölkələr kimi Azərbaycanda da sahibkarlarla dövlət qurumlarının əməkdaşlığı və müzakirələri lazımi səviyyədə formalaşadırılmayıb. Özəl sektorla dövlət arasındakı məsləhətləşmələrin zəifliyi kiçik sahibkarlğın ehtiyaclarına yönəlmiş iqtisadi proqramların təsir gücünü əhəmiyyətli dərəcədə azaldır".

Ekspertər hesab edirlər ki, KOS-ların maliyyə çatışmazlığı problemini bir çox ölkələrdə uğurla sınaqdan çıxarılmış lizinq xidmətləri vasitəsi ilə həll etmək mümkündür: "Lizinq xidmətlərini ənənəvi bank kreditlərindən fərqləndirən ən üstün cəhəti sahibkarlardan girovun tələb edilməməsidir. Digər bir üstünlük təklif edilən maliyyənin tam olaraq təchizat xərclərini ödəməsidir".

Mərkəzin ekspertləri tədqiqatın nəticələrinə əsasən tövsiyələr hazırlayıb. Tövsiyələrdə göstərilir ki, kiçik və orta sahibkarlar üçün iqtisadi mühiti əlverişli etmək üçün inzibati və məhkəmə sahəsində təcili islahatlar aparılmalı, dövlət məmurlarının qeyri-qanuni müdaxilələri aradan qaldırılmalı, məhkəmə sisteminin müstəqilliyi və ədalətliliyi təmin edilməlidir. Maliyyə mənbələrinin əlçatan olmasını təmin etmək üçün isə ilk növbədə sahibkarlara dövlət dəstəyi proqramında bir sıra struktur dəyişikliyi etməklə Sahibkarlığa Kömək Milli Fondunu daha işlək və şəffaf hala gətirmək vacibdir.

Tövsiyə olunur ki, sahibkarların müasir bazar konyukturasında rəqabət aparmasına yardım etmək üçün biznes inkişaf xidmətləri genişləndirilsin.

Mərkəzin ekspertlərinin fikrincə, şirkətlərarası şəbəkələnmə üçün şəraitin formalaşdırılması da rəqabətliliyə müsbət təsir göstərəcək addımlar sırasındadır. Müəssisələrarası əməkdaşlıq sahibkarların bu əlaqələrdən yararlanaraq yeni texnoloji-innovativ yenilikləri mənimsəməsinə və biznes biliklərini artırmasına səbəb olur.