SAHİBKARLIĞA VƏ BAZAR İQTİSADİYYATININ İNKİŞAFINA YARDIM FONDU

  
Bu gün: 17 Noyabr 2018, Şənbə
Enerjidə sənəd labirinti
Dövlət-biznes əməkdaşlığı: əlavə sərmayə və keyfiyyətli xidmət
Vəfa Məmmədli - 525-ci qəzet
12 may 2014. Müstəqillikdən sonra Azərbaycan Respublikasında müxtəlif illərdə dövlət-biznes əməkdaşlığının müxtəlif formalarına rast gəlinsə də, hələ də hökumətdə bu əməkdaşlığa sistemli şəkildə yanaşmanı, onun forma və mexanizmlərini, perspektiv inkişaf meyllərini özündə əks etdirən sənəd yoxdur. Son onilliklərdə əksər ölkələr bərabər hüquqlu dövlət və özəl sektor əməkdaşlığına xüsusi diqqət yetirirlər. Dünyada dövlətlə biznesin konkret hansı formada əməkdaşlığının dövlət-özəl sektor işbirliyinə aid edilməsi ilə bağlı yekdil fikir yoxdur. Dövlət-özəl sektor əməkdaşlığı dövlətin biznes layihələrinə qoşulmasını deyil, ictimai əhəmiyyətli layihələrə dövlət tərəfindən özəl sektorun cəlb olunması mexanizmlərinin tətbiqini nəzərdə tutur.

Müasir anlamda dövlət-özəl sektor əməkdaşlığı ictimai məzmun daşıyan beynəlxalq, milli və lokal layihələrin həyata keçirilməsi məqsədi ilə dövlət və biznes arasında yaradılmış institusional və təşkilati alyans kimi başa düşülür. Adətən, belə alyanslar müvəqqəti olur və konkret layihənin həyata keçirilməsi məqsədi ilə müəyyən bir müddətə yaradılır və layihənin icrasından sonra fəaliyyətini dayandırır.

Dövlət-özəl sektor əməkdaşlığı təcrübəsi göstərir ki, ölkələrin sosial-iqtisadi inkişaf səviyyəsi əməkdaşlıq üçün sektor seçiminə böyük təsir edir. 2012-ci ilin statistikasına əsasən, Böyük yeddilik ölkələrində (ABŞ, Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, Fransa, Yaponiya) dövlət bizneslə daha çox səhiyyə sahəsində (615 layihədən 184-ü) əməkdaşlıq edib. Bu siyahıda ikinci yeri təhsil (138 layihə), üçüncü yeri isə avtomobil yolları (92 layihə) tutur. Hər bir Yeddilik ölkəsinin bizneslə əməkdaşlıq üçün öz prioritet sahəsi var. Məsələn, ABŞ-da bu prioritet sahə avtomobil yolları (36 layihədən 32-si), Böyük Britaniyada təhsil (352 layihədən 113-ü), Almaniyada da təhsil (56 layihədən 24-ü), İtaliya, Kanada və Fransada isə səhiyyədir.

İnkişaf etmiş ölkələrdən fərqli olaraq inkişaf etməkdə olan və keçid iqtisadiyyatlı ölkələrdə əməkdaşlıq üçün prioritet sahələr təhsil və səhiyyə deyil. Bu ölkələrdə sosial- iqtisadi inkişafın aşağı səviyyəsi dövlət-özəl sektor əməkdaşlığı sayəsində cəlb olunan investisyaların nəqliyyat infrastukturuna, o cümlədən, avtomobil yollarının, dəmir yollarının, limanların tikintisi və təmirinə yönəlməsini şərtləndirir. İnkişaf etməkdə olan ölkələrdə özəl sektor enerji sektorunun, nəqliyyatın, su təchizatının, kanalizasiya sisteminin, telekommunikasiyanın maliyyələşdirilməsinə xüsusi maraq göstərir. Belə ölkələrdə əməkdaşlıq forması kimi konsessiya, hasilatın pay bölgüsü sazişləri və birgə müəssisələr daha çox tətbiq olunur.

Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun (SBİİYF) ABŞ BİA-nın maliyyə dəstəyi ilə həyata keçirdiyi "Azərbaycanda Kiçik Sahibkarlığın İnkişafına Dəstək" layihəsi çərçivəsində İqtisadi Tədqiqatlar Mərkəzinin (İTM) ekspertləri" Azərbaycan Respublikasında Dövlət-Biznes Əməkdaşlığı İmkanları" mövzusunda tədqiqat aparıblar.

İTM-in ekspertlərinin dediiyinə görə, dünyada dövlət-biznes əməkdaşlığının 20-yə yaxın modeli var: "Dünya təcrübəsinin öyrənilməsi göstərir ki, dövlət-özəl sektor əməkdaşlığının istifadə masştabı və tətbiq sahələri ildən-ilə genişlənir, dövlətlə biznesin əməkdaşlığı üçün yeni formalar meydana gəlir".

Mərkəzin ekspertləri hazırkı şəraitdə Azərbaycanda dövlət-özəl sektor əməkdaşlığının bir neçə aspektdən üstünlüklərini qeyd edib. Onların fikrincə, bu əməkdaşlıq dövlət üçün neft gəlirlərinin azaldığı bir şəraitdə investisiya layihələrini özəl sektorun imkanları hesabına reallaşdırmaq, özəl sektorun təcrübə, maliyyə və texnoloji imkanlarından faydalanmaq, layihələrlə bağlı risklərin bir hissəsini özəl sektorla bölüşmək, təqdim olunan ictimai xidmətlərin keyfiyyətini yüksəltmək, investisiya iqlimini yaxşılaşdırmaq və regionları inkişaf etdirmək kimi üstünlüklər vəd edir.

Ekspertlər bu əməkdaşlığın özəl sektora da yeni imkanlar açdığını bildiriblər: "Özəl sektor üçün yeni investisya imkanlarının (bazarlar, gəlirlər) yaranması, kommersiya risklərinin azalması, özəl sektorun potensialının yüksəlməsi, böyük layihələrin idarə edilməsi ilə bağlı təcrübələrin formalaşması kimi amilləri qeyd etmək mümkündür".

İTM ekspertlərinin fikrincə, Azərbaycanda ilk növbədə, dövlət-özəl sektor əməkdaşlığı ilə bağlı qanunvericilik bazası tam formalaşdırlmalıdır: "İndiki halda Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 9 fevral tarixli, 437 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət müəssisələrinin (obyektlərinin) müqavilə əsasında idarəetməyə verilməsi haqqında Əsasnamə"ni özəl sektora idarəetməyə verilən infrastuktur obyektləri üçün əsas hüquqi baza hesab etmək olar. Bu əsasnamə Prezident fərmanı ilə təsdiq edildiyindən Nazirlər Kabinerinin qərarlarından daha yüksək qüvvəyə malikdir. Əsasnamənin təsdiq edilməsi ilə bağlı Prezident fərmanında xüsusi olaraq qeyd olunur ki, dövlət müəssisələrinin (obyektlərinin) müqavilə əsasında idarəetməyə verilməsi yalnız bu Əsasnaməyə uyğun olaraq həyata keçirilir".

Məlumat üçün bildirək ki, layihə çərçivəsində 3 hüquqi sənədin layihələri hazırlanıb bildirib: "Bunlar "Dövlət-biznes əməkdaşlığı haqqında" Azərbaycan Respublikasının Qanunu, "Azərbaycan Respublikasında dövlət-biznes əməkdaşlığı layihələri üzrə tender sənədlərinin hazırlanması və tenderin keçirilməsi qaydaları" və "Azərbaycan Respublikasında dövlət-biznes əməkdaşlığı layihələrində biznes partnyorun seçilməsi üzrə tender komissiyaları haqda qaydalar"dır.

Ekspertlər ölkəmizdə dövlət-biznes əməkdaşlığının potensial tətbiqi sahələrinin nəqliyyat infrastrukturu, enerji paylayıcı şəbəkələri, mənzil-kommunal xidməti olduğunu deyiblər: "Ancaq yaxşı olardı ki, NK dövlət-biznes əməkdaşlığı üçün prioritet sahələrin siyahısını hazırlasın, eyni zamanda, dövlət-biznes əməkdaşlığının tətbiq oluna bilməyəcəyi sferaları da müəyyənləşdirsin".

İTM-in ekspert qrupu tədqiqat çərçivəsində dövlət-biznes-əməkdaşlığı mexanizminin yaradılması və inkişafı ilə bağlı təkliflər hazırlayıb: "İlk növbədə dövlət-biznes əməkdaşlığı ilə bağlı normativ-hüquqi baza formalaşdırılmalıdır. Bu normativ-hüquqi baza "Dövlət-biznes əməkdaşlığı haqqında" Azərbaycan Respublikası Qanunundan, tenderlərin keçirilməsi qaydlarından, tender komissiyalarının təşkili qaydalarından, dövlət-biznes əməkdaşlığnı rəsmiləşdirən müqavilə və digər müvafiq formalarının hazırlanmasından, Azərbaycan Respublikasında dövlət-biznes əməkdaşlığı üçün uyğun sahələrin siyahısının təsdiq edilməsindən və digər tənzimləyici sənədlərin qəbulundan ibarət olmalıdır.

Bundan əlavə, dövlət-biznes əməkdaşlığı layihələrinin tətbiq olunacağı prioritet sahələr müəyyənləşdirilməli, əhaliyə kommunal-xidmət göstərən dövlət qurumlarının biznes strukturlarına idarəetməyə verilməsi məqsədi ilə onlarla konsessiya müqavilələrinin imzalanmalı və İqtisadiyyat və Sənaye Nazirliyinin nəzdində dövlət-biznes əməkdaşlığı layihələrinin idarə olunması, biznes partnyorun seçilməsi, normativ-hüquqi bazanın təkmilləşdirilməsi, məsləhət və digər funksiyaları həyata keçirən Dövlət-Biznes Əməkdaşlığının İnkişafı Mərkəzi yaradılmalıdır".