SAHİBKARLIĞA VƏ BAZAR İQTİSADİYYATININ İNKİŞAFINA YARDIM FONDU

  
Bu gün: 17 Noyabr 2018, Şənbə
Enerjidə sənəd labirinti
Kiçik sahibkarlığın böyük problemləri
Bəkir Nərimanoğlu - mediaforum.az
17 may 2014. Kiçik və orta ölçülü müəssisələrin yerli və qlobal bazarda rəqabət qabiliyyətinin gücləndirilməsi hazırda bir çox dünya dövləti və institutunun iqtisadi strategiyalarının hədəfindədir.

Kiçik və orta sahibkarlıq Azərbaycanda iki qrupa bölünür: fərdi sahibkarlar (hüquqi şəxs kimi qeydiyyatdan keçməyən fərdi müəssisə sahibləri) və kiçik və orta müəssisələr (hüquqi şəxs kimi qeydiyyatdan keçən müəssisələr). Bütün fərdi sahibkarlıq nümunələri hüquqi cəhətdən kiçik sahibkarlıq hesab olunur, hüquqi şəxs kimi qeydiyyatdan keçən müəssisələr isə iki meyar əsasında qruplaşdırılır: işçilərinin sayına və illik dövriyyəsinə görə.

Müəssisələrin önəmli hissəsi topdansatış və pərakəndə satış, avtomobil və motosiklet təmiri, kənd təsərrüfatı, balıqçılıq və meşəçilik, tikinti, texniki sahələrin payına düşür.

Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun (SBİİYF) USAİD-in maliyyə dəstəyi ilə həyata keçirdiyi "Azərbaycanda kiçik sahibkarlığın inkişafına dəstək" layihəsi çərçivəsində İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) ekspertlərinin apardığı tədqiqatlarda qeyd olunur ki, Azərbaycanda kiçik və orta sahibkarlıq (KOS) müəssisələri iqtisadi, hüquqi, inzibati sahələrdə xeyli çətinliklə üzləşir. KOS-lar mütəmadi olaraq vergi orqanı və bu kimi qurumların qeyri-qanuni yoxlamalarına məruz qalır. Bununla yanaşı sahibkarlar maliyyə mənbələrinin çətin əlçatan olması problemi də yaşayırlar. Buna səbəb kimi maliyyə mənbələrinin məhdud olmasını, maliyyə-istiqraz bazarlarının inkişaf etməməsini göstərmək olar. Nəticədə kiçik və orta sahibkarlıq müəssisələri yüksək bank faizlərindən asılı hala düşür. Bu bankların yüksək faiz dərəcələri, eyni zamanda kredit verilməsi üçün həddindən artıq sərt rejimləri kiçik və orta sahibkarlıq üçün maliyyə mənbələrinə çıxışı məhdudlaşdırır.

Layihənin eksperti Qalib Toğrul deyir ki, Azərbaycanda bazarın kapitallaşdırılması dərəcəsi qiymətli kağızların dövriyyəsi baxımından nəinki ABŞ, Yaponiya, Fransa, Almaniya, Böyük Britaniya kimi nəhəng iqtisadiyyatlardan, Türkiyə, Gürcüstan, Qazaxıstan, Ukrayna kimi ölkələrdən də geri qalır: "Qiymətli kağızlar bazarının ağır vəziyyətdə olması kiçik və orta sahibkarlıq müəssisələri üçün maliyyə əldə edilməsini daha da çətinləşdirir. Maliyyə əldə olunmasını çətinləşdirən amillərdən biri də biznes kreditləri üçün bankların sərt girov sistemləridir. Banklar adətən sahibkarlardan (eyni zamanda vətəndaşlardan) daşınmaz əmlakı girov kimi qəbul edir. Eyni zamanda əksər hallarda kiçik kreditlər üçün üçüncü bir tərəfin də zaminliyi tələb olunur. Azərbaycanda bu işləri həyata keçirəcək mərkəzləşmiş bir dövlət qurumu yoxdur.

Mərkəzləşmiş qaydada girov işlərini həyata keçirən qurumun olmaması banklar və sahibkarların işlərini çətinləşdirir. Banklar sahibkarlara Daşınmaz Əmlakın Reyestri Xidmətinin sənədini imzaladaraq daşınmaz əmlakı başqa bir bankın girov etməsinin qarşısını alırlar. Bu sənədləşmə mahiyyətcə daşınmaz əmlaka notarial qaydada digər bir şəxsin qeydiyyata salınması prosedurudur. Uzun bir sənədləşmə, bəzən isə məhkəmə prosedurunun daxil olduğu bu proses sahibkarların vaxt itkisi ilə, hətta bəzi hallarda uğursuzluğu ilə nəticələnə bilir.

Banklardan əlavə yerli və xarici mikromaliyyələşdirmə şirkətləri və təşkilatları da sahibkarlar üçün maliyyə mənbəyi kimi çıxış edə bilər. Lakin bu mikromaliyyələşdirmə təşkilatlarının filialları və maliyyə kapitalları regionlardakı sahibkarlıq fəaliyyətinə yardım edəcək qədər geniş deyil. Bununla yanaşı mikromaliyyələşdirmə təşkilatları da bank xidmətləri göstərən qurum kimi yüksək faiz dərəcələri və az kredit təklif etməklə fəaliyyət göstərir. Sahibkarlığa Kömək Milli Fondunun isə sahibkarlara təklif etdiyi kredit faizləri cəlbedici olsa da, verilən kreditlərin miqdarı sərfəli deyil".

Qalib Toğrul bildirir ki, KOS-ların ən böyük problemlərindən biri də sahibkarların hüquqi məlumatlarının yetərli olmamasıdır: "Bu əngəli aradan qaldırmaq üçün sahibkarlara hüquqi sahədə təlim və treninqlər keçəcək biznes inkubatorlarının formalaşdırılmasına ehtiyac var. Eyni zamanda əhalinin və sahibkarların maliyyə sahəsində bilgi və bacarıqlarını artırmaq üçün dövlətin bir fəaliyyət planı, strategiyası yoxdur.

Dövlətlə kiçik sahibkarlıq müəssisələri arasında münasibətləri tənzimləyən vahid institutun olmaması da çatışmazlıqlar sırasındadır. Bunun nəticəsində dövlət və özəl sahibkarlar arasında məsləhətləşmə, demək olar, baş tutmur. Bu da qanunların qəbulu mexanizmi və prosesində sahibkarların fikir və təkliflərinin səsləndirilməsinin qarşısını alır. Sıfırdan başlayan biznes fəaliyyətlərini stimullaşdıracaq xüsusi dəstək proqramlarının və strategiyalarının da yoxluğu diqqət çəkən problemlər arasındadır. Risk kapitalı xidmətlərinin, demək olar, mövcud olmaması sıfırdan başlayan sahibkarlıq fəaliyyətinin qarşısındakı əngəllərdəndir.

Kiçik və orta sahibkarların fəaliyyətinə əngəl yaradan amillərdən biri də dövlət qurumlarının gərəksiz yoxlama və təftişləridir. Yoxlamaların aparılması ilə bağlı dövlətin rəsmən qəbul edilmiş vahid təlimatının olmaması, yoxlamaların gedişində irəli sürülən tələblərlə bağlı qeyri-müəyyənlik sahibkarın hüquqlarını məhdudlaşdırmaqla yanaşı dövlət müfəttişinə geniş imkanlar yaradır. Tez-tez dəyişən, kifayət qədər sərt, bəzən riayət edilməsi mümkünsüz ziddiyyətli tələblər haqqında tam anlayışı olmayan sahibkar üçün yoxlama ilə bağlı problemləri hüquqi deyil, digər vasitələrlə həll etmək daha asan olur. Yoxlamaların mövcud tezliyini də nəzərə alaraq demək olar ki, bu praktika müfəttişlərin səyyar yoxlamalarında geniş yayılıb. Yuxarıda da deyildiyi kimi, yoxlamaların planlaşdırılması və aparılması qaydaları konkret hüquqi normalarla tənzimlənmir. Mövcud normalar belə yoxlamaların necə təyin olunduğuna, keçirildiyinə, yoxlanan məqamların mahiyyətinə, hesabat və cəza mexanizmlərinin təsnifatına kifayət qədər aydınlıq gətirmir. Yoxlamaların aparılma tezliyi və yoxlamaya məruz qalacaq obyektlərin seçilməsi sistematik şəkildə aparılmır, nəticədə bu hal biznes fəaliyyəti ilə məşğul olan sahibkarlar üçün qeyri-müəyyənlik yaradır. Qanuni satış prosesi və təchizat onsuz da mürəkkəbdir, əlavə investisiyaların və artımın təmin edilməsi isə böyük səy istəyir. Belə şəraitdə tez-tez baş verən yoxlamalar sahibkarların üzləşdiyi problemlərə yenisini artırmış olur.

Deyilənləri ümumiləşdirsək, yoxlama meyarları (əgər varsa) ümumiyyətlə qeyri-şəffafdır, yoxlanan müəssisələrin cəmiyyətə, ekologiyaya və təhlükəsizliyə törədə biləcəyi risk səviyyəsinə mütənasib deyil. Ayrı-ayrı sektorlar üzrə çoxlu təlimat və göstəriş olsa da, hüquqi aktlarda səyyar yoxlamaların beynəlxalq standartlara uyğunlaşdırılmasına imkan verəcək qaydalar öz əksini tapmayıb. Bu standartlar dövlət orqanları tərəfindən həyata keçirilən yoxlamaların ümumi prinsiplərini, səbəblərini və tezliyini müəyyənləşdirməyə, qanunsuz, səbəbsiz yoxlamalardan yuxarı instansiyalara şikayət vermə mexanizmlərinin təyin olunmasına xidmət etməlidir. Lakin Azərbaycanda bir qayda olaraq hər bir qurum yoxlamaların həyata keçirilməsi üçün müxtəlif daxili hüquqi aktlara istinad edir ki, bu da sonda hər bir orqanın fərqli yoxlama rejiminə sahib olması ilə nəticələnir. Sonunda bir neçə müfəttiş eyni biznes qurumunu bənzər (bəzən eyni) məqamlar üzrə yoxlayır".

Qalib Toğrulun fikrincə, KOS-ların problemlərinin önəmli hissəsini həll etmək üçün aşağıdakılar həyata keçirilməlidir:

- Kiçik və orta sahibkarlara iqtisadi mühiti əlverişli etmək üçün inzibati və məhkəmə sahəsində təcili islahatlar aparılmalıdır. Dövlət məmurlarının qeyri-qanuni müdaxilələri aradan qaldırılmalı, məhkəmə sisteminin müstəqilliyi və ədalətliliyi təmin edilməlidir;

- Maliyyə mənbələrinin əlçatan olmasını təmin etmək üçün ilk növbədə sahibkarlara dövlət dəstəyi proqramında bir sıra struktur dəyişikliyi edilərək fondu daha işlək və şəffaf hala gətirmək vacibdir. Bundan başqa Sahibkarlığa Kömək Milli Fondunun təklif etdiyi az faizli kreditlərin miqdarını kiçik və orta sahibkarların fəaliyyəti üçün yetərli səviyyədə müəyyən etmək lazımdır;

- Sahibkarların müasir bazar konyunkturasında rəqabət aparmasına yardım etmək üçün biznes inkişaf xidmətlərinin genişləndirilməsi tövsiyə olunur. Özəl xidmətlər şəklində formalaşdırılmalı olan bu qurumlar müəssisələrə yeni marketinq metodlarına, bazar strategiyasının düzgün müəyyən edilməsinə, müasir maliyyə və mühasibat qaydalarının tətbiqinə yardımçı olacaq;

- Şirkətlərarası şəbəkələnmə üçün şəraitin formalaşdırılması da rəqabətliliyə müsbət təsir göstərəcək addımlar sırasındadır. Müəssisələrarası əməkdaşlıq sahibkarların bu əlaqələrdən yararlanaraq yeni texnoloji-innovativ yenilikləri mənimsəməsinə və biznes biliklərini artırmasına səbəb olur;

- Transmilli korporasiyaların (TMK) ölkə iqtisadiyyatına töhfə verə bilməsini təşkil etmək lazımdır. Bunun üçün TMK-larla kiçik və orta sahibkarlıq müəssisələri arasında əlaqələri genişləndirərək yerli müəssisələrin TMK-lardan həm istehsal, həm də idarəçilik yeniliklərini mənimsəməsinə yardımçı olmaq lazımdır.