SAHİBKARLIĞA VƏ BAZAR İQTİSADİYYATININ İNKİŞAFINA YARDIM FONDU

  
Bu gün: 17 Noyabr 2018, Şənbə
Enerjidə sənəd labirinti
Bankların sahibkar qorxusu: ekspert variantlar təklif edir
mediaforum.az
23 may 2014. Azərbaycanda kiçik və orta sahibkarların ən böyük problemi maliyyə mənbələrinə çıxışın çətin olmasıdır. "Media forum" saytına danışan iqtisadçı ekspert Qalib Toğrul deyir ki, kommersiya bankları və investorlar kiçik və orta sahibkarlıq müəssisələrinə xidmət göstərməyə bir neçə səbəbdən maraq göstərmir:

"Kiçik və orta sahibkarlar aktivlərinin azlığı, bazarın sabit olmaması, aşağı səviyyədə kapitallaşdırma səbəbindən yüksək riskli müştərilər hesab olunur. Başqa tərəfdən kiçik və orta sahibkarlıq müəssisələr beynəlxalq mühasibat və maliyyə metodlarından lazımı səviyyədə istifadə etmir. Biznes planlarını yüksək səviyyədə hazırlaya bilmədiklərindən investor və kommersiya bankları onların kredit dərəcələrini müəyyən etməkdə çətinlik çəkir. Nəhayət, kiçik miqdarda kreditlərin verilməsi banklara və digər borcverən təşkilatlara əlavə xərclər yaratdığından kiçik və orta sahibkarlıq müəssisələri ilə əməkdaşlıq biznes maraqları baxımından sərfəli sayılmır.

Kommersiya bankları əsasən yüksək məbləğli borc tələb edən, daha üstün biznes planları tərtib edən, bankların biznes maraqları üçün daha sərfəli olan, yüksək kredit dərəcəli korporativ müştərilərlə əməkdaşlığa üstünlük verir. Banklar kiçik və orta sahibkarlara borc verərkən ümumi faiz dərəcəsinə həmin müəssisələrin risklilik dərəcəsini, eyni zamanda onların biznes fəaliyyəti üzərində mütəmadi nəzarət xərcləri də əlavə edirlər, nəticədə əməkdaşlıq hər iki tərəf üçün normal faiz dərəcəsinin üzərində olur.

Kommersiya bankları eyni zamanda sektordaxili əməkdaşlıqla fəaliyyət göstərdiyindən maliyyə kiçik və orta sahibkarlıq üçün daha da əlçatmaz olur. Son dövrlər İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı və bir sıra Asiya ölkələrində kiçik və orta sahibkarlara kreditlərin verilməsinin xərclərini aşağı salaraq cəlbedici hala gətiriblər. Bu prosesin əsas mahiyyəti kiçik və orta sahibkarlığın risklərini aşağı salmaq, eyni zamanda onlar üçün iqtisadi mühiti əlverişli hala salaraq layihələrinin gəlirliliyini artırmaqdır.

Ənənəvi bank borclarına alternativ variantlardan biri də bir çox inkişafda olan ölkələrdə uğurlara nail olmuş lizinq xidmətləridir. Lizinq xidmətlərinin ənənəvi bank kreditlərindən fərqləndirən ən üstün cəhəti sahibkarlardan girovun tələb edilməməsidir. Azərbaycan kimi ölkələrdə kreditlərə girovların tələb olunması sahibkarların maliyyə çıxışını əngəlləyən ən əsas problemlərdəndir. Lizinq xidmətlərinin üstün cəhətlərindən biri də təklif edilən maliyyənin tam olaraq təchizatın xərclərini ödəməsindədir. Azərbaycanda da lizinq xidmətlərini şirkətlərin tələblərini ödəyəcək səviyyədə genişləndirmək kiçik sahibkarların rəqabətlilik qabiliyyətlərinə pozitiv təsir göstərəcək.

Kənd təsərrüfatı sahəsində rast gəlinən problemlərdən biri də lizinq xidmətlərinin aşağı səviyyədə olmasıdır. "Lizinq haqqında" qanun 1994-cü ilin noyabrında qəbul olunub. Yerli bankların və kredit təşkilatlarının lizinq kreditləri təklif etməsinə baxmayaraq onların fəaliyyətləri lizinq faiz dərəcələrinin istehlak faiz dərəcələrindən fərqli olması səbəbindən o qədər də maraq doğurmur. Lizinq sahəsində əsas problem uzunmüddətli və aşağı faiz dərəcəli kreditlərin çatışmazlığındadır. Azərbaycan Lizinq Şirkətləri Assosasiyasının açıqlamasına görə, 44 faiz lizinq şirkətləri kənd təsərrüfatı sahəsinə, 34 faizi tikinti, 10 faizi daşıma, 7 faizi sərnişin nəqliyyatı sahəsinə cəlb olunub.

Kommersiya banklarının kiçik və orta sahibkarlıq müəssisələri ilə əməkdaşlığa həvəsləndirmək üçün Mərkəzi Bank və digər maliyyə siyasətini həyata keçirən qurumlar fəal olmalıdırlar. Kiçik və orta sahibkarlıq müəssisələrinin lazımi səviyyədə maliyyə əldə edə bilməsini təmin etmək üçün dövlət iqtisadi siyasət planı hazırlamalıdır. Dövlətin bu sistemində mütəmadi bankların kredit portfeli haqqında müxtəlif sektorlar üzrə nəzarət etmək, zəmanət proqramı kimi metodlarla bankların mümkün risklərnii azaltmaq daxil ola bilər".