SAHİBKARLIĞA VƏ BAZAR İQTİSADİYYATININ İNKİŞAFINA YARDIM FONDU

  
Bu gün: 16 Noyabr 2018, Cümə
Enerjidə sənəd labirinti
Əmək müqaviləsi: yolu nə bağlayır?
Bəkir Nərimanoğlu - mediaforum.az
09 iyun 2014.Azərbaycanda qeydiyyatsız məşğulluq özəl sektor üçün xarakterik fenomendir: bu sektorda işçilərin təxmini olaraq cəmi 10 faizi, yəni hər 10 nəfərdən biri əmək müqaviləsi əsasında çalışır. Aqrar sektorda çalışanların cəmi 2.5 faizi, tikinti, ticarət, ictimai iaşə və nəqliyyat sektorunda məşğul olanların isə 35-40 faizi əmək müqaviləsi bağlayıb. Əmək müqaviləsiz çalışanlar Azərbaycanda ümumi məşğul əhalinin 65-66 faizini təşkil edir. İnkişaf etmiş ölkələrdə (Almaniya, Niderland) bu göstərici maksimum 6-7, bir sıra keçid ölkələrində (Estoniya, Çexiya) 9-10 faizdir.

Azərbaycan qanunvericiliyi əmək müqaviləsindən yayınan müəssisələr və onların vəzifəli şəxsləri üçün xeyli yüksək məbləğdə cərimələr nəzərdə tutur. İnzibati Xətalar Məcəlləsinə əsasən, işəgötürənlərin Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsini bağlamadan hər hansı işə (xidmətə) işçi cəlb etməsi aşkarlanarsa, bu məsələyə məsul vəzifəli şəxslər 3000 manatdan 5000 manatadək, onların təmsil etdiyi hüquqi şəxslər isə 20 000 manatdan 25 000 manatadək miqdarda çərimə edilir. Vergi Məcəlləsinin 58-ci maddəsinə görə, işəgötürənlər tərəfindən muzdlu işçilərin Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq müqavilə bağlamadan əmək fəaliyyətinə cəlb edilməsi və bu yolla əmək gəlirlərinin azaldılması halı aşkarlanarsa, sahibkarlara müqaviləsiz çalışdırılan hər bir işçi üçün 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin USAİD-in maliyyə dəstəyi ilə həyata keçirdiyi "Azərbaycanda kiçik sahibkarlığın inkişafına dəstək" layihəsi çərçivəsində keçirdiyi sorğu maraqlı nəticələr ortaya çıxarıb. Sorğuda iştirak edən 45 nəfər sahibkar Bakı və Gəncə şəhərləri, Quba, Xaçmaz və Qusar rayonları daxil olmaqla 5 müxtəlif coğrafi inzibati ərazisini təmsil edirlər.

Sahibkarların 53.3 faizi (24 respondent) hesab edir ki, əmək müqaviləsindən yayınmanın qarşısını almaq üçün həvəsləndirici tədbirlərdən istifadə daha effektivdir. Sorğu iştirakçılarının 40 faizi (18 respondent) həvəsləndirici və çəkindirici üsulların (sanksiyaların) birgə tətbiq olunduğu şəraitdə qeyri-rəsmi əmək münasibətləri ilə mübarizə strategiyasının effektiv ola biləcəyi qənaətindədir. Respondentlərin yalnız 6,7 faizi (3 respondent) məhz inzibati sanksiyaların problemin həlli üçün çıxış yolu olduğunu düşünür.

Sahibkarlar hansı çəkindirici inzibati sanksiyaların tətbiqini təklif edirlər? Əmək müqavilələrindən yayınmanın qarşısını almaq üçün sərt sanksiyaların tətbiqinin effektiv olacağını düşünən respondentlər müqavilə bağlamamağa görə cərimələrin məbləğinin həddən artıq yüksək olmasını istəyib. Cavabların 19 faizi cəza tədbirinin təkcə sahibkarları deyil, həm də işçilərin özlərini əhatə etməsini məqbul sayır.

Cavabların təxminən 14 faizində sərt cəza tədbiri kimi inzibati sanksiyaların tətbiqinin yetərli olmayacağı vurğulanır. Bu yanaşmanın tərəfdarları hesab edir ki, işçi müqaviləsiz işlədiyi iş yerində əmək xəsarəti aldıqda işəgötürən həm cərimələnməli, həm də cinayət məsuliyyətinə cəlb olunmalıdır.

Sahibkarlar hansı həvəsləndirici vasitələrin tətbiqini təklif edirlər? Həvəsləndirici tədbirləri daha təsirli sayan respondentlərə isə belə bir sual ünvanlanıb: "Əmək müqaviləsi olmadan muzdlu işçilərin fəaliyyətə cəlb olunmasının qarşısının alınması üçün hansı stimullaşdırıcı tədbirlərin tətbiqini zəruri sayırsınız".

Həvəsləndirici vasitələri əmək müqaviləsindən yayınmaya qarşı daha effektiv yanaşma hesab edən ümumi respondentlərin (24 nəfər) 52 faizi hesab edir ki, sığorta yükünün müəyyən hissəsi işçilərin üzərinə keçirilməklə işəgötürənlərin sosial sığorta yükü azaldılarsa, sahibkarlar rəsmi əmək münasibətlərinə həvəslənə bilər. Sorğu iştirakçılarının 40 faizi (6 nəfər) isə hesab edir ki, sosial sığorta yükünün azaldılması ilə yanaşı gəlir vergisinin dərəcəsi azaldılmalı, vahid vergi dərəcəsi tətbiq edilməlidir. Çünki bu halda işəgötürənlə yanaşı işçinin özü də əmək münasibətlərinin rəsmiləşdirilməsinə maraqlı olacaq.

Sahibkar sosial sığorta haqqının maksimum hansı həddini özləri üçün məqsədəuyğun hesab edirlər? Sosial sığorta yükünün yüksək olduğunu və sahibkarların əsasən bu səbəbdən əmək müqavilələrindən yayındığını qeyd edən respondentlərə ünvanlanan sual məhz sosial sığorta yükünün optimallaşdırılıması ilə bağlı olub: "Hazırda sosial sığorta haqqının sahibkarın üzərində düşən ağırlıq yükü 22 faizdir. Sizcə, bunun maksimal həddinin nə qədər olması sahibkar üçün məqsədəuyğun olardı?" Respondentlərin 54 faizi sosial sığorta yükünün optimal həddini 12-15, təxminən 43 faizi isə 8-10 faiz hesab edir.

Maarifləndirmə işəgötürənləri və işçiləri əmək müqaviləsi bağlamağa həvəsləndirə bilərmi? Bütün respondentlərə ünvanlanan növbəti sual məhz bununla bağlı olub: "Məlumatlandırma və maarifləndirmə tədbirlərinin əmək müqavilələrindən yayınmanın qarşısını almaq üçün effektiv hesab edirsinizmi?" Sorğu iştirakçılarının 73.3 faizi (33 nəfər) inanır ki, məlumatlandırma və maarifləndirmə istər işəgötürənləri, istərsə də işçiləri əmək müqaviləsi bağlamağa həvəsləndirə bilər. Respondentlərin 14.3 faizi (7 nəfər) belə tədbirlərin effektiv olacağını düşünmür. Sorğuya cəlb olunanların 12.4 faizi isə məlumatlandırma və maarifləndirmə tədbirlərinin nə dərəcədə nəticə verə biləcəyini qiymətləndirməyə çətinlik çəkdiyini deyib.

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Rövşən Ağayev deyir ki, əmək müqaviləsi bağlamaq işçinin hüququ, işəgötürənin isə həm hüququ, həm də vəzifəsidir: "Bu baxımdan məsuliyyət işəgötürənin üzərindədir. Bu baxımdan sahibkar maraqlı olmasa, işçilər onları qeyri-rəsmi əmək münasibətlərinə məcbur edə bilməzlər. Hətta əgər belə tələb olarsa, onları ümumiyyətlə işə qəbul etməzlər".

Ekspert bu sahədə olan problemləri sadalayır:

- Muzdlu fəaliyyətə görə sahibkarların işçilər üçün ödədiyi sosial sığorta haqqı həddən artıq ağırdır;

- Əmək münasibətləri rəsmiləşdikdə sahibkarlar istədikləri vaxt işçini işdən çıxarmaq sərbəstliyini itirirlər. Çünki belə vəziyyətdə işdən çıxarma prosesi çətinləşir, məhkəmə vasitəsilə kompensasiya alınması, qanunvericiliyin tələbinin pozulmasına görə sanksiyaların tətbiqi qaçılmaz olur;

- Rəsmi əmək müqaviləsi sahibkarların üzərinə işçilərin sosial təminatı ilə bağlı öhdəliklər qoyur. Məsələn, işçi məzuniyyətə çıxdıqda, xəstələndikdə, əlil olduqda qanunvericiliyə uyğun olaraq sosial müavinətlər ödənməlidir. Sahibkarlar bu yükü öz üzərlərinə götürmək istəmirlər;

- Bir çox hallarda muzdlu işə görə gəlir vergisini də faktiki olaraq sahibkar ödəməli olur. Çünki işçilər bir qayda olaraq vergi çıxılandan sonra nə qədər məvacib alacaqlarını öncədən sahibkarla razılaşdırmağa can atırlar. Belə razılıq olduqda işəgötürən işçinin maaşını gəlir vergisi məbləğində artırmalı olur. Qeyri-rəsmi əmək münasibətləri şəraitində isə maaşlar ödənilən gəlir vergisinin məbləği həcmində azaldılır.

- İşəgötürənlərin sosial sığorta yükü azaldılmalıdır. Eyni zamanda differensial sığorta haqlarının tətbiqi imkanları nəzərdən keçirilə bilər. Məsələn, 1000 manatadək məvaciblər üçün 10 faiz, bu məbləğdən yuxarı əmək haqları üçün nisbətən yüksək ayırma dərəcəsi tətbiq edilə bilər. Yaxud sosial sığorta ayırmalarının maksimum həddi 18 faiz müəyyən edilə, həmin yük işçi və işəgötürən arasında bərabər nisbətlə bölünə bilər;

- Əmək müqaviləsinin tətbiqi sahəsində nümunəvi olan sahibkarlara sığorta ayırmaları üzrə rüblük və ya illik güzəştlər tətbiq oluna bilər.

Maarifləndirməni vacib hesab edən ekspert qeyd edir ki, işçilərin əmək qanunvericiliyi və əmək müqaviləsinin üstünlükləri, həmçinin müqaviləsiz çalışmanın mənfi nəticələri barədə məlumatlılığının yüksəldliməsinə, işəgötürənlərin isə müqaviləsiz işçi çalışdırmanın onlar üçün doğuracağı hüquqi nəticələr barədə maarifləndirilməsinə ehtiyac var.