SAHİBKARLIĞA VƏ BAZAR İQTİSADİYYATININ İNKİŞAFINA YARDIM FONDU

  
Bu gün: 17 Noyabr 2018, Şənbə
Enerjidə sənəd labirinti
Sığortanı kimə yükləməli?
Bəkir Nərimanoğlu - mediaforum.az
17 iyun 2014. İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin (İTYM) USAİD-in maliyyə dəstəyi ilə apardığı "Azərbaycanda kiçik sahibkarlığın inkişafına dəstək" layihəsi çərçivəsində keçirdiyi sorğunun nəticələri göstərir ki, işəgötürənlərin muzdlu işə görə vergi yükünün azaldılmasına ehtiyac var. Sorğuya cəlb edilən sahibkarların əsas narazılıqlarından biri sığorta ödənişləri ilə bağlıdır. Sahibkarların 54 faizi işəgötürənlər üçün sosial sığorta tarifinin 12-15 faiz, 43 faizi isə 8-10 faiz intervalında olmasını istəyir.

İTYM-in eksperti Rövşən Ağayev hesab edir ki, sahibkarların muzdlu işçiyə görə sosial sığorta yükünün 22 faizdən 15 faizədək endirilməsi məqsədəuyğundur: "İşəgötürənlərin sosial sığorta yükü azaldılmalıdır. Eyni zamanda differensial sığorta haqlarının tətbiqi imkanları nəzərdən keçirilə bilər. Məsələn, 1000 manatadək məvaciblər üçün 10 faiz, bu məbləğdən yuxarı əmək haqları üçün nisbətən yüksək ayırma dərəcəsi tətbiq edilə bilər. Yaxud sosial sığorta ayırmalarının maksimum həddi 18 faiz müəyyən edilə, həmin yük işçi və işəgötürən arasında bərabər nisbətdə bölünə bilər. Əmək müqaviləsinin tətbiqi sahəsində nümunəvi olan sahibkarlara sığorta ayırmaları üzrə rüblük və ya illik güzəştlər tətbiqi də yaxşı variantdır".

Bir müddət öncə Dövlət Sosial Müdafiə Fondunun rəhbərliyi sosial sığorta haqlarının işəgötürən və işçiyə düşən hissələrinin bərabərləşəcəyi barədə açıqlama verib. MDB ölkələrində bu sistemin tətbiqinə başlanıb. Məsələn, Qazaxıstanda sosial sığortanın 11 faizini işəgötürən, 10 faizini işçi, Qırğızıstanda 26 faizin işəgötürən, 8 faizini işçi ödəyir.

İqtisadçı ekspert Vüqar Bayramov bildirir ki, tətbiq olunması planlaşdırılan yeni sistem vergi yükünün işəgötürənin üzərindən işçinin üzərinə transfer edilməsi deməkdir: "Bu islahatın müsbət və mənfi tərəfləri var. Müsbət tərəfi ondadır ki, yeni sistem sahibkarlara stimul verəcək. Nəticədə sahibkarlar əmək müqavilələrinin bağlanmasında maraqlı olacaqlar. Əmək müqavilələrinin bağlanmaması və bağlanan əmək müqavilələrində əmək haqlarının aşağı göstərilməsinin əsas səbəbi sahibkarların ödədiyi sosial ayırmaların yüksək olmasıdır. Sahibkar hər 100 manata görə işçi üçün 22 manat sosial sığorta haqqı ödəyir ki, bu da kifayət qədər yüksək məbləğdir".

Vüqar Bayramov islahatın mənfi tərəfi kimi işçilərin ödənişlərinin artmasını göstərir: "Nəzərə alaq ki, yaşayış minimumundan, yəni 125 manatdan yüksək maaş alan hər bir işçi öz əməkhaqqından 14 faiz gəlir vergisi ödəyir. Bu gəlir vergisinin üzərinə hər 100 manat üçün 12,5 faiz sosial sığorta haqqının gəlməsi işçinin maaşından kifayət qədər pulun çıxmasına səbəb olur. Vətəndaş aldığı hər 100 manata 26 manat 50 qəpik ödəmə edəcək".

İqtisadçı daha yüksək maaş alanların əməkhaqqından daha çox çıxılacağını deyir: "Əgər işçi 2500 manatdan çox maaş alırsa, bu zaman 14 faiz deyil, 25 faiz gəlir vergisi, və 12,5 faiz sosial sığorta haqqı ödəyəcək. Bu da o deməkdir ki, yüksək əməkhaqqı alan işçilər hər qazandığı 1000 manatın 375 manatını vergi şəklində ödəyəcəklər. Bu, böyük rəqəmdir". Vüqar Bayramovun sözlərinə görə, işçinin vergi və sosial yükü artdıqca o, əmək müqaviləsində əməkhaqqının yüksək göstərilməsində maraqlı olmayacaq: "Bəzən hətta işçilər əmək müqaviləsinin bağlanmamasına çalışacaqlar".

Dünya təcrübəsindən də danışan Vüqar Bayramov bildirir ki, sosial haqlar dünya təcrübəsində işəgötürən, gəlir vergisi isə işçilər tərəfindən ödənilir: "İnkişaf etmiş ölkələrdə gəlir vergisinin dərəcəsi nisbətən yüksəkdir. Mərkəzi və Şərqi Avropa ölkələrində, MDB-də bu məbləğ aşağıdır".