SAHİBKARLIĞA VƏ BAZAR İQTİSADİYYATININ İNKİŞAFINA YARDIM FONDU

  
Bu gün: 17 Noyabr 2018, Şənbə
*art_name1
"Gözəllik salonları": gözəllik, yoxsa xəstəlik mənbəyi?
Bəkir Nərimanoğlu - Contact.az
27 yanvar 2014.Azərbaycanda fəaliyyət göstərən gözəllik salonları bizə həm də xəstəlik verə bilər. Bəli, inanmaq nə qədər çətin olsa da, vəziyyət belədir ki, belə xidmət mərkəzlərində sanitariya qaydalarına riayət olunmaması QİÇS, Hepatet C kimi xəstəliklərin yayılmasında əsl vasitəçi rolunu oynayır.

Standartlar nə deyir?

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi 2 oktyabr 2013cü ildə "Məişət xidmətləri. Bərbərxana xidmətləri. Ümumi texniki tələblər" adlı dövlət standartları təsdiqlənib. Sənədə əsasən, bərbərxana xidmətləri 3 cür təsnif olunur: ən azı bir xidmət göstərən adi bərbərxanalar, ən azı 2 xidmət göstərən bərbərxana salonları və 3 və daha çox xidmət göstərən "Lüks" gözəllik salonları.

Mövcud standartlara görə, "Lüks" gözəllik salonları xidmət göstərməklə yanaşı, kosmetik və parfümeriya materiallarının satışını da həyata keçirə bilər. Digər iki bərbərxana xidməti həyata keçirən sahibkarlar üçün bu hüquq tanınmır. Bu standartların tətbiqində məqsəd gözəllik salonlarında xidmətlərinin təşkilinə dair tələbləri müyyənləşdirməkdir. Sənəddə bu sahibkarlıq növü çərçivəsində müştərilərə aşağıdakı xidmətlərin göstərilməsi qeyd olunur:

  • saç kəsilməsi,
  • üzün qırxılması
  • dərinin təmizlənməsi
  • dərinin massaj edilməsi
  • manikür və pedikür
  • pariklərin qoyulması.

Standartlara görə, sahibkarlar bu fəaliyyəti həm stasionar qaydada, yəni bilavasitə özlərinə məxsus xüsusi təşkil olunmuş binalarda, ya da səyyar – yəni müştərilərin sifarişləri əsasında onların təklif etdiyi yerlərdə göstərilə bilər. Sənəddə həmçinin gözəllik salonu biznesilə məşğul olan sahibkarlar üçün təhlükəsizlik və ekoloji tələblər də müəyyən edilib. Məsələn, təhlükəsizlik tələblərinə görə, gözəllik salonlarında vaxtı ötmüş materillardan, sertifikatsız avadanlıqlardan istifadə qadağandır. Yaxud qüvvədə olan ekoloji standartlara əsasən, gözəllik salonları normativlərə uyğun isitmə və havalandırma sisteminə malik olmalı, su və kanalizasiya şəbəkəsinə qoşulmalıdır.

Gözəllik salonları sahibləri ilə söhbətlər onu deməyə əsas verir ki, bu sahədə əsas 2 problem var: 1. Sahibkarlar və xidmət göstərən şəxslər standartlar barədə məlumatsızdırlar; 2. Sterilizə və dezinfeksiya normalarına tam əməl olunması həddindən artıq baha başa gədir və bu halda salon xeyli ziyana düşür. Söhbət apardığımız sahibklarlar qeyd edir ki, dizenfeksiya üçün alətlər, mikrobları öldürən lampalar, mayelər kifayət qədər bahalıdır. Həmçinin dezinfeksiya vasitələrinin özünün də istifadə müddəti var.

Gözəllik salonlarınının xidmətlərindən teztez istifadə edənlər biqudilər, örtüklər və saçların kimyəvi burulması üçün torlar sabunlu suda yuyulmalıdır. Daraqların, şotkaların, saç kəsmək üçün nəzərdə tutulmuş qayçıların da sabunlu su ilə təmizlənməsi, bir neçə saat ultrabənövşəyi şüa buraxan qutuda saxlanılması vacibdir. Kosmetik alətlər sabunlu su ilə yuyulmalı və həmin qutuda saxlanılmalıdır. Elektrodlar, fizioterapiya avadanlıqları və alətləri spirtlə təmizlənməlidir. Dərini zədələyə biləcək manipulyasiya alətləri (manikür, pedikür, üzün təmizlənməsi və digər kosmetik xidmətlərin göstərilməsində istifadə olunan alətlər) dezinfeksiya olunmalı, sterilizı edilməli və bu, hər müştəri ilə işdən sonra təkrarlanmalıdır. Yəni onlar suya qoyulmalı, axar su ilə yuyulmalı və sterilizı edilməlidir. Ən yaxşısı, birdəfəlik alətlərdən istifadədir. Amma onlar uzunmüddətli alətlər qədər keyfiyyətli olmur.

Cərimələr və sanksiyalar

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin sanitariya şöbəsinin mübiri Ziyəddin Kazımov mediayaya açıqlamasında bildirib ki, Bakının gözəllik salonları və bərbərxanalarında mütəmadi olaraq monitorinqlər aparılır. Nəticədə bir sıra pozuntular üzə çıxır. "Məsələn, təcrübəli ustaların yanında gənc şagirdlərin olduğunu teztez görürük. Onların elementar tibbi baxışdan keçməsinə heç kim nəzarət etmir", deyə Kazımov bildirir. Onun sözlərinə görə, bu gün salonlardakı əsas problem gigiyena normalarına əməl olunmamasıdır. Bu, hələ də hepatit, QİÇS, müxtəlif dəri xəstəlikləri və pedikulez (başqa sözlə, bitlər) yoluxma hallarının yaşanmasına imkan verir. Bunun üçün daim xüsusi sterilizə olunmuş vasitələrdən istifadə edilməlidir. Əksər salonlarda dezinfeksiyanın aparılması üçün lazımi vasitələr olsa da, işçilər və gənc şagirdlər əksər hallarda onlardan istifadə qaydalarını belə, bilmirlər. Bu da yalnız müştərilərin deyil, onların özlərinin də müxtəlif xəstəliklərə yoluxma riskini artırır.

Gözəllik salonlarının sayı həddindən artıq çox olduğundan, onlarda aylıq monitorinqlərin aparılması çətindir. Amma bununla yanaşı, artıq gigiyena qanunlarını kobud şəkildə pozan bir neçə salon üzə çıxarılıb. Onlardan səkkizi artıq qapadılıb. Belə salonların rəhbərlərinə qarşı sanksiyalar və cərimələr tətbiq olunur.

Təcrübə göstərir ki, təmizliyə riayət olunmaması bir müddət heç bir problem yaratmasa da, uzun perspektivdə ciddi ziyanla sonuclana bilər. Sanitar qaydaları pozan salonlara, ən azı, müştəri bir də getməyəcək.

Çıxış yolu

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Rövşən Ağayev deyib ki, gözəllik salonunun sahibləri ilə müsahibələrdən aydın olur ki, bu sahədə çalışan sahibkarların demək olar ki, salonlarda çalışan işçilərin bilavasitə özlərinə və onların istifadə etdiyi avadanlıqlara, materiallara qarşı qoyulan texniki tələblərdən və qanunvercilik normalarından tam xəbərsizdirlər: "Halbuki, məsələn, qanunvericilik bu sahədə çalışanların ildə azə 2 dəfə tibbi baxışdan keçməsini, onların yalnız sertifikatlaşdırılmış avadanlıqlardan və kosmetoloji məhsullardan istifadəsinə icazə verir. İstifadə olunan avadanlıq və cihazlar ultrabənövşəyi şüalar buraxan xüsusi aparatlar vasitəsilə dezinfeksiya olunmalıdır.

Müsahiblərin təhlilindən ortaya çıxan problemləri nəzərə alaraq gözəllik salonu və bərbərxana xidməti biznesi ilə bağlı mühitin sağlamlaşdırılması, xüsusilə bu bizneslə məşğul olan kiçik sahibkarlar üçün əlverişli mühitin yaradılması üçün, gözəllik salonlarına və bərbərxanalara sanitarepidiomoloji nəzarət və monitorinqə dair ayrıca qaydaların hazırlanmasına, sahibkarlar həmin qaydalarla bağlı müfəssəl məlumatlandırılmasına ehtiyac var".

Yazı İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin ABŞ BİAnın maliyyə dəstəyi ilə həyata keçirilən "Azərbaycanda kiçik sahibkarlığın inkişafına dəstək" layihəsi çərçivəsində hazırlanıb.