SAHİBKARLIĞA VƏ BAZAR İQTİSADİYYATININ İNKİŞAFINA YARDIM FONDU

  
Bu gün: 17 Noyabr 2018, Şənbə
Enerjidə sənəd labirinti
Elektronlaşan əmək müqaviləsi nəyi dəyişəcək?
Bəkir Nərimanoğlu - mediaforum.az
20 iyun 2014. Qeyri-leqal əmək, yəni əmək müqaviləsi bağlamadan işləmək Azərbaycan iqtisadiyyatının əsas problemidir. Belə bir məqamda əmək müqaviləsində elektronlaşma ilə bağlı qərar qəbul edildi. İndi əmək münasibətləri müqavilə bağlandığı andan deyil, elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranacaq. Bununla bağlı Əmək Məcəlləsinə 27 dekabr 2013-cü il qanunu ilə dəyişikliklər olub.

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin USAİD-in maliyyə dəstəyi ilə apardığı "Azərbaycanda kiçik sahibkarlığın inkişafına dəstək" layihəsinə aid tədqiqatda qeyd olunur ki, əmək qanunvericiliyinə əmək müqaviləsi bildirişi anlayışı daxil edilib. Əmək müqaviləsi bildirişi işəgötürənin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sisteminə əmək müqaviləsinin bağlanması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi barədə daxil etdiyi elektron sənəddir.

Bu dəyişikliklərdən sonra təşkilati-hüquqi formasından və mülkiyyət növündən asılı olmayaraq bütün işəgötürənlər elektron informasiya sistemində əmək müqaviləsinin bağlanması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişini qeydiyyatdan keçirməlidir.

Ekspert yeniliyi bəyənmir

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov deyib ki, Əmək Məcəlləsinə edilən bu dəyişiklik düşünülmədən və bu sahəni bilən şəxslərin rəyi öyrənilmədən atılan səhv addımdır: "Qanun 6 aydan çoxdur qüvvədədir, lakin icra olunmur. Əmək müqavilələrinin qeydiyyatı üçün nəzərdə tutulan sayt artıq fevral ayında istifadə üçün verilməli idi, amma verilməyib".

Sahib Məmmədov qeyd edib ki, qanunda yenilik yaxın gələcəkdə heç nəyi dəyişməyəcək: "Bu ilin əvvəlinə bir milyon yarımdan çox işçi ilə əmək müqaviləsinin olması barədə rəsmi statistika verilib. Halbuki məşğul əhalinin sayı bundan 3 dəfə çoxdur. Bu sistemin tətbiqi qeyri-formal əmək bazarının ləğvinə gətirməyəcək. Əksinə, bir çox işəgötürən yeni qaydalara uyğunlaşmaq əvəzinə bağladıqları əmək müqavilələrini də ləğv edəcək".

Sahib Məmmədov paralel olaraq əmək kitabçalarının qalmasının vacib olduğunu bildirib: "Vergilər Nazirliyi 7 ildir e-bəyannamə sisteminə keçib. Amma paralel olaraq kağız formada bəyannamələrin verilməsini də saxlayıb. Elektron formanı isə təkmilləşdirməkdə davam edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə birbaşa əmək müqavilələrinin e-qeydiyyat sistemini tətbiq edir. Ucqar rayonda iki nəfər işçisi olan şəxs, hansı ki, ömründə internet və kompüterin nə olduğunu bilmir, e-bildirişi necə verəcək?! Çətin məsələdir. Mən hesab edirəm ki, Əmək Məcəlləsi dəyişdirilməli və əmək müqavilələrinin e-qeydiyyat sistemi mərhələli şəkildə olmalıdır".

Nazirlər Kabineti gecikib

Əmək müqaviləsinin elektronlaşması prosesində diqqəti çəkən bir məqam da Nazirlər Kabinetinin üzərinə düşən vəzifəni gec yerinə yetirməsidir. Belə ki, "Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında" 27 dekabr 2013-cü il qanununun tətbiqi barədə 3 fevral 2014-cü ildə imzalanmış prezident fərmanında qeyd olunur ki, Nazirlər Kabineti əmək müqaviləsi bildirişinin formasını və onun elektron informasiya sisteminə daxil edilməsi qaydalarını, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat formasını, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı qaydaları 1 ay müddətində müəyyən etməlidir. Ancaq qeyd olunan qaydalar təxminən 3 ay sonra, 6 iyun 2014-cü ildə təsdiq edildi və 13 iyun 2014-cü ildə dərc olundu.

Nazirlik rəsmisi aydınlıq gətirir

Əmək müqaviləsinin elektronlaşması ilə bağlı narahatçılıqları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) rəisi Fuad Əlizadə cavablandırıb.

Nazirlik rəsmisi bildirib ki, hazırda əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması ilə bağlı elektron informasiya sistemi yaradılıb: "İyul ayının 1-dən sistemin istifadəyə verilməsi nəzərdə tutulur. Əmək Məcəlləsinə edilmiş dəyişikliyin əsas mahiyyəti kağız üzərində bağlanılmış əmək müqavilələrinin müvafiq əmək müqaviləsi bildirişləri formasında elektron informasiya sistemində qeydiyyatı nəticəsində hüquqi qüvvəyə minməsi ilə bağlıdır. Yəni məcəllənin 44-cü maddəsinə uyğun olaraq yazılı bağlanmış əmək müqaviləsinin bağlanmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin hüquqi qüvvəyə minməsi üçün işəgötürən əmək müqaviləsi bildirişini müvafiq qaydada elektron informasiya sisteminə daxil etməlidir.

Əmək müqaviləsi bildirişinin qeydiyyata salınması üçün ilk növbədə tərəflərin arasında yazılı formada əmək müqaviləsi bağlanmalıdır. Lakin kağız üzərində yazılı formada bağlanmış əmək müqaviləsi barədə bildiriş elektron informasiya sisteminə daxil edilmədən, yəni əmək münasibətləri hüquqi qüvvəyə minmədən işçinin işə cəlb edilməsi qadağandır və bu qanun pozuntusu inzibati məsuliyyətə və cinayət məsuliyyətinə səbəb olur".

Fuad Əlizadə əlavə edib ki, sistemdə hələ ki, qeydiyyat yoxdur: "Nazirlər Kabineti əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması ilə bağlı qaydaları iyunun 6-da təsdiq edib. Elektron informasiya sistemi isə iyulun 1-də istifadəyə veriləcək. Bu səbəbdən hazırda heç bir qeydiyyat aparılmayıb. İşəgötürənlərə əvvəllər bağlanmış əmək müqavilələrini qeydiyyata saldırmaq üçün 3 ay əlavə vaxt verilməsi nəzərdə tutulur".