SAHİBKARLIĞA VƏ BAZAR İQTİSADİYYATININ İNKİŞAFINA YARDIM FONDU

  
Bu gün: 17 Noyabr 2018, Şənbə
Enerjidə sənəd labirinti
Sadələşdirilmiş vergi daha da sadələşə bilər
Qubad İbadoğlu - mediaforum.az
16 sentyabr 2014. Beynəlxalq təcrübədə sadələşdirilmiş vergi rejiminin "razılaşdırılmış vergi", "şərti vergi", "patent vergi sistemi" (PVS), "minimal vergi" kimi formaları daha çox tətbiq edilir. Azərbaycanın vergi sisteminin tarixində də verginin "sadələşdirilmiş" şəklində ödənilməsi formasından istifadə olunub. Vergi Məcəlləsi qüvvəyə mindikdən sonra sadələşdirilmiş vergi, onun tətbiqi halları və qaydaları müəyyən edilib.

Aparılmış müşahidə və tədqiqatlar sadələşdirilmiş verginin aşağıdakı müsbət və mənfi tərəflərinin aşkara çıxarıb.

Müsbət cəhətləri: 4 faizlik dövriyə vergisi nəzərdə tutulduğuna görə fiziki şəxslər üçün bu, daha əlverişli sxemdir. Bölüşdürülən mənfəətdən vergi tutmaq öhdəliyi mövcud deyil. Hüquqi şəxslər isə 4 faizlik dövriyyə vergisindən əlavə həm də xalis mənfəətin bölüşdürülməsi zamanı 10 faizlik dividend vergisi ödəməlidirlər.

Mühasibatın aparılmasına və işə mühasib cəlb etməyə ehtiyac yoxdur. Bu xidmətlərin heç də ucuz başa gəlmədiyini nəzərə alsaq, burada əhəmiyyətli dərəcədə qənaət etmiş oluruq.

Mənfi cəhətləri: Biznesin səciyyəsi nəzərə alınmır, kommersiya xərclərini çıxmaq qadağandır, vergi dövriyyədən ödənilir.

ƏDV göstərilən qaimə təqdim etməyin mümkünsüzlüyü iri şirkətlərlə işi çətinləşdirir.

Fiziki və hüquqi şəxslər üçün limit məbləği nisbətən kiçikdir (90 000 və 150 000 manat). Bu məbləğ aşdıqda ƏDV ödəyicisi qismində uçota alınmaq tələb olunur.

Heç də bütün vergi ödəyiciləri sadələşdirilmiş vergi sistemi ilə ödəniş apara bilmir. Vergi Məcəlləsinə əsasən, aksizləşdirilmiş malların istehsalçıları, kredit və sığorta təşkilatları, əmlakının icarəsindən gəlir əldə edən şəxslər bu növ vergi ödəyicisi ola bilməzlər. Bu qadağa həmçinin ilin əvvəlinə öz mülkiyyətində qalıq dəyəri 1 milyon manat təşkil edən əsas fondlara malik şəxslərə də şamil edilir.

Sərnişin və yükdaşıma ilə məşğul olan şəxslər üçün sadələşdirilmiş vergi başqa bir düstur əsasında hesablanır. 4 faizlik dövriyyə vergisi onlara şamil edilmir, onların vergi öhdəlikləri sərnişinlərin oturacaq yerlərinin sayından, yaxud yükdaşıma zamanı yükqaldırma qabiliyyətindən asılı olaraq hesablanır.

Beynəlxalq təcrübə nə deyir?

Praktikada "şərti vergi"nin ən geniş yayılmış formasından biri verginin "patent" şəklində ödənilməsidir. "Patent" vergisinin ödənilməsi əsasən kiçik sahibkarlar subyektləri, o cümlədən fərdi sahibkarlar tərəfindən həyata keçirilir. Patentin dəyəri isə təsərrüfat subyektinin dövriyyəsindən və yerləşdiyi ərazidən asılı olmayaraq konkret fəaliyyət sahəsi üzrə müəyyən edilir.

Rusiya qanunvericiliyində verginin ödənilməsinin müxtəlif mərhələlərlə həyata keçirilməsi nəzərdə tutulur. Belə ki, qanunvericiliyə görə, əgər patentin müddəti 6 aya qədərdirsə, o halda bütün vergi məbləğ patent qüvvəyə minəndən etibarən 25 təqvim günü ərzində ödənilməlidir. Patentin müddəti 6 ay və ondan çoxdursa, o halda vergi məbləğinin 1/3-dən çoxu ilk 25 təqvim günündə, yerdə qalan hissəsi isə patent müddətinin başa çatmasından ötən 30 təqvim günü ərzində ödənilməlidir. Vergi vaxtında ödənilmədiyi halda fərdi sahibkar əvvəlki vergi sisteminə qaytarılır və ümumi qaydada vergiyə cəlb edilir.

Bu zaman müddət məsələsində bir məqamı da diqqətdən qaçırmaq olmaz ki, vergi müddəti ilə patent müddəti arasında uyğunsuzluq yaranmasın. Odur ki, təklif olunur ki, ilin ortasında 1 illik müddətinə əvvəlcədən verilmiş patentlər öz qüvvəsini 31 dekabrda itirsə də ödənilmiş vəsaitlər itirilmir, növbəti il üçün qalan müddətə şamil olunur.

Patent verginin tətbiqi zamanı aşağıdakı amillərin nəzərə alınması məqsədəuyğundur:

Birincisi, bu vergi rejiminin tətbiqi zamanı bəyannamə təqdim olunmur. İkincisi, PVS-in tətbiq edən əksər vergi ödəyiciləri üçün vergi yükü çox ağır olmur, aşağı sosial tariflər isə yalnız pərakəndə ticarətə, ictimai iaşəyə və kirayə verilməsinə şamil olunmur. Üçüncüsü, verginin ödənilmə qaydası patentin qüvvədə olan müddətindən asılıdır, onun müddəti bir təqvim ili ərzində 1 aydan az və 12 aydan çox ola bilməz.

PVS-in tətbiqi zamani aşağıdakı məqamlar qanunvericilikdə təsbit olunmalıdır:

- fəaliyyət növlərinin müddəti;

- patent alınmasının son müddəti .

Beləliklə, Rusiya təcrübəsi əsasında PVS-in tətbiqini aşağıdakı kimi ümumiləşdirmək olar:

Vergi ödəyiciləri: PVS subyektlərin qanunvericiliyi ilə tətbiq olunur, lakin onun seçimi konüllü, tətbiqi isə məcburi xarakter daşıyır. PVS-in tətbiqinin təsdiq edən sənəd patent adlanır, bu sənəd hər bir fəaliyyət növü üzrə ayrıca istifadə olunur və yalnız RF-nin subyektlərinin ərazisində qüvvədədir.

Fərdi sahibkar patentin alınması il bağlı ərizə ilə müraciəti patentin tətbiqinə 10 gün qalmışa qədər ərazi üzrə vergi orqanına təqdim etməlidir. Bu zaman əldə edilmiş patent həmin vergi idarəsinin nəzarətində olan ərazidə tətbiq olunur. Vergi ödəyicisi ünvanını bir ərazidən digərinə dəyişərkən patentini də dəyişməlidir.

Patentlər fərdi sahibkarların seçimi əsasında bir təqvim ili ərzində 1 aydan 12 ayadək verilir.

Patentlərdən istifadə hüququnu itirən fərdi sahibkarlar ondan yenidən istifadə hüququnu eyni təqvim ilində əldə edə bilməz.

Fəaliyyət növləri: PVS-in tətbiq olunduğu fəaliyyət sahələrinin iriləşdirilməsi hesabına onun sayı 47-dək ixtisar olunub. Bununla yanaşı fəaliyyət sahələrinə bir sıra yeni istiqamətlər də daxil olub:

- kimyəvi təmizləmə, camaşırxana və təmizlik xidməti;

- su nəqliyyatında sərnişin daşınması üzrə xidmət sahəsi;

- kirayə verilməsi üzrə xidmətlər, ekskursiya xidməti;

- səyyar ticarət şəbəkəsi ilə ticarət zalı 50 kvadratmetrdən çox olmayan pərakəndə ticarət şəbəkələri, eləcədə ticarət zalı olmayan səyyar ticarət şəbəkəsi obyektləri , həmçinin qeyri-səyyar ticarət şəbəkələrinin obyektləri

- müştərilərə xidmət zalı 50 kvadratmetrdən çox olmayan ictimai iaşə xidmətləri.

Muzdlu işçilər: PF qanunvericiliyinə görə, PVS-in tətbiq edən fəaliyyət növləri üzrə fərdi sahibkarların işçilərinin orta siyahı sayı 15-dən çox olmamalıdır.

Vergi subyekti: Vergi obyektinə fərdi sahibkarlar daxildir.

Hesabatlılıq: PVS-in ödəyiciləri olan fərdi sahibkarlar vergi orqanlarına illik bəyannamələr təqdim etmirlər. Lakin bununla yanaşı onlar satışdan gəlirlərin uçotunu patentin qalıq məbləğinin ödənilməsi zamanı vergi orqanlarına təqdim etmək üçün aparmaq məcburiyyətindədirlər.

Nəzarət-kassa aparatlarının tətbiqi: PVS-in iştirakçıları olan fərdi sahibkarlar öz təsərrüfat fəaliyyətlərini nəzarət-kassa aparatları tətbiq etmədən təşkil edə bilərlər.