SAHİBKARLIĞA VƏ BAZAR İQTİSADİYYATININ İNKİŞAFINA YARDIM FONDU

  
Bu gün: 16 Noyabr 2018, Cümə
Enerjidə sənəd labirinti
İstixanalar: hərarət də var, soyuqluq da
Bəkir Nərimanoğlu - mediaforum.az
24 oktyabr 2014. İxrac olunan tərəvəz məhsullarının əsas hissəsi istixana şəraitində yetişdirilən xiyar-pomidordan ibarətdir. İstixana şəraitində yetişdirilən məhsulların artımı sahələrin genişlənməsi hesabına baş verib. 2009-cu ildə ümumi əkin sahəsi 1373 hektar olub, 2013-cü ildə isə 201 hektar artaraq 1574 hektara qalxıb. Buna baxmayaraq bəzi illərdə əvvəlki ilə nisbətən istixanalarda əkinin azaldığı da müşahidə edilib. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2010-cu illə müqayisədə 2011-ci ildə əkin sahəsi 6 hektar azalıb. Azalma ümumi məhsulun həcmində də baş verib. Belə ki, 2011-ci ildə əvvəlki ilə nisbətən məhsulun həcmi 1331 ton azalmışdı.

İqtisadi Tədqiqatlar Mərkəzinin ekspert qrupunun USAİD-in maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda kiçik sahibkarlığın inkişafına dəstək” layihəsi çərçivəsində apardığı tədqiqatda qeyd edilir ki, əkin sahələrinin genişlənməsi məhsuldarlığın artması ilə müşahidə olunmur. Əksinə, son 5 ilin göstəricilərini müqayisə etsək, ən yüksək orta məhsuldarlığın 2009-cu ildə qeydə alındığını görərik: 38,7 sentner. Növbəti illərdə orta məhsuldarlıq azalaraq 2010-cu ildə 34,7 sentner, 2011-ci ildə 33,9 sentner, 2012-ci ildə 34,8 sentner, 2013-cü ildə 36,1 sentner təşkil edib.

İqtisadi Tədqiqatlar Mərkəzinin kənd təsərrüfatı məsələləri üzrə eksperti Vahid Məhərrəmov deyir ki, istixana şəraitində məhsuldarlığın indiki səviyyədən 10 dəfə çox artırılması vacibdir: “Əks halda bizim tərəvəz istehsalçıları nəinki rəqabətqabiliyyətli məhsul istehsal edib dünya bazarlarına çıxarmaqda çətinliklə üzləşəcək, həmçinin bu templə yerli istehsal hesabına daxili bazarda artan tələbatı tam ödəmək mümkün olmayacaq”.

İstixanalarda məhsul istehsalının üstünlüyü

BMT və dünyanın əksər ölkəsi qlobal ərzaq qıtlığı ilə mübarizəni vacib məsələ sayır. Azərbaycanda əhalinin etibarlı ərzaq təminatı dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən birini təşkil edir. Odur ki, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nda aqrar istehsalçılar qarşısına xeyli ciddi vəzifə qoyulub. Belə ki, Dövlət proqramının 2015-ci il üçün icra meyarlarını təşkil edən hədəf göstəriciləri kartof istehsalının həcmini 1,12 milyon tona, tərəvəz və bostan bitkilərinin istehsalını 1,72 milyon tona, meyvə istehsalını isə 800 min tona çatdırmaqdır. Dövlət proqramında tərəvəz yetişdirilən istixana sisteminin genişləndirilməsinin dəstəklənməsi nəzərdə tutulub. “Aqrolizinq” ASC vasitəsilə istixanaların lizinq yolu ilə satışının həyata keçirilməsi üçün regionlarda bir sıra işlər planlaşdırılıb.

İqtisadi Tədqiqatlar Mərkəzinin tədqiqatında qeyd edilir ki, son zamanlar əhalinin istixanalarda yetişdirilən kənd təsərrüfatı məhsullarına tələbatı artmaqda davam edir. Əvvəllər ənənəvi olaraq bir çox tərəvəz məhsulları açıq şəraitdə istehsal edildiyi üçün yerli istehlakçılar həmin məhsulları yalnız mövsümdən-mövsümə istehlak edə bilirdilər. Lakin son zamanlar tərəvəz məhsullarının istixanalarda yetişdirilməsi onlardan bütün il boyu istifadəni mümkün edir. 

Əvvəllər bu işlə məşğul olan kəndlilərin, fermerlərin sayı və istehsal etdikləri məhsul çox az olduğu üçün bazarlarda belə məhsulların satış qiyməti yüksək idi. İstixanalarda yetişdirilən tərəvəz məhsulları az olan vaxtlarda ticarətçilər qonşu ölkələrdən idxal etdikləri məhsulu da yüksək qiymətə təklif edirdilər. Artıq ölkəyə gətirilən müasir texnologiya fermerlərə məhsuldarlığı 5-6 dəfə artırmaq imkanı verir ki, bu da öz növbəsində məhsulun satış qiymətinin aşağı düşməsini şərtləndirir.

Eyni zamanda, son zamanlar baş verən qlobal iqlim dəyişikliyi kənd təsərrüfatı məhsulu istehsalında çox ciddi problemlər yaradıb. Azərbaycanın bölgələrində yazın əvvəlində əkin-səpin vaxtında yağan aramsız yağışlar, dolu fermer təsərrüfatına ciddi ziyan vurur. Kənd təsərrüfatı məhsulu istehsalı prosesi açıq hava şəraitində, müdafiəsiz məkanda baş verdiyi üçün bu prosesin gedişi ətraf mühitdən, daha çox təbii hava şəraitindən asılı vəziyyətdə qalır. Bu məkanda prosesi idarə etmək iqlim dəyişikliyi səbəbindən çətinləşir. Elə buna görə də kənd təsərrüfatı məhsullarının, xüsusən ilboyu istehlak olunan tərəvəz məhsullarının istixanalarda yetişdirilməsi fermerlərə qapalı şəraitdə istehsal prosesini tam idarə etmək imkanı verir. Fermer qapalı şəraitdə bitkinin istiliyə, suya, işıqlanmaya, qida maddələrinə olan tələbatını asanlıqla ödəyə bilir. Üstəlik, istixanalarda zərərvericilərə, xəstəliklərə qarşı mübarizə tədbirlərini vaxtlı-vaxtında aparmaq və effektli nəticə əldə etmək olur.

Yerli fermerlərin istixanalarda istehsal etdikləri tərəvəz məhsulları xüsusən xiyar, pomidor artıq Rusiya bazarlarında digər ölkələrdən idxal olunan analoji məhsullarla rəqabətdə müəyyən üstünlüklərə malikdir. Azərbaycan fermerlərinin istehsal etdikləri xiyar, pomidor, faraş kartof kimi məhsulları Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin istehlakçıları yüksək qiymətləndirir. Belə ki, Rusiya, Ukrayna, Belarus kimi böyük bazarları olan ölkələrdə Şəmkir, Göyçay, Zirə pomidorunun, Masallı, Şəmkir xiyarının, Şəmkir, Tovuz kartofunun artıq öz müştəriləri var. Bu məhsullara tələbat həmin bazarlarda ilbəil artır.

İstixanalarda yetişdirilən tərəvəz məhsullarının Rusiya bazarlarına daşınmasını və həmin bazarlarda satılmasını həm yerli ticarətçilər, həm də Rusiya vətəndaşları və Rusiyada yaşayan azərbaycanlılar həyata keçirir. Son vaxtlar Rusiya hökumətinin digər ölkələrdən idxal olunan tərəvəz məhsullarının idxalına tətbiq etdiyi məhdudiyyətlər Azərbaycan fermerlərinin istehsal etdikləri məhsula tələbatı xeyli artırıb. Ümumiyyətlə, xiyar və pomidor məhsullarına həm daxili, həm də Rusiya  bazarında artan tələbat fermerlərə həmin məhsulların istehsalını bir neçə dəfə artırmaq və yaxşı gəlir əldə etmək imkanı verir. Son zamanlar istixana və parniklərdə yetişdirilən kənd təsərrüfatı məhsullarının rentabelliyinin yüksək, bu sahədən əldə olunan məhsulun həcminin çox olması digər ölkə hökumətlərinin və sahibkarlarının da bu sahəyə marağını artırıb.

Hansı problemlər var?

Ekspert Vahid Məhərrəmov istixanalarla bağlı problemləri sadalayır: “Dövlət proqramları çərçivəsində və Sahibkarlığa Kömək Milli Fondunun dəstəyi ilə yaradılan və fəaliyyət göstərən istixanalar istisna olmaqla kiçik təsərrüfatların qeydiyyatı yoxdur.

Belə təsərrüfatlar Vergilər Nazirliyində qeydiyyatdan keçmədiyinə görə icbari vergi və ödənişləri, sosial ayırmaları ödəmir, mövsümi olaraq işlətdikləri adamlarla münasibətləri rəsmiləşdirmir, müqavilə bağlamırlar.

Qaz təchizatı müəssisələrindən texniki şərtin alınması uzun və çox maliyyə tələb edən proses olduğundan istixanalar istilik enerjisi almaq üçün alternativ yollardan istifadə edirlər. Ən geniş yayılmış vasitə odun və mazutdan istifadədir. Qazın olmadığı təsərrüfatlarda əkin işlərinə yanvarda yox, fevralın 20-dən sonra başlanır. Səbəb digər vasitələrlə qızdırılmanın yetərsiz olması, bu zaman məhsulları şaxta vurması ehtimalının yüksəkliyidir.

Sahibkarlarla keçirilmiş fokus-qrup müzakirələri və müsahibələr göstərdi ki, onların çoxunun Sahibkarlığa Kömək Milli Fonduna kreditlə bağlı necə müraciət etməli olduqları haqda məlumatları ya yoxdur, ya da çox aşağı səviyyədədir. Qeydiyyatla bağlı problemləri olduğundan sahibkarlar krediti təsərrüfatının adına götürə bilmir, çıxış yolunu öz adlarına aşağı məbləğli istehlak kreditləri götürməkdə görürlər. Bu halda da kreditin məbləği az, faizi isə yüksək olduğundan təsərrüfatın tələbatını tam ödəyə bilmir. Böyük məbləğli kredit götürməyə mane olan digər səbəb istixana təsərrüfatlarının qeydiyyatsız olması səbəbindən onların girov kimi qoyula bilməməsidir.

Sığorta Azərbaycanda ümumilikdə bütün kənd təsərrüfatının problemidir. Tədqiqat çərçivəsində baş çəkilən kiçik təsərrüfatların heç biri sığorta olunmayıb.

Yerli bazarlara təchizatla bağlı problem yaşanmasa da, ixracda çətinliklər mövcuddur. Əksər istixana təsərrüfatı sərhəd-gömrük problemi ilə üzləşdiyindən ixracla özləri məşğul olmurlar. Onlar məhsulu elə təsərrüfatdaca ixracla məşğul olan vasitəçilərə və yerli təchizatçılara təhvil verirlər.

İstixanaların suvarma suyu ilə təmin olunması sahəsində problemləri ya yoxdur, ya da kəskin deyil. İstixanaların əksəri suvarma suyunun əldə olunması ilə bağlı prosedurların sadə, suvarma suyunun ucuz olmasını bildirir. Onlar suyu xüsusi hovuz və çənlərdə saxlayır, su itkisinin qarşısının alınması ilə bağlı bütün mövcud vasitələrdən uğurla bəhrələnirlər. Suvarma suyu ilə bağlı yeganə problem ümumilikdə ölkədə quraqlığın və bəzi regionlarda su qıtlığının olmasıdır. 

Elektrik təchizatı ilə bağlı texniki şərtin alınması üçün tələb edilən vəsaitin yüksək olması kiçik təsərrüfatların imkanı xaricindədir. Belə təsərrüfatlar çıxış yolunu texniki şərt almış böyük qonşu təsərrüfatlardan razılaşma yolu ilə elektrik enerjisi götürməkdə görürlər.

İstixana təsərrüfatlarının sayı və istehsal etdikləri məhsulların faktiki həcmi rəsmi statistikada düzgün əks olunmur. Buna səbəb onların qeydiyyatda olmamasıdır. Dövlət Statistika Komitəsinin göstəriciləri ilə ayrı-ayrı dövlət qurumlarının yaydığı və rəsmi şəxslərin səsləndirdiyi rəqəmlər arasında kəskin fərqlər var”.

Problemlərdən çıxış yolu

Vahid Məhərrəmov qeyd edir ki, ilk olaraq istixanaların sahibkarlıq subyekti kimi (fiziki və ya hüquqi şəxs) Vergilər Nazirliyində dövlət qeydiyyatından keçməsi təmin olunmalıdır: “Bu, ölkədə kölgə iqtisadiyyatının həcminin azalmasına, statistik göstəricilərin kənd təsərrüfatı məhsulu istehsalını daha real əks etdirməsinə imkan verərdi. Eyni zamanda kredit alan zaman qoyulacaq girov problemi həll olunduğundan daha böyük məbləğli və aşağı faizli kreditlərə çıxış imkanları artar, təsərrüfatların böyüməsi üçün lazım olan maliyyə problemi aradan qalxar. Təbii ki, mövsümi işlərə cəlb olunan işçilərlə əmək müqavilələrinin bağlanması, onların əmək haqlarının rəsmiləşdirilməsi büdcəyə və Dövlət Sosial Müdafiə Fonduna ödənilən vəsaitlərin də artmasına gətirib çıxarar.

Bütövlükdə kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olan sahibkarlıq subyektlərinin, o cümlədən istixana təsərrüfatlarının qaz, suvarma suyu və elektrik enerjisi ilə təmin olunması (texniki şərtlərin alınması) xərclərinin ya dövlət tərəfindən ödənilməsi təmin olunmalı, ya da Tarif (Qiymət) Şurası texniki şərtlərin alınması üçün konkret tariflər müəyyən etməlidir.

Bu addımlar reallaşarsa, daha keyfiyyətli və ucuz kənd təsərrüfatı məhsulu istehsalı üçün geniş imkanlar yaranar. Bunun üçün bir çox qanunvericilik aktına müvafiq əlavə və dəyişikliklər olunmalıdır.

Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditlərindən istixana təsərrüfatlarının faydalanması, bu tip təsərrüfatların çox olduğu Bakı ətrafı kəndlərdə, Tovuz və Şəmkir rayonlarında maarifləndirmə işlərinin gücləndirilməsi vacibdir. Bu, hazırda təsərrüfatının inkişafı, böyüdülməsi üçün kredit vəsaiti ala bilməyən kiçik istixanaların problemini həll edərdi.

Kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olan fermerlərə, o cümlədən istixanalara sığorta sahəsində dövlət dəstəyinin verilməsi, mövcud sığorta mexanizminin işlək hala gətirilməsi üçün müvafiq addımlar atılmalı, qanunvericilik dəyişiklikləri həyata keçirilməlidir.

Qaz, su, elektrik üçün texniki şərtlərin verilməsi qaydaları müvafiq qurumların daxili əmrləri ilə deyil, Nazirlər Kabinetinin qərarları ilə tənzimlənməlidir.

İstixana şəraitində mal məhsul istehsal edən sahibkarların su, qaz, elektrik enerjisi ilə fasiləsiz, davamlı olaraq təmin olunması həmin xidmətləri həyata keçirən şirkətlərlə bağlanan müqavilələrdə əksini tapmalıdır ki, şərtlər birtərəfli deyil, hər iki tərəfin marağına uyğun formada təsbit edilsin. 

İstixana şəraitində yetişdirilən məhsulun istehlaka yararlılığını təsdiq edən sənəd Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Nəzarət Toksikologiya Laboratoriyası tərəfindən birbaşa təsərrüfatdan götürülmüş nümunələr analiz edildikdən sonra yerindəcə verilməlidir. Bu halda birbaşa təsərrüfatdan yerli və xarici bazarlara mal göndərən və tədarükçülərə məhsul təklif edən istehsalçının işi asanlaşar”.