SAHİBKARLIĞA VƏ BAZAR İQTİSADİYYATININ İNKİŞAFINA YARDIM FONDU

  
Bu gün: 17 Noyabr 2018, Şənbə
Enerjidə sənəd labirinti
Şirkətin şirkəti
Bəkir Nərimanoğlu - mediaforum.az
03 noyabr 2014. Yeni müəssisə qurmaq və ya qurulu müəssisəni daim dəyişən şərtlər altında uğura yönəltmək fərdi investorlar üçün çox çətindir. Kiçik müəssisələrin bu çətinlikləri aradan qaldırmaları (xüsusən böyük müəssisələrin yaratdığı imkanlardan istifadə edərkən) daha asan olur.

Statistikaya görə, öz imkanları ilə işini davam etdirməyə çalışan bir milyonçunun ilk 5 ildə müvəffəqiyyət şansı 35 faiz səviyyəsində olur, françayzinq sisteminin içində yer alan bir müəssisənin həmin dövr ərzində uğurlu olma ehtimalı isə 95 faizə bərabərdir.

Bu nisbətlər arasındakı fərq iş adamlarının gözündə françayzinq sistemlərini daha cazibədar hala gətirir.

Françayzinq sistemi sahibkarlıq subyektlərinə qarşılıqlı razılaşma yolu ilə fəaliyyətlərini daha da genişləndirmək imkanı verir. Sistemində əsasən iri və kiçik sahibkarlıq subyektlərindən ibarət iki tərəf iştirak edir. Tərəflərdən biri istehsal və ya təqdim etdiyi mal və xidmətlərdən onların satışını təşkil etmək yolu ilə digər tərəfin də yararlanmasını təmin edir. Öz biznesinin bir hissəsini digər sahibkarlara verənlər françayzer, başqasının biznesində iştirak edən tərəf isə françayzi adlandırılır. Belə bir sistemin tətbiqinin hər iki tərəf üçün böyük faydaları var. Təqdim olunan mal və xidmətlərin satışının daha asan həyata keçirilməsi və bu zaman risk səviyyəsinin aşağı olması françayzerlər üçün ən başlıca faydalardır.

İqtisadi Tədqiqatlar Mərkəzinin USAİD-in maliyyə dəstəyi ilə həyata keçirdiyi tədqiqatda qeyd edilir ki, françayzinqin ölkə iqtisadiyyatına faydası dövriyyədəki vəsaitlərin daha effektiv istifadəsidir. Bunun ictimai məhsulun məcmusu, milli gəlirin kəmiyyətinə müsbət təsirini qeyd etmək olar.

Françayzinq şirkətlərin brendləşdirilməsində və biznesinin genişləndirilməsində alternativ bir model kimi çox maraqlıdır. Bu sistem keyfiyyəti ilə bazarda tanınmış firmalara satış məntəqəsi olmayan yerlərdə icarə və işçi qüvvəsi kimi əsas xərclər olmadan satışlarını artırmaq imkanı verir.

Bunlarla yanaşı mikroiqtisadiyyatda önəmli ünsürlərdən olan sahibkarlara françayzinqin bu faydalarını qeyd etmək olar: uğurlu biznes təcrübəsi, yeni biznes ideya, peşəkar kadrlar, beynəlxalq əlaqələr.

Azərbaycanda françayzinq

Françayzinq Azərbaycanda yeni anlayış olduğu üçün onun haqqında məlumat azdır. İqtisadçı ekspert Elnur İslamov deyir ki, françayzinq haqqında qanun, onun hüquqi tənzimlənməsi haqqında normativ hüquqi aktlar hələ yoxdur: "Françayzinq əqli mülkiyyətlə əlaqəli olduqda ona əqli mülkiyyət və əlaqəli hüquqlar haqqında qanun, habelə patent haqqında qanun, malların yayılması olduqda ticarət nümayəndəliyi və konsessiya (güzəşt) haqqında Mülki Məcəllənin müddəaları, əgər françayz alan başqa xidmətlərin göstərilməsini (alğı-satqı, podrat, əmlak kirayəsi və s.) öhdəsinə götürürsə, onda Mülki Məcəllənin həmin münasibətləri tənzimləyən müddəaları tətbiq olunur. Hazırda Azərbaycanda "Coca-Cola", "Pepsi" şirkətləri, "Holiday İnn", "Hyatt Regency" mehmanxanaları, "McDonald's", "Pizza Hut" restoranları françayzinq müqaviləsi əsasında fəaliyyət göstərirlər. Françayzinq müqaviləsi əsasında fəaliyyət göstərmək hər hansı sahə üzrə iş qurmaqdan daha sərfəli olduğuna görə bu sahə çox böyük sürətlə inkişaf edir. Françayzinqdə hamının tanıdığı, yenidən reklama ehtiyacı olmayan məhsul istehsal olunur və yaxud satılır. Françayz verən françayz alanın gəlir götürməsində maraqlıdır. Belə ki, onun gəliri françayz verənin də gəliri deməkdir. Buna görə də o, françayz alana kömək göstərir, açılışa yardım edir, işçilər üçün ixtisasartırma kursları təşkil edir, işin gedişinə nəzarət edir və françayz alanı yeni françayz sisteminin tərkib hissələri ilə tanış edir. Bundan başqa françayz verən müəyyən ərazidə françayz alana öz məhsullarının satışında və istehsalında inhisar hüququ verir (konsessiya müqaviləsində olduğu kimi)".

Elnur İslamov deyir ki, Azərbaycanda ilk françayzinq şirkəti 1996-cı ildə bazarına daxil olmuş "Coca-Cola Co. Ltd."dir: "Alkoqolsuz içkilər sahəsində fəaliyyət göstərən bu şirkət Azərbaycanın tələbatını ödəyib, hətta Gürcüstana, Orta Asiya ölkələrinə ixrac həyata keçirib. Bir il sonra Azərbaycan bazarına geniş françayzinq şəbəkəsinə malik olan "Pepsi Co. Ltd." daxil olur. 1999-cu ildə dünyanın ən böyük françayzinq şəbəkəsinə malik olan "Mc Donald's" Azərbaycan bazarında fəaliyyətə başlayır. Sürətli qidalanma sahəsində fəaliyyət göstərən müəssisənin, yəni "Mc Donalds" restoranları şəbəkəsinin françizinin alınmasına 20 milyon dollara yaxın maliyyə vəsaiti sərf edilib. Bu kimi investisiyalardan sonra artıq "Days Inn", "Ramstore" və sair kimi françayzerlər Azərbaycanda yeni filiallarının açılmasına icazə verdi. Son illərdə "Orifelym", "Kodak", "Foto Fuji" və sair kimi geniş françayzinq sisteminə malik olan şirkətlər Azərbaycan bazarında fəaliyyət göstərirlər.

Azərbaycanın françiza verən şirkətləri də mövcuddur. 1998-ci ildən telekommunikasiya sahəsində fəaliyyətə başlayan "Telefon" pərakəndə satış şəbəkəsinin Gürcüstanın Marneuli, Kutaisi, Gürcaani və Telavi şəhərlərində "TELEFON" loqosu altında françayzinq satış nöqtələri açılıb".

Necə inkişaf etdirməli?

Elnur İslamov deyir ki, bu sahəni inkişaf etdirmək uçun sahibkarlıq fəaliyyəti ilə birbaşa əlaqəli sənədlərə (Mülki Məcəllə, Vergilər, Gömrük məcəllələri, aidiyyəti hökümətlərarası müqavilələr və s.) françayzinqlə bağlı müəyyən hüquqi tənzimləyici müddəaların əlavə olunmalı, françayzinq haqqında qanun qəbul edilməlidir: "Bundan başqa françayzinq ittifaqları, assosiasiyaları və fondları yaradılmalıdır. Azərbaycan Françayzinq Assosiasiyasının fəaliyyətində passivlik müşahidə olunur. Françayzinq üzrə əhalinin maarifləndirilməsi üçün tədbirlər işlənib hazırlanmalıdır.

Xarici partnyorlarla françayzinq birlikləri ilə sərgi, forum və konfransların və beynəlxalq ticarət əlaqələrinin inkişaf etdirilməsi ilə bağlı tədbirlərin təşkili məqsədəuyğundur.

Ölkələrarası beynəlxalq ticarət dövriyyəsinin artırılması məqsədi ilə françayzinqlə bağlı biznes layihələrin maliyyələşdirilməsi və güzəştli kredit xətlərinin açılması mümkündür. Bir sıra ölkələrdə belə təcrübə mövcuddur".