SAHİBKARLIĞA VƏ BAZAR İQTİSADİYYATININ İNKİŞAFINA YARDIM FONDU

  
Bu gün: 16 Noyabr 2018, Cümə
media
Rəqabətsizlik
Bəkir Nərimanoğlu - mediaforum.az
12 dekabr 2014. Əgər hökumət iqtisadiyyatı liberallaşdırmaq yolu tutubsa, ədalətli rəqabət mühitini də təmin etməlidir. Bəlli olduğu kimi, Azərbaycanda malların və xidmətlərin böyük əksəriyyətinin qiyməti liberallaşdırılıb, qiymət bazarda formalaşır. Bazarda qiymətlərin real müəyyənləşdirilməsi və süni qiymət artımının qarşısının alınması üçün mütləq rəqabət olmalıdır. Bunu isə göstərişlə və ya inzibati metodla etmək mümkün deyil; rəqabət iqtisadi kateqoriyadır və onun olması üçün iqtisadi qanunlar işləməlidir.

Rəqabət indeksindəki yerimiz

Dünya İqtisadi Forumunun bu il sentyabrın 3-də açıqladığı Qlobal Rəqabətlilik Hesabatında Azərbaycan 144 dövlət arasında 38-ci yeri tutub, MDB məkanında ən yüksək nəticə göstərib. 7 mümkün xaldan 4,53 xal toplayan Azərbaycan ötən illə müqayisədə 1 pillə irəliləyib.

İqtisadi Tədqiqatlar Mərkəzinin ekspertləri hesab edirlər ki, Azərbaycanın qlobal rəqabətlilik reytinqində daha çox irəliləmək imkanı var. Bunun üçün kompleks islahatlar davam etdirilməli, sahibkarların işi asanlaşdırılmalıdır. İnzibati baryerlər və korrupsiyanın qarşısı alınmalıdr. Əks halda bir çox islahat şou xarakteri daşıyıb kağız üzərində qalacaq. Azərbaycanın Qlobal Rəqabətlilik Hesabatında mövqeyi dəfələrlə yaxşı ola bilər. Özəl biznesdə imkanlar və potensial həddən artıq çoxdur. Süni maneələr aradan qaldırılsa, çox böyük və hərtərəfli inkişaf mümkündür.

Qlobal Rəqabətlilik İndeksində Azərbaycan 2012-ci ildə 144 dövlət arasında 46-cı, 2011-ci ildə 142 ölkə arasında 55-ci yerdə olmuşdu.

Rəqabət Məcəlləsindən nə xəbər?

Ekspertlərin ortaq qənaəti budur ki, rəqabət mühitini təmin etmək üçün ilk növbədə təkmil qanunvericilik bazası olmalıdır. Ancaq illərdir ki, Rəqabət Məcəlləsi qəbul edilmir. Dövlət başçısı Milli Məclisə məcəlləni hələ 2006-cı ildə təqdim edib və layihə ikinci oxunuşdan da keçib. Amma sonradan layihə Milli Məclisin gündəliyindən çıxarılıb. Milli Məclisin deputatı Əli Məsimli deyir ki, məcəllə son illər parlamentin bütün sessiyalarının iş planlarında olub, amma 2014-cü ilin payız sessiyasının planına salınmayıb: "Rəqabət Məcəlləsi niyə qəbul edilmir? Bunu biz də Milli Məclisdə tez-tez soruşuruq. Yəqin səbəb maraqların toqquşması ilə bağlıdır".

Milli Məclisdə Rəqabət Məcəlləsi layihəsinin təkmilləşdirilməsi üzrə ictimai komissiyanın üzvü, hüquqşünas Eldar Qocayev bildirir ki, layihənin təkmilləşdirilməsi üzrə xeyli təklif hazırlanıb və parlamentin müvafiq komitələrinə verilib. Eldar Qocayevin sözlərinə görə, təkliflər əsasən bu məsələləri əhatə edir: təsərrüfat subyektlərinin hökmran mövqeyinin və ondan sui-istifadənin müəyyənləşdirilməsi, o cümlədən bu subyektlərin birləşməsi ilə bağlı şərtlər; haqsız rəqabət hallarının dəqiqləşdirilməsi; təbii inhisarların tənzimlənməsi ilə əlaqədar qaydaların rəqabət qanunvericiliyindən ayrılması və bu sahənin tənzimlənməsinin institusional təkmilləşdirilməsi; maliyyə sanksiyalarının tətbiqində vahid hesablamanın tətbiqi; rəqabət orqanının monitorinq və yoxlamalar keçirməsi üçün əsasların dəqiqləşdirilməsi; rəqabət orqanı əməkdaşları üçün nəzərdə tutulmuş və dövlət qulluqçusu statusu ilə uyğun gəlməyən xüsusi sosial imtiyazların ləğvi; rəqabət orqanının müstəqilliyi, qərəzsizliyi və səmərəliliyi üçün köklü struktur dəyişikliyi; dövlət və bələdiyyə satınalmaları və yardımları zamanı ədalətli rəqabət şəraitinin təmin edilməsi.

Ədalətli rəqabət nəyi dəyişəcək?

İqtisadçı ekspert Qubad İbadoğlu bildirir ki, sağlam rəqabət mühitinin yaranması üçün hökumətin rəqabəti dəstəkləməsi, ilk növbədə bazara giriş baryerlərinin aradan qaldırması çox vacibdir: "Bunun üçün ilk növbədə müasir tələblərə, beynəlxalq standartlara cavab verən Rəqabət Məcəlləsi qəbul edilməli və müstəqil rəqabət institutu yaradılmalıdır. Bundan sonra da bazarda hökmran mövqedə olan şirkətlərin rəqabət qanunları əsasında tənzimlənməsi vacibdir. Əgər bu baryerləri aşa bilib iqtisadiyyatda sağlam rəqabət şərtləri ilə əlverişli biznes mühiti yaratsaq, ondan ilk növbədə qazanan istehlakçılar və dövlət büdcəsi olacaq. İstehlakçıların uduşu aldıqları mal və xidmətlərin keyfiyyəti və qiymətində olacaq. Keyfiyyətli məhsulların qiymətinin də kəskin azalmasını şərtləndirən bu mühitdə rəqabətə davam gətirən azad sahibkarların büdcəyə ödənişləri çoxala bilər".

Ekspertin dediyinə görə, hesablamalar göstərir ki, sağlam və şəffaf rəqabət əsasında ölkəyə gətirilən malların, xüsusilə də ərazi məhsullarının qiyməti quruluşundan və coğrafiyasından asılı olaraq 1,3-1,5 dəfə ucuzlaşa bilər: "Sağlam rəqabət dövlət büdcəsinin gəlirlərinin şaxələnməsinə də mühüm töhfə verə bilər. Bu həm də bizə imkan verə bilər ki, beynəlxalq bazarlara daha geniş çeşiddə mal çıxaraq".

Ümumi yanaşma ondan ibarətdir ki, ədalətli rəqabət mühitini təmin etmək üçün ilk növbədə qanunvericilik qəbul edilməli və bundan da vacibi – qərarların icrası təmin olunmalıdır.

Dünya Ticarət Təşkilatına üzvlük nəyi dəyişə bilər?

Dünya Ticarət Təşkilatı məsələləri üzrə ekspert Elxan Mikayılov deyir ki, Azərbaycanda yüksək inhisarçılıq idxalda da, daxili bazarda da özünü açıq göstərir və bundan istehlakçılar və xırda istehsalçılar əziyyət çəkir: "Gömrük qeydiyyatından yayınan mallar milli bazara daxil olduqca qeyri-sağlam rəqabət mühiti formalaşır. Azərbaycanın Dünya Ticarət Təşkilatına üzvlüyünün bu vəziyyəti müsbət istiqamətə dəyişəcəyi şübhə doğurmur. Üzvlüyün Azərbaycana əsas təsirlərindən biri idxalın artması nəticəsində daxili bazarda mal və xidmət təklif edənlərin sayının, nəticədə həm də rəqabətin artmasıdır. Lakin rəqabətin artması hələ rəqabət mühitinin formalaşması demək deyil".

Elxan Mikayılov qeyd edir ki, Dünya Ticarət Təşkilatına üzvlük rəqabət mühitinin yaranmasına bir neçə faktor vasitəsilə təsir edəcək: "Qanunvericilik təkmilləşəcək, məhkəmə sistemi və bazar metodları ilə tənzimləmənin keyfiyyəti artacaq, korrupsiya, bürokratik əngəllər azalacaq, tənzimləmənin şəffaflığı və mülkiyyət hüquqları qorunacaq, idxalın artması nəticəsində geniş çeşidli, keyfiyyətli və ucuz məhsullar bazarda geniş yayılacaq.

Fikirlər səslənir ki, idxalın artması, ucuz və keyfiyyətli məhsulların çoxalması yerli istehsalçıları bazardan sıxışdıra bilər. Lakin üstünlüklər təhlükələrdən çoxdur. Xüsusilə biznes xərclərinin azalması, ölkəyə ucuz qiymətə yeni texnologiyaların gətirilməsi yerli sahibkarların xərclərə qənaət hesabına yeni texnologiyalar əldə etməsinə, bazara daha ucuz və keyfiyyətli məhsullar çıxarmasına səbəb olacaq ki, bütün bunlar da nəticədə rəqabəti artıracaq.

Rəqabətə tab gətirmələri üçün yerli sahibkarların görəcəyi əsas iş ixtiyarlarında olan insan resurslarının bilik və bacarıqlarını artırmaq, onların yeni texnologiyaları və istehsal metodlarını idarə edə bilməsinə nail olmaqdır. Bazarda məhsul və xidmət təklif edənlərin sayının artması inhisarçılığın azalmasına gətirib çıxaracaq. Bu özünü daha çox idxaldakı inhisarçılığın zəifləməsində göstərəcək. Dünya Ticarət Təşkilatına üzvlükdən sonra hansısa ölkədən gələn malın idxalına əsassız maneə yaradılanda həmin ölkənin hökuməti Azərbaycan hökuməti ilə problemin aradan qaldırılması üçün danışıqlar aparacaq. Bu da nəticə vermədikdə həmin xarici dövlət Dünya Ticarət Təşkilatının mübahisələrin həll edilməsi qurumuna müraciət edəcək. Bu qurum Azərbaycan hökumətini problemin aradan qaldırılmasına məcbur edəcək, əks halda üzvlük məsələsinə yenidən baxıla bilər".