SAHİBKARLIĞA VƏ BAZAR İQTİSADİYYATININ İNKİŞAFINA YARDIM FONDU

  
Bu gün: 17 Noyabr 2018, Şənbə
*art_name1
Rəqabət yollarında
Bəkir Nərimanoğlu - Mediaforum.az
28 yanvar 2014.Ədalətli rəqabət liberal iqtisadiyyat üçün ən vacib şərtdir. Bəlli olduğu kimi, Azərbaycanda malların və xidmətlərin böyük əksəriyyətinin qiyməti liberallaşdırılıb, qiyməti bazar müəyyənləşdirir. Bazarda qiymətlərin gerçək müəyyənləşdirilməsi və süni qiymət artımının qarşısını almaq üçün mütləq rəqabət olmalıdır. Bunu isə müvafiq göstərişlərlə və ya inzibati metodlarla yaratmaq mümkün deyil; rəqabət iqtisadi kateqoriyadır və onun işləməsi üçün iqtisadi qanunlara ehtiyac var.

Rəqabət mühitinə ciddi təsir göstərən kəsimlərin başında sahibkarlar gəlir. Müxtəlif beynəlxalq hesabatlar, sahibkarlar arasında aparılan sorğular göstərir ki, hələlik rəqabət mühiti yoxdur. Kiçik və Orta Müəssisələrin İnkişafına Yardım Mərkəzi 2013-cü ildə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin dəstəklədiyi layihə çərçivəsində 1000 kiçik sahibkar arasında sorğu aparıb. Sorğu zamanı sahibkarlara "Siz işlədiyiniz iqtisadiyyat sektorunda rəqabət şərtlərini necə qiymətləndirirsiniz" sualı ilə də müraciət edilib.

Sorğuda iştirak etmiş bütün respondentlərin (1000 respondent) yalnız 19,3 faizi və ya 193 respondent rəqabət şərtlərini ədalətli sayıb. 49,4 faiz və ya 494 respondent rəqabət şərtlərinin qismən ədalətli olduğunu, 19,9 faiz və ya 199 respondent rəqabət şəraitinin qismən ədalətsiz, daha 3,9 faiz və ya 39 respondent isə tam ədalətsiz olduğunu vurğulayıb.

Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun rəhbəri Sabit Bağırov deyir ki, rəqabət mühiti sahibkarlıq subyektinin ölçüsündən də asılıdır: "Kiçik sahibkarlıq sahəsində vəziyyət pis deyil, orta və iri sahibkarlıq sahəsində isə rəqabət şəraiti arzu olunandan xeyli uzaqdır. Orta və iri sahibkarlıq sahəsində inhisarçılıq çox güclüdür. Burada mövcud bazara daxil olma, bu bazarda yer tutma bir çox hallarda mümkünsüzdür. Bunun acı nəticələri həm ümumən sahibkarlığın inkişafının ləngidilməsində, sahibkarlıq təşəbbüslərin zəifləməsində, sahibkar olmaq həvəsinin məhv edilməsində, həm də istehlakçıların maraqlarının pozulmasında özünü büruzə verir".

Beynəlxalq hesabatda yerimiz

Azərbaycan Dünya İqtisadi Forumunun keçən ilin sentyabr ayında açıqlanan Qlobal Rəqabətlilik İndeksində 148 ölkə arasında 39-cu yeri tutdu. Bu siyahı ictimaiyyətə açıq olan məlumatlar və iş adamları arasında keçirilən rəy sorğusu əsasında hazırlanır.

Toplanan məlumatlar 12 kateqoriya üzrə analiz olunur: institutlaşma, infrastruktur, makroiqtisadi vəziyyət, səhiyyə və orta təhsil, ali təhsil və peşə hazırlığı, əmtəə bazarının effektivliyi, əmək bazarının effektivliyi, maliyyə bazarının inkişafı, texnoloji hazırlıq, bazarın genişliyi, biznesin dərinliyi, innovasiyalar. Bütün 12 kateqoriya üzrə toplanan göstəricilər 3 əsas tələb qrupunda birləşdirilir. Baza tələbləri, effektivlik göstəriciləri və innovativ faktorlar üzrə göstəricilər 1-7 ballıq şkala ilə qiymətləndirilir.

Azərbaycan bu hesabatda baza tələbləri üzrə 4,9 bal, effektivlik üzrə 4,1 bal, innovasiyalar üzrə ancaq 3,7 bal toplayıb. Ümumi orta bal 4,5 olub. Bu, öncəki ilin göstəricisindən 0,1 bal yaxşıdır. İndeksdə artan 0,1 bal Azərbaycanı siyahıda 7 pillə qabağa atıb.

Qlobal Rəqabətlilik İndeksində Azərbaycan 2012-ci ildə 144 dövlət arasında 46-cı, 2011-ci ildə 142 ölkə arasında 55-ci yerdə olub. Bu nəticələri şərh edən Sabit Bağırov deyir ki, "Azərbaycanın əldə etdiyi nəticə pis deyil, lakin Qlobal Rəqabətlilik İndeksi başqa məna daşıyır və ölkələrdəki rəqabət şəraiti ilə bağlılığı yoxdur.

Bəxtsiz məcəllənin bəxti açılır?

Dövlət başçısı Rəqabət Məcəlləsini Milli Məclisə hələ 2006-cı ildə təqdim edib və layihə 2 oxunuşdan keçib. Sonradan layihə Milli Məclisin gündəliyindən çıxarılıb. Milli Məclisin deputatı Əli Məsimli bildirir ki, Rəqabət Məcəlləsinin layihəsi 2014-cü ilin yaz sessiyasının qanunvericilik işlərinin planına salınıb.

Milli Məclisdə Rəqabət Məcəlləsi layihəsinin təkmilləşdirilməsi üzrə ictimai komissiyanın üzvü, hüquqşünas Eldar Qocayev bildirib ki, mövcud layihənin təkmilləşdirilməsi üzrə xeyli təklif hazırlanıb və Milli Məclisin müvafiq komitələrinə təqdim edilib: "Haqsız rəqabət hallarının və davranışlarının dəqiqləşdirilməsi, təbii inhisarların tənzimlənməsi ilə əlaqədar qanunvericiliyin rəqabət qanunvericiliyindən ayrılması və bu sahənin tənzimlənməsinin institusional təkmilləşdirilməsi, maliyyə sanksiyalarının tətbiqində vahid hesablamanın tətbiqi, rəqabət orqanının monitorinq və yoxlamalar keçirilməsi üçün əsasların dəqiqləşdirilməsi, rəqabət orqanının müstəqilliyi, qərəzsizliyi və səmərəliliyi üçün köklü struktur dəyişikliyi ilə bağlı tövsiyələr hazırlanıb".

Rəqabət Məcəlləsi Azərbaycanda azad sahibkarlığın və investisiya mühitinin inkişafına öz töhfəsini verərdi. Korrupsiya və inhisarçılığa qarşı mübarizə də Rəqabət Məcəlləsinə ehtiyacı artırır. Düzdür, Azərbaycanda anti-inhisar fəaliyyəti haqda qanun var. Anti-inhisar fəaliyyəti müxtəlif istiqamətlərdə 3 qanunla tənzimlənir. Lakin bu qanunla ölkədə rəqabət mühiti formalaşdırmaq üçün yetərli deyil. Təbii ki, Rəqabət Məcəlləsini qəbul etməklə iş bitmir. Ekspertlərə görə, ən mükəmməl rəqabət qanununun qəbulu ilə belə monopoliyaların aradan qaldırılmasına ümid etmək sadəlövhlük olardı. Bu, uzun bir prosesdir və ciddi institusional dəyişiklikləri nəzərdə tutur.

DTT-yə üzvlük nə verə bilər?

Dünya Ticarət Təşkilatı məsələləri üzrə ekspert Elxan Mikayılov deyir ki, yüksək inhisarçılıq həm idxalda, həm də daxili bazarda özünü açıq şəkildə göstərir və bundan istehlakçılar və xırda istehsalçılar əziyyət çəkir: "Gömrük qeydiyyatından yayınan mallar milli bazara daxil olduqca qeyri-sağlam rəqabət mühiti formalaşır. DTT-yə üzvlüyün bu vəziyyəti müsbət istiqamətində dəyişəcəyi şübhə doğurmur. Üzvlüyün Azərbaycana əsas təsirlərindən biri idxalın artması nəticəsində daxili bazarda mal və xidmət təklif edənlərin sayının və nəticədə isə rəqabətin artmasıdır. Lakin rəqabətin artması hələ rəqabət mühitinin formalaşması demək deyil".

Elxan Mikayılov qeyd edir ki, DTT-yə üzvlük rəqabət mühitinin yaranmasına bir neçə faktor vasitəsilə təsir edəcək: "Təkmil qanunvericilik, məhkəmə sisteminin və bazar metodları ilə tənzimləmənin keyfiyyətinin yüksəldilməsi, korrupsiya hallarının azalması və məmurların bürokratik əngəllərinin azaldılması, tənzimləmənin şəffaflığı və mülkiyyət hüquqlarının qorunması, idxalın artması nəticəsində geniş çeşidli, keyfiyyətli və ucuz qiymətli məhsulların bazarda geniş yayılması...

Cəmiyyətdə belə fikirlər səslənir ki, idxalın artması və ucuz və keyfiyyətli məhsulların çoxalması yerli istehsalçıları bazardan sıxışdıracaq. Lakin üstünlüklər, xüsusilə də biznes xərclərin azalması, ölkəyə ucuz yeni texnologiyaların gətirilməsi yerli sahibkarların xərclərə qənaət hesabına yeni texnologiyalar əldə etməsinə, bazara daha ucuz və keyfiyyətli məhsullar çıxarmasına və rəqabət qabiliyyətinin artmasına səbəb olacaq.

Rəqabətə tab gətirmələri üçün yerli sahibkarların görəcəyi əsas işlər malik olduqları insan resurslarının bilik və bacarıqlarının artırılması və onların yeni texnologiyaları və istehsal metodlarını idarə etməsinə nail olmasıdır. Bazarda məhsul və xidmət təklif edənlərin sayının artması inhisarçılığın azalmasına gətirib çıxaracaq. Çünki bu onların bazara təsiri imkanlarının azalmasına səbəb olacaq. İdxalda mövcud olan inhisarçılıq isə daha çox aradan qaldırılmış olacaq. DTT-yə üzvlükdən sonra hər hansı bir ölkədən gələn malın idxalına əsassız maneə yaradılarsa, həmin ölkənin hökuməti Azərbaycan hökuməti ilə problemin aradan qaldırılması ilə bağlı danışıqlar aparacaq. Bu da nəticə vermədikdə həmin xarici dövlət DTT-nin mübahisələrin həll edilməsi qurumuna müraciət edəcək. Bu qurum isə Azərbaycanı mövcud problemin aradan qaldırılmasına məcbur edəcək, əks halda üzvlük məsələsinə yenidən baxıla bilər".